İftara yığışanları tutmaq dindəndirmi?
27 avqust 2011 14:09 (UTC +04:00)

İftara yığışanları tutmaq dindəndirmi?

Ancaq bu hakimiyyətin aparıcı din xadimlərinin dedikləri və hərəkətləri İran İslam Respublikasındakı islamın durumunu daha dəqiq dəyərləndirməyə kömək edir.

Tanınmış ruhanilərdən biri, ayətullah Yusif Saneyi Ramazan ayı münasibətilə etdiyi çıxışında Həzrət Əlinin ədalətindən, ölkədə islam adı ilə vətəndaşlara qarşı edilən zülmdən danışıb. O,deyib ki, Həzrət Əli hamının hüququna hörmət edər, özünü heç kəsdən üstün tutmazdı: “Biz niyə əmir-əl-möminin (Həzrət Əli) ədalətini, onun insan hüquqları ilə bağlı normasını həyata keçirə bilmirik? Halbuki geniş təbliğat imkanlarımız var. Bu gün Həzrət Əlinin böyük ruhu və ədalətini dünyaya tanıtdırmaq əvəzinə islamın simasını elə eybəcərləşdirmişik ki, vəziyyət belə davam etsə, çox keçmədən insanlar, Allah eləməsin, qrup-qrup islamdan üz döndərəcəklər. Bizim insanlar problemlərin əsiridir. Niyə onlara əl tutmur, problemlərini həll etmirik? Niyə Həzrət Əli kimi hərəkət etmirik? Axı, əmir-əl-mömin hamının hüququna riayət edər, özünü heç kəsdən üstün tutmazdı.

Aman Tanrım, bu gün biz solğun və pəjmürdə bir cəmiyyətlə üz-üzə qalmışıq. Ey əmir-əl-mömin, bu gecə bizim fəryadımıza yet! İlahi, çətinliklərimiz çoxdur. Cəmiyyətimiz də problemlər içində üzür. İşsizlik, iqtisadi və maddi sıxıntılar, təhlükəli narkomaniya, fəsad, ictimai problemlər, məmləkətin və inqilabın ən yaxşı balalarının əsir düşərək zindanlara salınması və başqa problemlər bu qəbildəndir. Biz insanların hüququna qarşı çıxır, ona riayət etmirik. Biz nəinki insanların hüququna hörmət etmirik, hətta onlara qarşı zülmü qat-qat artırırıq. Lakin zalımlar və diktatorlar bilməli və əmin olmalıdırlar ki, həm diktatorluq gedəcək, həm də diktatorlar. Çünki xalqlar artıq oyanıb”.

Din xadimi İran hakimiyyətinin islamı eybəcərləşdirməsindən danışdığı halda iki gün öncə İslam Respublikası məhkəmə sisteminin keçmiş sədri ayətullah Seyid Mahmud Şahrudi parlamentin «İslam Oyanışı»fraksiyası mərkəzi komitəsi və rəyasət heyətinin üzvləri ilə görüşdə İrandakı islamın «əsl islam olduğundan» və bölgədəki inqilabların «İran inqilabından ruhlandığını» söyləyərək, Türkiyəyə qarşı çıxış edib: «Bölgədəki inqilabçı xalqların İran İslam Respublikası ilə əlaqələrindən düşmən qorxur. Buna görə də islam inqilabına rəqib olması üçün bölgədə liberal bir islam yaratdı. Düşmən bölgəyə Türkiyə timsalında belə bir islamı qəbul etdirməyə çalışır. Bu baxımdan da Türkiyə bölgə məsələlərində liberal baxışlı islam əsasında fəaliyyət göstərir».

Baş verənlər və İran hakimiyyətinin öz vətəndaşlarına ilə davranışı ayətullah Saneyinin dediklərini təsdiqləməkdədir. İki gün öncə Təbrizdə iftar süfrəsinə qatılan 30 azərbaycanlı fəal tutulub. ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları azərbaycanlı fəal Mustafa Əvəzpurun evində verilən iftara müdaxilə edərək, azı 30 fəalı həbs edib, bilinməz istiqamətə aparıblar.

Tutulanların hamısının kimliyi bilinməsə də, onların arasında adları aşağıda göstərilənlərin olduğu təsdiqlənib: Əziz Purvəli, Mustafa Əvəzpur, Cəmşid Zarei, Hüseyn Nəsiri, Əkbər Mühacir, Mürtəza Əvəzpur, Mürtəza Muradpur, Yasər Salmani Rzayi.

Qeyd edək ki, onların bəziləri artıq həbsdən azad edilib.

Onu da yada salmaq istərdik ki, bu, İran rəhbərliyinin ilk belə əməli deyil. Bir neçə il öncə ETTELAAT oxşar «əməliyyatı» Tehranda gerçəkləşdirmişdi.

Tehranın Nəvvab küçəsində Səyyad Məhəmmədian adlı bir güneylinin iftar süfrəsində həbs olunanların içində o vaxt həbsdə olan Abbas Lisaninin həyat yoldaşı Rüqiyyə Lisani və üç uşağı (Sevda, Atilla, Oqtay) da vardı. Onlardan başqa aşağıda adları göstərilənlər də tutulanlar arasında olmuşdu: Məhəmməd Abbaspur, Yusif Huşyar, Şahbaz İbrahimnejad, «Yaşmaq» jurnalının baş redaktoru Səid Muğanlı (o bir neçə ay öncə yenidən həbs olunub), çapına qadağa qoyulmuş «Dilmanc» jurnalının baş redaktoru Əlirza Sərrafi, «Ulus» tələbə qəzetinin baş redaktoru Hüseyn Heydəri, hüquq müdafiəçisi Həsən Rəhimi, şair və müəllim Mehdi Nəimi, «Varlıq» jurnalının yazarları Əkbər Azad və Həsən Raşedi, Fərhad Rzai, Rubab Əzimi, Səyyad Məhəmmədian, Abbas Nəimi, Əkrəm Nəccari və b.

Sədrəddin Soltan
# 408

Oxşar yazılar