İran Ermənistana Araz çayı üzərində SES tikəcək
16 oktyabr 2010 20:49 (UTC +04:00)

İran Ermənistana Araz çayı üzərində SES tikəcək

İran və Ermənistan Araz çayı üzərində gücü 130 Mvt olan Mehri Su Elektrik Stansiyasının (SES) tikintisinə başlayır. Lent.az-ın “ARKA” agentliyinə istinadən verdiyi məlumata görə, Ermənistan energetika naziri Armen Movsiyan iranlı həmkarı Məcid Namcu ilə İrəvanda SES-in tikintisi ilə bağlı memorandum imzalayıblar.

Memoranduma görə, İran və Ermənistan Araz çayı üzərində Cənubi Qafqazda ən güclü iki SES tikəcəklər. Mehri SES Ermənistan tərəfdə, Karaçilar SES isə İran tərəfdə olacaq. Hər bir SES il ərzində 793 milyon kVT/saat elektrik enerjisi istehsal edəcək.

Ermənistan və İranın energetika nazirləri sərhəd zonalarında Araz çayında təbi mühitin qorunması ilə bağlı memoranduma, üçüncü İran-Ermənistan yüksək gərginli elektrik verilişi xəttinin tikintisi barədə razılaşma da imzalayıblar.

Ermənistanın energetika naziri deyib ki, Mehri SES-in tikintisi barədə memorandumun imzalanmasına uzun müddətdir ki, hazır olublar və SES-in tikintisinə maksimum qısa müddətdə, 2011-ci ildə başlanılacaq. Ermənistan energetika nazirinin müavini Ara Simoyan isə qeyd edib ki, Mehri SES 5 il ərzində tikiləcək: SES-in tikintisi üçün 323 milyon dollar lazımdır. Bu layihəni İran İnvestisiya Şirkəti maliyyələşdirəcək: “Memoranduma uyğun olaraq, SES fəaliyyətə başladıqdan sonra 15 il ərzində elektrik enerjisi İrana ötürüləcək və bundan sonra SES müftə Ermənistanın ixtiyarına keçəcək”.

İranın energetika naziri Məcid Namcu bildirib ki, Ermənistan baş naziri Tiqran Sərkisyanın Tehrana qarşıdakı səfəri zamanı iki ölkə arasında əməkdaşlığın gələcək istiqamətləri dəqiqləşdiriləcək və ikitərəfli sənədlər imzalanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 789

Oxşar yazılar