İran XİN Amilinin dediklərini təkzib etdi
23 avqust 2011 12:22 (UTC +04:00)

İran XİN Amilinin dediklərini təkzib etdi

Lent.az-ın «news.am»-ın məlumatına əsasən, bu qurumdan bildirilib ki, terrorçu kürd təşkilatı PEJAK-ın Ermənistan ərazisində təlim keçməsi barədə deyilənlər gerçəkliyi əks etdirmir.

Nazirliyin mətbuat xidməti bu təkzibi Tehranda akkreditə olunan xarici ölkələrin səfirləri ilə keçirilən görüşdə bəyan edib.

Qurumun rəhbərliyi bildirib ki, kürd yaraqlılarının Ermənistan ərazisində təlim keçməsi «dezinformasiyadır və rəsmi olmayan mənbələrin məlumatlarına inanmaq düz deyil».

Xatırladaq ki, bir müddət öncə İranın ali rəhbəri ayətullah Xamneyinin Ərdəbildəki təmsilçisi höccətülislam Seyd Həsən Amili terrorçu PEJAK və PKK qruplaşmalarının təlim keçdiyi yerlə bağlı bunları bildirmişdi: «Bu qruplaşmaların ünsürləri Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində təlim keçir. Azərbaycan elə düşünür ki, Qarabağ erməninin əlindədir. Dağlıq Qarabağ hazırda ABŞ və sionist rejimin əlindədir. ABŞ və sionist rejim bu ünsürləri Dağlıq Qarabağda yetişdirir sonra isə İrana qarşı terror əməliyyatı törətməyə göndərir. PKK və PEJAK İranın bir çox vətəndaşını şəhid edib…»

Maraqlıdır, ali rəhbərin nümayəndəsi nə vaxtdan «rəsmi olmayan mənbə» sayılır. Çox güman ki, Amili Azərbaycana qarşı çıxışlarının «barıtını çox eləyir». Bu bəyanatdan belə çıxır ki, Tehran hakimiyyətinin rəhbərliyi Azərbaycana qarşı istənilən təbliğatı apara bilər. Höccətülislamın çıxışının bir ucunun Ermənistanı tutacağını, yəqin nə Xamneyinin təmsilçisi, nə də onun başbilənləri düşünməyiblər. Əks halda, bu çıxışı belə bəzəməzdilər.

Sədrəddin Soltan
# 418

Oxşar yazılar