Yataq səhnəsinə etiraz edən xalq artisti, Oqtay üçün ağlayan Əsmər, nakam sevginin sonu... – BİZİM FİLMLƏR
04 mart 2020 11:31 (UTC +04:00)

Yataq səhnəsinə etiraz edən xalq artisti, Oqtay üçün ağlayan Əsmər, nakam sevginin sonu... – BİZİM FİLMLƏR

 Lent.az-ın “Bizim filmlər”ində “Gün keçdi” filmi haqqında söhbət açacam.

 “Dava vaxtı almanlar Fransanı zəbt edəndə bir rəssamın əsərləri itir. Bütün ümidini itirən rəssam 20 il sonra onları tapır. Ona elə gəlir ki, gəncliyi qayıdıb. Deyirmiş ki, bütün bu illər boyu əsərləri onun yuxusuna girirmiş. Sən də mənim yuxuma girirdin...”

Bunları filmin qəhrəmanı Əsmər Oqtaya danışır. Elə bilirəm, filmin bütün mahiyyəti də bu danışdığı hekayətdədir.

Gəncliyinin, yuxularının, xəyallarının, keçmişinin, hisslərinin arxasınca Bakıya qayıdan Əsmərin kədərli hekayətini danışan bu filmin ssenarisi yazıçı Anarındır. Daha doğrusu, film onun "Gürcü familiyası" hekayəsi əsasında ekranlaşdırılıb.

Əsmərlə Oqtay bir sinifdə oxuyublar Bakıda. İçərişəhərdə yaşayıb Əsmər. Orta məktəbi bitirən kimi ingilis dilindən onlara dərs deyən Camala ərə gedib. Qəlbində də Oqtayın sevgisi.

Filmdə dilinə gətirdiyi kimi, “ayı”nın - Oqtayın sevgisindən, yaxud sevgisizliyindən, bir sözlə, münasibətindən baş açmayıb.

İllər üstündən keçsə də o illərə, o hisslərə yenidən baş vurmaq istəyi onu narahat edib və Oqtayın ad günündə yaşadığı Moskvadan Bakıya onu, Bakını, uşaqlığını görməyə gəlib. Qəribə hissdir. Keçmişə baş çəkib qayıtmaq gələcəyə gedən yolda adama rahatlıq gətirir.

Əsmər də gəlir o rahatlığı tapmağa.

Filmi rejissor Arif Babayev ekranlaşdırıb - Bakını bilən adam. Film boyu onun ayrılmaz hissəsi olan, lentə cazibə qatan musiqilər Emin Sabitoğlunundur. Rasim İsmayılov filmin operatorudur.

Əsas rollarda Leyla Şıxlinskaya ilə Həsən Məmmədov çəkilib. Anarın hekayəsinə görə, kulminasiya Oqtayın Əsməri evinə gətirdiyi yerdir. Ssenariyə görə də elə olmalı idi. Həm də evdə Oqtayla Əsmər keçmiş hisslərini təzələyib, birlikdə olurlar. Ssenarinin bu yerinə çatanda Həsən Məmmədov rejissorun qarşısında şərt qoyub ki, ya filmdə bu yer dəyişilməlidir, ya da mən çəkilmirəm.

Leyla Şıxlinskaya məsələyə qarışmayıb; necə həll olunacaqsa, razılaşacaqdı.

Arif Babayev Anarla məsləhətləşir. Deyir ki, Həsən Məmmədov haqlı olaraq azərbaycanlı kişiyə evli qadını evinə aparıb onunla sevişməyi rəva görmür. Sonunda ümumi razılığa gəlirlər ki, həmin yerdə Azərbaycan qadını “lazım deyil, Oqtay” - deməklə kişini fikrindən daşındırır. O, da üzr istəyib, söhbəti dəyişir.

Həsən Məmmədov Oqtayla Əsmərin mübhəm sevgisini anladan filmin mentalitetə zidd səhnələrlə bitməsinin əleyhinə olmasını belə əsaslandırıb ki, tamaşaçı o cür filmi qəbul etməzdi: “Filmin gözəlliyi onda idi ki, gənclik illərinin sevgisi, onun xatirələri ilə başa çatır”.

Dövrün, insanların saflığına baxın. Hə... film 1971-ci ildə çəkilib-dünyanın düz vaxtında.  Həsən Məmmədov öz tərbiyəsindən irəli gələn “kaprizləri” ilə çox çəkildiyi filmlərdə belə “düzəlişlər” edib. Məsələn “7 oğul istərəm”də Bəxtiyarın Humayı qamçılaması söyüşlə müşahidə olunmalı idi, amma o, ““dişi qancıq”dan başqa söyüş işlətməyəcəm” - deyib. O  cümlədən “Təhminə” filmində professor oğlu Zauru danlayanda nalayiq sözlər işlədir, Həsən Məmmədov buna da etiraz edib.

Filmin rejissoru Arif Babayev kinoya natura çəkilişlərini gətirən adamdır. Bu filmdə də Azərbaycan kinolarında illər uzunu davam edən stereotip görüntüləri natura ilə əvəz edib. Film İçərişəhərdə, bayır şəhərin küçələrində çəkilib.

Arif Babayev özü İçərişəhərdə Şirvanşahlar sarayının yaxınlığında yaşayırdı. Bu səbəbdən də yer ona doğma idi. Həm də o vaxt Anar ssenarini yazanda İçərişəhər problemi vardı, sökmək istəyirdilər, müqavimətlə rastlaşırdılar. Buna görə də filmdə həmin problemə toxunulur.

Oqtaygilin iş yerinin təsvir olunduğu Tikinti İdarəsinin binası hazırda qarşısında "Azad qadın" heykəlinin olduğu binadır. İndiki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerləşdiyi bina. Filmin çəkilişləri 16 mərtəbəli şüşə binanın 10, 13, 14 və 15-ci mərtəbələrində reallaşıb. Oqtayla Əsmərin kafedəki söhbətləri isə "Azdrama"nın yanındakı kafedə çəkilib. İndi o kafe yoxdur, sökülüb.

Lap Əsmərin İçərişəhərdə evlərini axtarıb, söküldüyünü gördüyü kadr kimi.

Film bol metrajla çəkilmişdi. O kadrları yığmaq üçün Moskvadan montajçı Alla Abramovanı çağırmalı olublar.

Çəkiliş prosesində maraqlı məqamlar çox olub. O vaxt kinoya, kino işçilərinə hörmət bir başqa idi. Ona görə də kino aktyoru olmaq istəyən də çox imiş. Arif Babayev naturadan çəkməyi xoşladığı üçün Bakıda səhər küçələri yuyan su maşınlarına qədər kadra salmışdı. Səhər dənizdən günəşin çıxması. Hətta o vaxt populyar olan “Qaya” qrupunun ifası.

O vaxt ellikcə hamı kino çəkilişlərinə kömək edərmiş. Məsələn, Əsmərlə Oqtayın hava limanındakı çəkilişi də belə olub. Hava limanı işçiləri hamısı ayaqda kinoçəkənlərə yardım ediblər. Hətta təyyarənin kadra düşməsi də pulsuz başa gəlib. İndi bunlar hamısı pul tələb edir, ona görə xatırlatdım o zamanların yaxşı adətlərini.

Film çəkilən zaman Bakıya yağan qar təsadüfən maraqlı bir səhnənin yaranmasına səbəb olub.

Əsmərlə Oqtayın qartopu oynaması səhnəsi ssenaridə olmayıb. Həmin kadrlar Tofiq Bəhramov adına Respublika Stadionu tərəfdə (Zooparka yaxın) bir parkda lentə alınıb. Bakıya qar yağdığını görən rejissor dərhal aktyorlara zəng vurub ki, çəkilişə gəlin. Təsəvvür edin ki, gecə qar yağıb, səhər də hər tərəf ağappaqdır. Aktyorlar gəlib kinostudiyaya, yollanıblar çəkilişə.

Camalla Əsmərin toy mərasimi isə ssenaridə olan bir səhnə idi. Arif müəllimin evinə yaxın İçərişəhərdə, Şirvanşahlar sarayının aşağısında çəkilib.

Filmdə daha bir ekspromt səhnə Əsmərin qayıdışıyla bağlı olub.

Köhnə dostların aeroportdan evə getdiyi səhnədə motosikletdəki adamlar təsadüfi yoldan keçənlər olub. O vaxt motosiklet təzə çıxmışdı. Şəhərdə məşhur idi. Rejissorun bu motosikletdən xoşu gəlirmiş deyə, təsadüfi kadrı filmə salıblar.

Əsmərlə Oqtayın kinoteatrda film izlədikləri səhnə real kinoteatrda çəkilib. Ümumi planda çəkiliş edilib. Sonradan izlənən filmin kadrlarını çəkilən filmə salınması üçün həmin səhnəni plyonkaya köçürüblər. Çünki kadrlar üst-üstə düşmürdü, sinxron alınmırdı. İndi bu iş daha rahatdır.

Yaradıcı qrup beləcə, bir nakam məhəbbət hekayətini təcəssüm edib. Film estetik baxımdan zövqlü, mənəvi baxımdan çox təqdiredicidir.

İllər sonra Həsən Məmmədovla vida mərasimində Leyla Şıxlinskayanın necə ağladığını gördüm... Elə bil, Əsmər Oqtay üçün ağlayırdı...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 48188
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar

Sənubər İsgəndərova  və Ceyhun Mirzəyev "Fəryad" filmində

İsmayılın fəryadı, son hayqırtı, ikinci dəfə öldürülən Xocalı qurbanları – BİZİM FİLMLƏR

26 fevral 2021 , 10:40
Hamilə aktrisanın əri öldü, dəhşətli qəzanın qarşısı alındı, “Nərgiz xala” niyə qəzəbləndi? – Bizim filmlər

Hamilə aktrisanın əri öldü, dəhşətli qəzanın qarşısı alındı, “Nərgiz xala” niyə qəzəbləndi? – Bizim filmlər

19 avqust 2020 , 10:15
Yoxa çıxan “məbəd”, baş tutmayan partlayış, bəxtsiz sevgililərin aqibəti – “Ölsəm, bağışla...”

Yoxa çıxan “məbəd”, baş tutmayan partlayış, bəxtsiz sevgililərin aqibəti – “Ölsəm, bağışla...”

14 may 2020 , 12:13
Ölüm ayağında konsert, gözəl aktrisanı aldadan rejissor, qorxulu xəncər yarası... - “Bizim filmlər”

Ölüm ayağında konsert, gözəl aktrisanı aldadan rejissor, qorxulu xəncər yarası... - “Bizim filmlər”

28 aprel 2020 , 11:36
Moskvanın qadağası, Heydər Əliyevin dəstəyi, özünü asan vicdan... – Bizim filmlər

Moskvanın qadağası, Heydər Əliyevin dəstəyi, özünü asan vicdan... – Bizim filmlər

5 fevral 2020 , 16:43
O əjdahadan bizdə olsaydı, 43 dəfə baxardıq... – Məşhur filmin gizli qalan məqamları

O əjdahadan bizdə olsaydı, 43 dəfə baxardıq... – Məşhur filmin gizli qalan məqamları

24 dekabr 2019 , 10:00
Cins şalvarlı ərəb, ehtiraslı səhnəyə çəkilən türk qızı, söyüş söymək istəməyən azərbaycanlı professor... – “Bizim filmlər”

Cins şalvarlı ərəb, ehtiraslı səhnəyə çəkilən türk qızı, söyüş söymək istəməyən azərbaycanlı professor... – “Bizim filmlər”

7 dekabr 2019 , 13:00
Yandırılan əsər, güllələnmə qorxusu, qayınananın qaranlıq taleyi – “Bizim filmlər”

Yandırılan əsər, güllələnmə qorxusu, qayınananın qaranlıq taleyi – “Bizim filmlər”

15 noyabr 2019 , 16:34