İsrail Türkmənistanda “səfir böhranı” ilə qarşılaşıb
07 iyul 2011 13:10 (UTC +04:00)

İsrail Türkmənistanda “səfir böhranı” ilə qarşılaşıb

Türkmənistan ikinci dəfə İsrailin bu ölkəyə səfiri təyin olunmuş Xaim Korenin etimadnaməsini qəbul etməkdən imtina edib. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Türkmənistan Xarici İşlər Nazirliyi Xaim Korenin Mossada işləyən İsrail casusu olduğunu bildirib.


Buna səbəb Xaim Korenin tərcümeyi-halında Qlilotda yerləşən Milli Təhlükəsizlik Kollecində 3 il təlimatçı işləməsi ilə bağlı məqamın olmasıdır. İsrail Xarici İşlər Nazirliyi dəfələrlə türkmən diplomatlara həmin kollecin təhsillə məşğul olduğunu, casus hazırlamadığını izah etməyə çalışsa da, bu səylər nəticə verməyib. Xaim Koren 2010-cu ilin avqustundan səlahiyyətlərinin icrasına başlaya bilmir.


Türkmənistan rəhbərliyində yer alan şəxslərdən biri israilli diplomatlara deyib ki, Aşqabad ikitərəfli münasibətləri yaxşılaşdıracaq səfir istəyir, İranla bağlı məlumat toplayacaq casus yox.


Qeyd edək ki, Xaim Korendən əvvəl 2009-cu ildə İsrail Ruven Danieli Türkmənistana səfir təyin edib. Ancaq Aşqabad onun da namizədliyinə mənfi yanaşıb. Ruven Daniel 1996-cı ildə “Mossad”ın Moskvadakı ofisinə rəhbərlik edib və ruslar tərəfindən casusluqda günahlandırılaraq qovulub.


Aşqabadın bu davranışlarından qəzəblənən İsrail xarici işlər naziri Adviqor Liberman Aşqabaddakı səfirliyi bağlamağa hazır olsa da, israilli diplomatlar onu hələ bu addımı atmağın tez olduğuna inandırıblar. Hazırda İsrail Xarici İşlər Nazirliyi Türkmənistanı qane edən diplomat axtarır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 414

Oxşar yazılar