ABŞ Türkiyədən “cəbhəsini” seçməyi tələb etdi
14 oktyabr 2010 14:00 (UTC +04:00)

ABŞ Türkiyədən “cəbhəsini” seçməyi tələb etdi

ABŞ İran və Şimali Koreyanın uzun mənzilli raketlərinə qarşı Türkiyədə raket hücumundan müdafiə sistemi qurmaq istədiyini rəsmən açıqlayıb. Lent.az-ın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, Pentaqonun yaydığı açıqlamada Türkiyənin qərar verməli olduğu bildirilir.


Türkiyə mətbuatının yazdığına görə, ABŞ uzun müddətdir ki, bu məsələ ilə bağlı Ankaranın razılığını almağa çalışıb. Ancaq İranla yaxın münasibətlər quran AKP hökuməti tərəddüd edib. Ankara ABŞ-ın Türkiyədə raket hücumundan müdafiə sistemləri yerləşdirilməsinin son nəticədə Rusiyanı da qəzəbləndirəcəyindən və enerji, xüsusən təbii qaz asılılığında olduğu Moskva ilə münasibətlərdə problem yaranacağından ehtiyatlanır. İrana sanksiyaların tətbiqi ilə bağlı BMT-də “yox” cavabı verərək Vaşinqtonla münasibətləri gərginləşdirən Ankara növbəti dəfə ciddi seçim qarşısında qalıb.


Qeyd edək ki, raket hücumundan müdafiə sistemi yaratmaq ideyası ABŞ-ın sabiq prezidenti Corc Buşa məxsusdur. Bununla bağlı Çexiya və Polşa ilə anlaşma da imzalanıb. Ancaq Rusiya bu sistemin İrana qarşı deyil, əslində ona qarşı yönəldiyini bəyan edib. Kreml Çexiya və Polşada həmin sistem qurularsa, Avropadaki bazalarında uzun mənzilli raketlər yerləşdirəcəyini bildirmişdi. Moskvanın sərt təpgisi qarşılığında prezident postuna gələn Barak Obama bu məsələni təxirə salmışdı.


Pentaqon isə son açıqlamasında bu layihə ilə bağlı Türkiyə ilə intensiv danışıqlar aparıldığını, gələn ay Lissabonda keçiriləcək NATO sammitində bu məsələnin səsverməyə çıxarılacağını bildirib. ABŞ Müdafiə Nazirliyinin Avropa və NATO siyasətinə məsul müşaviri Jim Tovnsend son dönəmdə İranla yaxın münasibətlər quran Türkiyəyə diplomatik olmayan bir dildə xəbərdarlıq da edib: “Türkiyə coğrafi mövqeyi səbəbindən bu məsələdə önəmli rol oynayır. Uzun mənzilli raket təhdidinin haradan gələcəyini nəzərə alsaq, Türkiyə cəbhənin önündə yer alır. İndiyə Türkiyə bir qərar verməlidir. Bu qərar Türkiyənin harada duracağını, NATO-da hansı statusa malik olacağını müəyyənləşdirəcək. Türkiyənin müsbət qərar verəcəyinə inanırıq. Lissabon sammitində Türkiyə iki məsələni düşünməlidir. Türkiyə NATO-nun raket hücumundan müdafiə sistemini qəbul edib-etməyəcəyi ilə bağlı verəcəyi səsi müəyyənləşdirməlidir. Türkiyə bu layihədə iştirak edib-etməyəcəyi üzərində ciddi düşünməlidir. Məncə, hazırda ortada olan Ankaranın qərarsızlığı və istəksizliyi deyil. Avropa və NATO qədər özlərinin də təhlükəsizliyi üçün önəm daşıyan bir məsələnin yaşadıqları bölgədə siyasi hesablamaları ilə nə qədər üst-üstə düşdüyünü görməyə və tarazlıq yaratmağa çalışırlar”.

Qeyd edək ki, ABŞ Türkiyədə 10 raketdən müdafiə elementi qurmaq istəyir. Bu sistemdə yerləşdirilən raketlər 3 min kilometrdə uçan döyüş başlıqlı raketləri məhv etməyə qadirdir. Raketlər yer altında, futbol meydanı böyüklükdə yeraltı bunkerlərdə saxlanılmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 612

Oxşar yazılar