ABŞ-ın Oreqon ştatının Bend şəhərində yerləşən ibtidai məktəbdə silahlı hücum baş verib. Nəticədə üç uşaq və bir müəllim həlak olub, daha iki nəfər ağır yaralanıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə oktyabrın 15-də “Silver Rail” ibtidai məktəbində qeydə alınıb.
Polisin məlumatına görə, hücumu 16 yaşlı yeniyetmə törədib. O, məktəb binasına daxil olaraq şagirdlərə və müəllimlərə atəş açıb. Nəticədə 5, 8 və 11 yaşlı üç uşaq, həmçinin bir müəllim həyatını itirib. Daha bir 7 yaşlı uşaq və 54 yaşlı şəxs ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, cinayətkar məktəbə daxil olarkən bağlı qapılara atəş açıb. Hadisə ilə bağlı polisə ilk məlumat yerli vaxtla saat 13 radələrində daxil olub. Polis hadisə yerinə çatana qədər silahlı yeniyetmə yerli sakinlərdən biri tərəfindən güllələnərək öldürülüb. Məlumata görə, həmin şəxs hücumçunu məktəb binasına qədər təqib edərək onun qarşısını alıb.

Qatilin Bend şəhərinin sakini olduğu müəyyənləşdirilsə də, şəxsiyyəti hələlik açıqlanmayıb. Onun məktəblə hər hansı əlaqəsinin olub-olmadığı araşdırılır.
Hadisədən sonra məktəbdəki uşaqlar avtobuslarla yaxınlıqdakı kilsəyə aparılıb. Burada valideynlər övladlarına qovuşublar. Məlumata görə, hadisənin baş verdiyi məktəbdə təxminən 450 şagird təhsil alır və 40 əməkdaş çalışır.
Cinayətlə əlaqədar Bend-La Pine məktəb dairəsinə daxil olan 32 təhsil müəssisəsində oktyabrın 16-na planlaşdırılan dərslər, idman yarışları və digər tədbirlər ləğv edilib.
Hadisənin araşdırılmasına Federal Təhqiqat Bürosu (FTB) da cəlb olunub. Hücumun motivi hələlik məlum deyil.
Qeyd edək ki, silahlı hücum nəticəsində dörd nəfər həlak olub. Hücumçunun da öldürülməsi ilə ümumi ölüm sayı beşə çatıb.