Tehran “ay-ulduz”a hücuma keçib
22 avqust 2011 10:37 (UTC +04:00)

Tehran “ay-ulduz”a hücuma keçib

0
Güney Azərbaycanın Sayınqala (indi Şaindej adlanır) şəhərinin «Şəhrdari» meydanında bələdiyyənin simvolu sayılan «ay-ulduz»a oxşar abidə ETTELAAT tərəfindən sökülüb.
Bu simvol Sayınqalanın girəcəyində 10 il öncə tikilmişdi. Ancaq hakimiyyət bunu «pantürkçülüyün» işartısi kimi qəbul etdiyinə görə, yerli bələdiyyəyə abidənin sökülməsi haqda tapşırıq verib.
Adının açıqlanmasını istəməyən yerli ETTELAAT-çı deyib ki, Qərbi Azərbaycan əyalətinin ETTELAAT idarəsinə gələn hakimiyyət məmurları, orada iclas keçirib və həmin tədbirdə «ay-ulduz heykəlinin sökülməsinə dair qərar qəbul edilib».
Nəzərə almaq lazımdır ki, həmin ulduz səkkiz guşəli olub. Tehran bunu türk dünyasının simvollarından saydığı üçün belə bir qərar verib.
Halbuki beş, altı, səkkiz guşəli ulduz ta qədimdən bütün mədəniyyətlərdə bu və ya başqa şəkildə öz əksini tapıb. Ən maraqlısı odur ki, İslam dini də o birilərlə yanaşı, səkkiz guşəli ulduzu da yasaqlamayıb.
Xatırladaq ki, ötən ilin sonunda «İran air» aviaşirkətinin qərargahının damında, Tehrandakı beynəlxalq hava limanının yaxınlığında İsrail dövlətinin simvolu sayılan Davud peyğəmbərin qalxanı təsvir edilmiş altıguşəli ulduz aşkarlanmışdı.

Bu xəbəri İran KİV də yaymışdı. Ölkə mətbuatının yazdığına görə, bu «ulduz» hələ 1979-cu il inqilabından öncə İsrail mütəxəssisləri tərəfindən quraşdırılıb.
«Ynet News» isə bunu dəyərləndirərək bildirmişdi: «İnqilabdan 32 il keçməsinə baxmayaraq, sionist ulduzunun binanı damından yığışdırılmaması təəccüblüdür».
Mənbənin məlumatına əsasən, bu ilk hadisə deyil. Bu yaxınlarda Tehrandakı mərkəzi meydanlardan olan «İnqilab»da İsrailin 6 ulduzlu yüzlərlə simvolu təsvir olunmuş çən çıxarılmışdı.
Onda İran KİV bunu qəzəblə qarşılayaraq, yazmışdı: «Şər simvolu strateji mərkəzdə», «İnqilab» meydanı sionist rejim tərəfindən işğal olunub».

Yeri gəlmişkən, 1979-cu il inqilabınadək Məhəmmədrza şah Pəhləvinin hakimiyyəti illərində İranla İsrail çox sıx münasibətdə olublar. 1960-cı ildən «əl-Al» təyyarələri Tehrandan Təl-Əvivin Ben-Qurion hava limanına uçurdu. Bundan başqa, o vaxt İsrail İran şahına neft qarşılığında silah satır, israilli mütəxəssislər iranlı həmkarlarına iqtisadiyyat, kənd təsərrüfatı və ticarət sahəsində təlimat verirdi və s. 1979-cu il inqilabından sonra «İsrailə ölüm!» şüarı İran hakimiyyətini siyasi-ideoloji kursunun təməllərindən biri oldu.

Ulduzların yığışdırması Tehran hakimiyyətinin dünya sivilizasiyasına savaş elan etməsinə oxşayır. Lap elə Taliban kimi. Bu terrorçu qrup Əfqanıstanda hakimiyyətdə olanda 2500 ildən çox yaşı olan tarixi abidəni yerlə-yeksan etmişdi.

Görünür, bu sayaq əməllərinə görə İran hakimiyyəti mahiyyətcə Talıbandan heç nə ilə geri qalmır.

Bir də, səkkizguşəli ulduza Tehranın bu dərəcədə nifrəti varsa, o zaman ordu başçılarının poqonlarındakı ulduzları niyə sökmürlər? Bu ölkədə ulduzlar əks olunmuş çox saylı mədəniyyət abidələri var. Yoxsa, bundan sonra İran rəhbərliyi həmin abidələrdəki ulduzların dağıdılmasına başlayacaq?

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 924

Oxşar yazılar