Böyük Manipulyator
25-ci hissə
Hörmətli oxucu, sizə təqdim edəcəyimiz silsilə yazılar fransalı araşdırmaçı jurnalist Mark Endeveldin müəllifi olduğu “Böyük Manipulyator” kitabından seçmələrdir...
Məlumat üçün qeyd edək ki, sözügedən kitab 2019-cu ildə nəşr edilib. Kitabda müasir Fransa tarixinin rəzil dövlət idarəçiliyindən, Emmanuel Makron və onun gizli şəbəkələrindən bəhs edilir.
Kitab nəşr ediləndən dərhal sonra Fransa prezidenti Makron onun yayılmasını, satışını, reklamını bütün imkanlarla əngəlləməyə çalışdı. Lakin o, siyasi arenada olduğu kimi bir jurnalistin qələmi qarşısında da aciz duruma düşdü və istəyinə nail ola bilmədi.
Necə deyərlər, əlyazmalar yanmır...
Lent.az Mark Endeveldin müəllifi olduğu Böyük Manipulyator kitabından seçmələri təqdim edir:
ƏXLAQSIZ CÜTLÜK
Aydındır ki, hər hansı bir kastinqdə səhv edəndə, sonradan ambisiyalar, görməmişlik, eləcə də acgözlük və həyasızlıq üzə çıxır... ən azından 2018-ci ilin yazından Nikola Sarkozi və onun yaxınları Yelisey sarayına təzyiq göstərirlər ki, Daxili İşlər nazirini dəyişsinlər. Sarkozi şəxsən Respublika prezidentinə tez-tez zəng edib ona bu mövzuda “ağıllı” məsləhətlər verir və hər dəfə də öz adamını qabağa itələyir: yeni Daxili İşlər naziri kimi, Sarkozi uzun müddət onu dəstəkləyənlərdən birini Jerard Darmananı və onun müavini kimi, milli polisin keçmiş baş direktoru, Respublikaçılar partiyasının keçmiş rəhbəri və hər şeydən əvvəl onun uşaqlıq dostu Frederik Peşenardı təklif edir.
Keçmiş dövlət başçısının (Sarkozi) ətrafında Peşenard yeganə adamdır ki, Sarkoziyə “balaca cırtqoz” deyə müraciət edir. Bu da iki uşaqlıq dostunun arasındakı yaxınlıq... Sarkozi ilə Makron arasında münasibətlər mürəkkəbdir. Birinci ikincidən istifadə edir ki, 2016-cı ildə onu prezidentliyə namizəd kimi irəli sürməyən sağçılar partiyasından qisas alsın. Prezident seçkiləri kampaniyasında onun namizədliyinə səs verənlərin çoxu müxtəlif mübahisələrin içində ilişib qalmış Fransua Fiyyonu tərk edərək Makrona tərəf çevrilmişdilər. Sarkozi Makronun onu heç vaxt tənqid etmədiyini yüksək qiymətləndirir. Həm də onun ürəyincə oldu ki, Makron Fransua Hollandı inandırdı ki, ikinci dəfə prezidentliyə namizədliyini irəli sürməsin. 2017-ci ilin may ayından Sarkozi həm dövlət naminə, həm də Respublikaçılar partiyasının sədaqətli bir nümayəndəsi kimi Makrona öz köməyini təklif edir. Makron da öz növbəsində həmişəki kimi oyun oynayır, onun məsləhətlərini qəbul edir, onun yerli-yersiz zənglərinə həmişə cavab verir, ona səbirlə qulaq asır... Bu da Sarkozinin çox xoşuna gəlir, çünki həmişə çalışır ki, onun qədrini bilsinlər və onu qiymətləndirsinlər. Sarkoziyə yaxın olan bəzi adamlar onun Fransua Hollandın keçmiş naziri ilə bu yaxınlığına təəccüblənsələr də, Sarkozi hər yerdə özünü Makronun mənəvi atası kimi təqdim edir. Respublikaya “hücum” edib onu “oğurluqla” öz əlinə keçirən bu iddialı gəncin – qırx yaşı tamam olmamış özünü prezident seçdirən Makronun ona qulaq asmağı, Sarkoziyə qol-qanad verir və o özünü yenidən dövlət səviyyəsində vacib bir fiqur kimi hiss edir.
Makron isə öz növbəsində, keçmiş prezidentlə bu münasibətində sağçılar partiyasının seçicilərinə siqnallar göndərir. Bir sözlə, ikisi də bir-birindən istifadə edir. Bu ağılasığmaz cütlük olduqca pozğundur. Sarkozi Makron haqqında deyir ki: “O çox müəmmalı və qeyri-müəyyən bir adamdır. Mən onu başa düşə bilmirəm... ”.
Keçmiş prezident yaxın adamları ilə söhbətlərində gənc prezidentin yaşlı arvadı Brijitin yubkasının uzunluğunu da tənqid etməkdən çəkinmir, onun zövqünə görə Brijit çox qısa geyinir. Birinci xanımın geyimini Sarkozinin arvadı Karla Bruni də ələ salır. Göründüyü kimi bu iki prezident cütlüyü arasında o qədər də böyük sevgi yoxdur. Sarkozinin arzusu bir neçə müxtəlif qrupları özü bildiyi kimi manipulyasiya edib yenidən siyasətə, özü də yüksək bir zirvəyə qayıtmaqdır. Bu perspektivdə keçmiş prezident bir şey də güdür: bəzi prokurorlar və hakimlər onun prezident olanda tutduğu bəzi işləri hələ də qurdalamaqda davam edirlər. Sarkozi fikirləşir ki, yenidən siyasətə qayıtsa, bəlkə, onu rahat buraxarlar. 2018-ci ilin baharında Sarkozi polis komissariatına aparılıb 2007-ci ildə Liviya tərəfindən onun seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsi haqqında istintaqa çəkiləndə, Makron alicənablıq edib ona zəng vurur. Bir neçə həftə sonra hər iki prezident yenidən görüşür. İyunun sonunda onlar bir yerdə səhər yeməyi yeyirlər. Daha bir neçə gündən sonra 2018-ci il iyulun 5-də Brijit Makron Sarkozi-Bruni cütlüyünü Yelisey sarayına şam yeməyinə dəvət edir. Ona görə də heç də təəccüblü deyil ki, beş ay sonra sarı jiletlilərin böhranı zamanı Makron keçmiş prezidenti qəbul edib onunla ölkədəki siyasi vəziyyəti müzakirə edir. Və sonrakı həftələrdə Makron Gürcüstan, Azərbaycan və Madaqaskara səfərlər zamanı çəkinmədən Nikola Sarkozidən Fransanın rəsmi nümayəndəsi kimi istifadə edir. “O, yəqin ki, tezliklə Sarkozini Xarici İşlər naziri təyin edəcək”, – deyə bir diplomat rişxəndlə gülümsünür. Bu diplomat çox güman ki, Makronla Sarkozinin bu bal ayına o qədər də bel bağlamır.
Ardı var...