Qəddafi hələ diz çökməyib
23 avqust 2011 10:17 (UTC +04:00)

Qəddafi hələ diz çökməyib

Liviyada qiyamçıların prezident Müəmmər Qəddafinin əsir götürdüklərini iddia etdikləri oğlu Seyf əl İslam Qəddafi avqustun 23-də axşam ortaya çıxıb. Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Seyf əl İslam Qəddafi axşam saatlarında paytaxt Tripolidə xarici jurnalistlərin qaldığı otelə gəlib.

Jurnalistlərin qarşısına çıxan Seyf əl İslam Qəddafi deyib ki, ailəsi Tripolidədir və döyüşməyi davam etdirəcək. Seyf əl İslam Qəddafi bildirib ki, atası sağdır və Tripolidədir. O, Tripolinin böyük hissəsinin hələ də atasına sadiq qüvvələrin nəzarətində olduğunu, NATO və qiyamçıların yalan məlumatlar yaymaqla ictimaiyyətini çaşdırmağa çalışdığını vurğulayıb. O, Liviya xalqının qiyamçıların və quldurların belini sındırdığını söyləyib. Seyf əl İslam daha sonra silahlı dəstənin müşayiəti ilə naməlum istiqamətdə hərəkət edib.

Bu arada Müəmmər Qəddafinin digər oğlu, qiyamçıların əsir götürdüyü iddia edilən Məhəmməd Qəddafinin də qaçdığı barədə xəbər yayılıb. NATO qırıcı təyyarələri gecə saat 12:00 radələrindən başlayaraq Müəmmər Qəddafinin Bab əl-Əziz məhəlləsindəki iqamətgahını bombalamağa başlayıb.

Qeyd edək ki, ötən sutka ərzində Tripolidən ziddiyyətli xəbərlər gəlməkdə davam edib. Gecə ərzində Müəmmər Qəddafiyə sadiq qüvvələr əks-hücuma keçiblər. Hökumət qüvvələri Misrata şəhərindən gələn silahlı dəstələrin mövqelərinə 3 ballistik raket atıblar. Raketlər Müəmmər Qəddafinin doğulduğu Sirt şəhərindən buraxılıb. Ancaq “Skad” raketləri hədəfə çatmayıb və dənizə düşüblər. Qiyamçılar isə hələ də Tripolinin 95 faizinin onların nəzarətində olduğunu iddia edirlər.
# 371

Oxşar yazılar