Türkiyə İsraillə bağlı qərarını verdi
02 sentyabr 2011 15:04 (UTC +04:00)

Türkiyə İsraillə bağlı qərarını verdi

Türkiyə İsrail 2010-cu ilin mayında Mavi Mərmərə gəmisinə hücum və 9 türkün ölümü ilə bağlı üzür istəmədiyi üçün artıq hərəkətə keçib.

Lent.az-ın “Hürriyət” qəzetinə verdiyi məlumata görə, bu gün mətbuat konfransı keçirən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib ki, artıq bununla bağlı Türkiyə hökuməti müvafiq qərar qəbul edib.

Söhbət ilk növbədə iki ölkə arasında diplomatik münasibətlərin səfirliklərdə ikinci katib səviyyəsinə endirilməsindən gedir. Qərara əsasən, Türkiyənin İsraildəki səfiri, səfirin müavini geri çağırılacaq, İsrailin Türkiyədə səfiri və səfir müavini ölkədən çıxarılacaq.

Türkiyə və İsrail arasındakı hərbi anlaşmalar da dondurulub. Ankara Aralıq dənizində gəmilərin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görəcək. Türkiyə Qəzza sektorunun embarqosunu də qəbul etmir və bu məsələ ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edəcək. Eyni zamanda, Ankara gəmiyə hücum zamanı həlak olan 9 nəfərin ailə üzvlərinə beynəlxalq məhkəmələrə İsrail əleyhinə iddia təqdim etməklə bağlı köməklik göstərəcək.

Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu Ankaranın hədələrinə baxmayaraq, üzr istəmək niyyətində deyil. O, Mavi Mərmərə basqınında iştirak edən hərbçilərin mükafatlandırılacağını da vəd edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 590

Oxşar yazılar