Makronun erməni sevgisi: Və ya Paris balaca bacısına görə niyə narahatdı? - ŞƏRH
12 noyabr 2020 11:23 (UTC +04:00)

Makronun erməni sevgisi: Və ya Paris balaca bacısına görə niyə narahatdı? - ŞƏRH

Hələ 26 il əvvəl ATƏT-in Minsk qrupunun yarananda onun məqsədi Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq idi. Tərəflərin hansınasa meyllənmək və yaxud yaranmış münaqişə vəziyyətində tərəflərin hansınasa dəstək vermək, münasibət balanslığını pozmaq birbaşa ATƏT-in mandatına zidd sayılırdı. 
Amma Fransa zaman-zaman mandata zidd fəalliyətiylə gündəmdən düşmədi. Elə bu dəfə, sentyabrın 27-dən başlayaraq Fransa prezidenti Makron ənənəni davam etdirdi, açıq-aşkar Ermənistana öz dəstəyini göstərdi. Bu səbəbdən Dağlıq Qarabağın azərbaycanlı icması Fransanı, rəsmi olaraq,  ATƏT-in Minsk qrupunun həmsədri kimi tanımadığını bəyan etdi. Əslində, icmanın bu mövqeyi birbaşa Azərbaycan hökumətinin və Azərbaycan xalqının mövqeyidir. 

“Fransanın rəsmi şəxsləri tərəfindən ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın mandatına zidd olaraq birtərəfli, qərəzli və qeyri-obyektiv bəyanatlar səsləndirilməkdədir. Mandatına uyğun olaraq Fransa neytral tərəf kimi çıxış etməli olduğu halda, açıq-aşkar ermənipərəst siyasət yürüdür və tamamilə əsassız şəkildə Azərbaycana qarşı ittihamlar irəli sürür”. 

Bunu KİV-ə açıqlamasında Prezidentin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Prezidentin köməkçisi deyib ki, Azərbaycan və Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatının qəbul edilməsində Fransanın hər hansı rolu olmayıb. Yəqin ki, Fransa Rusiyanın bu məsələdə rolundan qısqanclıq keçirir. “Ermənistan baş nazirinin bu sənədi imzalaması artıq hər şeyi deyir. İndi Fransa ermənilərdən daha çox erməni olmağa cəhd göstərir. ATƏT-in Minsk qrupunun həmsədrləri adından danışmaq üçün Fransanın səlahiyyəti yoxdur. ATƏT-in Minsk qrupunun həmsədri kimi, Fransa Ermənistanın Azərbaycana qarşı davam edən işğalının aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üçün heç bir addım atmadığı halda, indi birtərəfli qaydada canfəşanlıq nümayiş etdirir. Görəsən bu 30 il ərzində Fransanı nə zamansa azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmaması narahat edibmi? Amma bunun əksinə olaraq, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və beynəlxalq hüququn aliliyinin təmin olunması Fransanı narahat etməkdə davam edir”. 

Əslində, Makronun erməni sevgisi onun prezidentliyindən əvvəlki dövrdən başlayır. O, hələ prezidentliyə namizədliyini irəli sürdüyü vaxtdan erməni diasporu ilə sıx münasibət qurmağa başlayıb. Yadınızdadırsa, 2017-ci ilin fevralında Makron erməni icmasının ənənəvi ziyafətində iştirak dəvətini qəbul etməsə də, prezident seçkiləri ərəfəsində, Parisdə “erməni soyqırımı” abidəsinə baş çəkib, Fransada qondarma soyqırımın anım gününü təsis edəcəyinə söz verib. Həmin addımla E.Makron erməni diasporunun, o cümlədən Fransada ermənilərin ən böyük təşkilatı olan Fransada Erməni Təşkilatlarının Koordinasiya Şurası (Coordination Council of Armenian organizations of France) dəstəyini qazanıb. ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi adətən Fransa prezidentləri regiona səfər zamanı hər iki ölkəyə (Azərbaycan və Ermənistan) baş çəksə də, Makronun nəinki bunu etməməsi və hətta prezident seçildikdən bu yana Azərbaycana səfərə gəlməməsi digər diqqət çəkən məqam və ya “erməni qardaşlarını” incitməmək cəhdi kimi qiymətləndirilə bilər.

Hə, bir məqamı da unutmayın: Ermənistan Fransanın həm də balaca bacısıdır axı.

# 790
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar