Yaxın Şərqdə böyük müharibənin başlaması ehtimalı sürətlə artır
06 sentyabr 2011 17:00 (UTC +04:00)

Yaxın Şərqdə böyük müharibənin başlaması ehtimalı sürətlə artır

Sentyabrın 5-də Təl-Əvivdə Milli Təhlükəsizlik Tədqiqatları İnstitutunda çıxış edən İsrail ordusunun Arxa Cəbhə Xidmətinin komandiri general-mayor Eyal Eyzenberq Yaxın Şərqdə böyük müharibənin başlaması ehtimalının çox sürətlə artdığını vurğulayıb. Lent.az-ın “Haarets” qəzetinə istinadən verdiyi məlumata görə, Eyal Eyzenberq bu müharibədə kütləvi qırğın silahlarının tətbiq olunacağını proqnozlaşdırır.


O xəbərdarlıq edib ki, “Ərəb Baharı” “Radikal İslam Qışı”na çevrilə bilər. Söhbət ərəb ölkələrində hakimiyyətlərin devrilməsindən gedir. İsraildə mülki əhalinin təhlükəsizliyinə cavabdeh olan general-mayor kəşfiyyat məlumatlarına əsasən, fələstinli silahlı qruplaşmaların yeni silah növləri əldə etdiyini və həmin raketlərdən qorunmaq üçün ikiqatlı müdafiə sistemlərindən istifadə etmək lazım olduğunu vurğulayıb.


Eyal Eyzenberq Türkiyə ilə münasibətlərin pisləşməsinin də Yaxın Şərqdə müharibə ehtimalını artırdığını vurğulayıb. Onun sözlərinə görə, Livanda “Hizbullah” Hərəkatının da mövqeyi güclənir: “Hizbullah” artıq bu ölkədə hökumətdə mövqeyini gücləndirir və İsrailə qarşı düşmənçiliyi də dəyişməyib. Digər tərəfdən, İran da nüvə silahı yaratmaqla bağlı proqramdan imtina etməyib, bütün gücü ilə nüvə proqramını inkişaf etdirir. Üstəgəl, Misir ordusu Sinay yarımadasında nəzarəti itirir və İsraillə sərhəd bu bölgə islam terrorçularının nəzarəti altına düşür”.


Eyal Eyzenberqin bu çıxışı Müdafiə Nazirliyi və Nazirlər Kabineti tərəfindən təpgi ilə qarşılanıb. Müdafiə Nazirliyinin hərbi-siyasi departamentinin rəhbəri Amos Qilad böyük müharibə təhlükəsinin hələ olmadığını söyləyib. Nazirlər Kabinetinin sözçüsü isə İsrail ordusunun Arxa Cəbhə Xidmətinin komandirinin məxfi məsələləri açıqlamaqda günahlandırıb: “Biz bilmirik ki, general məxfi kəşfiyyat məlumatlarını açıqlamaqla nəyə nail olmaq istəyir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 578

Oxşar yazılar