Şəhərin meri niyə intihar etdi? - Böyük Manipulyator
06 mart 2025 16:17 (UTC +04:00)

Şəhərin meri niyə intihar etdi? - Böyük Manipulyator

Əvvəlki yazı

Böyük Manipulyator

19-ci hissə

Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...

Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.

Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.

Necə deyərlər, əlyazmalar yanmır...

Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:

Tezliklə hamı hiss edir ki, bu Lüdovik Şaker adi bir kabinet müdiri deyil. “Biz çox tez başa düşdük, o, klassik müdir deyil. Hamımızda belə bir təəssürat yarandı ki, o turistdir, bura gəzməyə gəlib. Öz işinə o qədər də can yandırmırdı. Hiss olunurdu ki, bu adam tamamilə başqa bir işlə məşğuldur...”, – deyə meriyanın keçmiş müavinlərindən biri etiraf edir.

Bu hiss meriyanın bütün işçilərində var, çünki orada çalışdığı iki il ərzində Lüdovik Şaker ayda bir dəfə iki-üç gün harasa yoxa çıxırdı. Məsələn, bir dəfə heç kimə izahat vermədən on beş gün ərzində Pakistana, onun Əfqanıstanla sərhədlərinə yaxın bölgələrinə səfər edir. Bu səfərdən sonra Pakistanın milli geyimində meriyaya qayıdan cabinet müdiri onu təəccüblə süzən həmkarlarına elə də açıqlama vermir. “Bizə dedi ki, baqajını itirib”, – deyə onun keçmiş həmkarlarından biri ironiya ilə gülümsəyir.

Çin dilində təmiz danışmaqla yanaşı, Lüdovik Şaker ərəb dilini də mükəmməl bilir. “Onun əsli Əlcəzairdəndir”, – deyə onunla meriyada işləyən əməkdaşlardan biri qətiyyətlə iddia edir. Şaker Yəmən mənşəli bir addır və Yaxın Şərqdə, eləcə də Məğribdə çox yayılıb. Bu cavan oğlan İslamın bütün ənənələrinə əlinin içi kimi bələddir. Bir vaxtlar o, DGSİ-nin (xarici kəşfiyyat) nəzdində Rabier rayonundakı böyük məscidin fəaliyyəti ilə məşğul olub. Onun Jue-le-Tur şəhərciyindəki fəaliyyəti haqqında yuxarıda deyilənlərdən başqa məlumat əldə edə bilmədik. Meriyada onunla bir yerdə işləyən əməkdaşların dediyinə görə, Şaker, demək olar ki, heç vaxt öz işi haqqında heç kimə heç nə danışmırdı... şəxsi həyatı haqqında isə daha az danışırdı. Onun başqa bir hobbisi Wuxia assosiasiyasının nəzdində kunq-fu dərnəyi açıb, çin döyüş sənətini gənclərə öyrətmək idi. O, tez-tez gənc şagirdləri ilə böyük ustadı Lianq Çao arasında görüşlər təşkil edirdi. Onun Asiyaya olan sevgisi böyükdür. Meriyadakı kabinetinin divarından Çin qılıncı asılmışdı. O həm də mütəmadi olaraq Tur şəhərinin restoranlarında təşkil olunan “Şanxay axşamları” tədbirində iştirak edir və Çindəki təcrübəsini hamıyla bölüşürdü.

“Lüdovik çox qapalı bir adam idi”, – deyə onunla hərdən Tur şəhərində qeyri-rəsmi görüşlərdə iştirak edən köhnə bir polis məmuru təəssüratlarını bizimlə bölüşdü. O vaxtlar Tur şəhəri, xarici casuslarla mübarizə aparan fransız agentlərini çox maraqlandırırdı. DCRI (daxili kəşfiyyat) əsli Tayvandan olan, Tur şəhərinin meriyasında Fransa-Çin münasibətləri üzrə müşavir Liz Han ilə bağlı araşdırmalar aparır. Yeri gəlmişkən, bu qadın həm də Tur şəhərinin meri və şəhər universitetinin keçmiş prezidenti Jan Jermanın məşuqəsidir. Tur həm də çox vacib bir sənaye mərkəzidir – orada Fransa və İtaliyanın birgə istehsal etdiyi çip ST Mikroelektronik zavodu, eləcə də Hutchinson və Michelin şirkətlərinə məxsus kauçuk zavodları yerləşir... Bütün bu şirkətlər, Tur şəhər universitetinin tədqiqat laboratoriyaları ilə birgə fəaliyyət göstərirlər.

Taleyin ironiyasına bax ki, elə həmin vaxt Le Canard enchaîné qəzeti “Çin nikahları” ilə bağlı məqalə dərc edir və bu məqalə ölkədə böyük skandal yaradır. İstintaq nəticəsində məlum olur ki, bu qondarma “nikahları” təşkil edən Tur meriyasında müşavir kimi çalışan, eləcə də Turun meri Jan Jermanın məşuqəsi Liz Handır. Bu qadın ədalət məhkəməsi tərəfindən mühakimə olunacaq və bu skandalda adı mətbuatda hallanan Tur şəhərinin meri Jan Jerman bütün bu biabırçılıqlara dözməyib intihar edəcək.

Ardı var...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 488

Oxşar yazılar