Tehranda dollar növbəsi
07 oktyabr 2010 18:01 (UTC +04:00)

Tehranda dollar növbəsi

İslam Respublikasının uyğun qurumlarına başçılıq edənlər isə valyuta bazarında bu problemi həllə edəcəklərini boyun olmaqdadırlar.

Lent.az-ın «Iran News»-a istinadən məlumatına görə, banklar bir dolları 1065 tümənə satırlar. Adi vətəndaşlara isə bu bir dollar 1070 tümənə başa gəlir.

«Qara bazar»da isə bir dollar 1095-1110 tümənədir. Elə ona görə də dövlət banklarının valyuta dəyişmə məntəqələri qarşısında dollar üçün uzun növbələr yaranır. Orada da məhdudiyyətlər var. Yalnız iki min dollara qədər ABŞ valyutasını 1075 tüməndən almaq mümkün olar.

Avropa pulları adi valyutadəyişmə məntəqələrində 1 avro 1530 tüməndən dəyişdirilir.

İran Mərkəzi Bankının saytında bir dolların 1060 tümən, bir avronun 1466, bir ingilis funtunun 1686 tümənə dəyişdirildiyi göstərilib.

Bir müddət öncə bu maliyyə qurumunun başçısı Mahmud Bəhməni bildirmişdi ki, cari həftənin sonunadək bir ABŞ dolları 1060 tümənə enəcək. İqtisadiyyat və maliyyə nazirinin müavini Əsgər Əbülhəsən isə gələn həftə bir dolların 1030 tümənə olacağını boyun olub.

Yerli müşahidəçilər Tehran rəsmilərinin bu sayaq bəyanatlarının mənasız olduğunu söyləyirlər. Onların qənaətincə, hakimiyyətin belə öhdəlikləri müvəqqəti xarakterlidir.

Baş verənlər İslam Respublikasının ciddi maliyyə problemi ilə üzləşdiyindən xəbər verir.
Maliyyə naziri Şəmsəddin Hüseyni bildirib ki, 60 milyon iranlı və ya ölkə əhalisinin 80 faizi subsidiya almaq istəyir.

Nazirin sözlərinə görə, dövlət yardımı almaq üçün müəyyən qaydalar mövcuddur. «İlk növbədə ehtiyacı olan ailələr tədricən bu yardımı alacaq» - deyə, baş maliyyəçi söyləyib.

Hakimiyyət isə subsidiyaları azaltmaqla 20 milyard dollara qənaət etmək niyyətindədir. Bunun necə baş tutacağına gəlincə, belə izah edirlər: 2010-cu ilin payızına kimi bir iranlı ailəsi orta hesabla təbii qaz üçün 3600 dollar dövlət subsidiyası alırdı. Bir iranlı ailəsinin orta illik gəliri isə 4 min dollardır.

Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 664

Oxşar yazılar