Raket sınağı, liman axtarışı...
11 iyul 2011 21:17 (UTC +04:00)

Raket sınağı, liman axtarışı...

Məlum olduğu kimi ötən həftə dünyanın ən iri dəniz nəqliyyatı şirkəti “Maersk line” İslam Respublikasının bir neçə limanından taxıl məhsullarını daşımağı dayandırdığını bildirib. Şirkətin yaydığı bəyanatda o da vurğulanıb ki, bu sayaq məhsullar ABŞ-ın İrana qarşı yeni sanksiyalar siyahısına düşüb. Ona görə də yaxın günlərdə Asiya ölkələrindən idxal olunan taxıl, düyü və bananın İrana tədarük edilməyəcəyi gözlənilir.

Bu günlərdə İranın xarici işlər naziri Əli Salehi qazaxıstanlı həmkarı Erjan Kazıxanovla Qazaxıstan taxılının ölkəsinə qarşılıqlı mübadilə şərt (SWAP) sistemi ilə tədarükünü müzakirə edib. Salehi qeyd edib ki, müzakirə zamanı neft və taxılın qarşılıqlı mübadiləsi, tranzit sahəsində əməkdaşlıqdan da danışıblar. Ə.Salehinin sözlərinə görə, İran əvvəllər Qazaxıstandan taxıl alırdı, bundan sonra həmin sahədə bütünlükdə özünü təmin keçəcək.

Amma məsələ yalnız özünü taxılla təmin etmək yönündə çalışmaqla başa çatmır. Ölkədə istehsal olunan taxıl daxili bazarın tələbatını ödəmir. Ona görə də bu məhsulun idxalına ehtiyac yaranıb. Bu həmdə yeni limanların və vasitələrin axtarışı deməkdir.

Qazaxıstanla danışıqların da bununla bağlı olduğu istisna edilmir.

“Qolos Rossiya”nın məlumatına əsasən, Rusiyanın Kalmıkiya Respublikası Laqansk rayonunun icra başçısı Andrey Manciyev bildirib ki, İranın “Kave” (“Kaveh Port and Marine Services Company”) şirkəti ilə birlikdə Xəzərin Rusiyaya aid hissəsində - Klamıkiya ərazisində yeni dəniz limanı tikiləcək. İcra başçısının sözlərinə görə, məsələyə dair anlaşma İran nümayəndə heyətinin Kalmıkiyaya səfəri zamanı imzalanacaq. A.Manciyevin başçılığı ilə nümayəndə heyəti “Kave”nin rəhbərliyinin dəvəti əsasında artıq İslam Respublikasında (Cümhuriyyəti) olub. Elə həmin səfər zamanı tərəflər limanla bağlı anlaşıblar.

Bundan başqa İran üçün çox önəmli olan yerlərdən biri də Hörmüz boğazıdır. Çünki bu boğazdan həm də Tehran xam neftini ötürür. Ancaq İrana qarşı ehtimal olunan hərbi əməliyyatlar başlayacağı halda bu ərazinin də bağlanacağı və ya giriş-çıxışın azalacağı istisna edilmir.

Bunu ilk növbədə Tehranın edəcəyi gözlənilir. İnqilab Keşikçiləri Qvardiyasının komandanı Məhəmmədəli Cəfəri bildirib ki, ölkəsinə xaricdə hücum olunacağı təqdirdə Hörmüz boğazını bağlamağa hazırdırlar.

Xatırladaq ki, Tehran hakimiyyəti Kəngər (Ərəb və ya İran) körfəzini Oman körfəzi və Hindi okeanı ilə birləşdirən Hörmüz boğazını bağlayacağı haqda dəfələrlə bəyanat verib. Orta hesabla eni 50 km olan bu su hövzəsindən dünya tranzit neftin 40 faizi daşınır.

Bir neçə gün öncə İran Hind okeanında iki ballistik raketi sınaqdan çıxarıb. “Ulu Peyğəmbər-6” adı altıda keçirilən hərbi manevrin sonuncu mərhələsində “Xəlice-Fars” və “Tondar” adlı iki ballistik raketi Hörmüz əyalətinin Cask rayonu yaxınlığında okeanda sınaqdan keçirib.

İnqilab Keşikçiləri Qvardiyasının Aerokosmik qüvvələrinin komandanı general Əmirəli Hacızadə deyib ki, bu ilin fevralında Hind okeanında 1900 km-lik radiusluq iki ballistik raketin hədəfi vurma imkanlarını yoxlayıblar. Onun sözlərinə görə, bu qurğuları ABŞ-ın casus təyyarələrinin ultra modern sistemlərlə belə tapa bilmir.

Bir yandan sanksiyaların güclənməsi, o biri yandan hakimiyyətin bu sayaq davranışı həm İranda, həm də bölgədə mövcud durumun daha da gərginləşəcəyini ehtimal etməyə əsas verir. Ölkə rəhbərliyi yeni-yeni silah növlərini dünyaya nümayiş etdirməklə hərbi güc göstərirsə, yuxarıda bəhs etdiyimiz liman layihələrinə sərmayə qoymaqla sanksiyaların yaratdığı çətinlikləri aşmaq qadir olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 594

Oxşar yazılar