21
09:06
10 Noyabr 2020

Dünyada bu gün - VİDEO

FİRUDİN HÜSEYNOV

(1937-2004)

Azərbaycanın əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Firudin Hüseyn oğlu Hüseynov 10 noyabr 1937-ci ildə Gədəbəy rayonunun Novoivanovka kəndində anadan olub. Novoivanovka orta kənd məktəbini və M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1963-1965-ci illərdə həmin institutda müəllim, 1965-1990-cı illərdə Azərbaycan Dövlət Universitetində müəllim və Rus dilçiliyi kafedrasının müdiri işləyib. 1989-cu ildə Azərbaycan Dövlət Universitetinin prorektoru, 1990-1997-ci illərdə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunda rektor vəzifəsində çalışıb. Akademik Yusif Məmmədəliyev adına mükafata layiq görülən Firudin Hüseynov 28 noyabr 2004-cü ildə Bakıda dünyasını dəyişib.

KAMAL SUNAL

(1944-2000)

Türkiyənin məşhur teatr və kino aktyoru Əli Kamal Sunal 1944-cü il noyabrın 10-da İstanbulda anadan olub. Memar Sinan məktəbində və Mərmərə Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Karyerası boyunca 82 filmdə yaddaqalan obrazlar yaradıb. Əsasən komediya janrında filmləri ilə populyarlıq qazanıb və xalq arasında “Şaban” adı ilə tanınıb. 1977-ci ildə “Qızıl Portağal” mükafatına layiq görülüb. Kamal Sunal 2000-ci il iyulun 3-də təyyarədə ürək tutmasından vəfat edib və İstanbulda dəfn olunub.

ELÇİN SƏLCUQ

(1964-2009)

Tanınmış jurnalist Elçin Abdulla oğlu Quliyev 1964-cü ilin bu günü Naxçıvan MR Şərur rayonunun Yengicə kəndində anadan olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1980-ci illərin sonunda başlayan milli azadlıq hərəkatı dövründə "Meydan", "FV-ÇP" kimi qeyri-leqal qəzetlərin nəşrində və yayılmasında fəal iştirak edib. 1990-cı ildə "Azadlıq" qəzetinin ilk əməkdaşlarından biri olub və 1997-ci ilə qədər burada çalışıb. 1997-1998-ci illərdə “525-ci qəzet”də işləyib, 1998-2001-ci illərdə “Detektiv” qəzetinin təsisçisi və baş redaktoru olub. Elçin Səlcuq 17 dekabr 2009-cu ildə Bakıda vəfat edib.

ƏLİQARA HÜSEYNOV

(1949-1990)

Şəhid Əliqara Hüseynov 10 noyabr 1949-cu ildə Goranboy rayonunun Todan kəndində anadan olub. Todan kənd məktəbində müəllim, daha sonra Xanlar adına kolxozun sədri işləyib. 1990-cı il yanvarın 12-də erməni terrorçularının Todan kəndinə birinci basqınının qarşısını alarkən həlak olan dörd nəfərdən biri olub. Əliqara Hüseynov Todan kənd qəbiristanlığında dəfn edilib. Ailəli idi, 4 dörd övladı yadigar qalıb.

OQTAY GÜLƏLİYEV

(1962-1992)

Azərbaycanın Milli Qəhrəmanı Oqtay Güləli oğlu Güləliyev 1962-ci il noyabrın 10-da Laçın rayonunun Xaçınyalı kəndində anadan olub. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 1984-cü ildə Poltava Kooperativ İnstitutunun Bakı filialına daxil olub. 1989-cu ildə institutu fərqlənmə diplomu ilə bitirərək, Laçın Rayon Polis Şöbəsində əvvəlcə baş inspektor, sonra isə polis rotasının komandiri təyin olunub. Ermənistanın Azərbaycana təcavüzü başladıqdan sonra vətən torpaqlarının müdafiəsinə qalxıb. 11 oktyabr 1992-ci ildə Hoçaz yüksəkliyində gedən ağır savaşda döyüşçülərini təhlükəsiz yerə keçirə bilsə də, özü bu döyüşdə qəhrəmancasına şəhid olub. Bakının Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycan Prezidentinin 11 may 1993-cü il tarixli fərmanı ilə Oqtay Güləliyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

NAZİM ABDULLAYEV

(1967-1994)

Şəhid Nazim Xanlar oğlu Abdullayev 1967-ci ilin bu günü Laçın şəhərində anadan olub. Orada orta məktəbi bitirdikdən sonra hərbi xidmətə çağırılıb. 1992-ci ildə oxuduğu Bakı Neft-Kimya Texnikumunu yarımçıq qoyaraq, Laçın Rayon Polis Şöbəsinin Post-Patrul Xidmətinə baş serjant rütbəsində işə qəbul edilib. Laçın rayonunun Zabux, Tığik, Cicimli, Güləbird, Zerti kəndləri və Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub. Horadiz uğrunda döyüşlərdə göstərdiyi şücaətə görə 1993-cü ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Nazim Abdullayev 1994-cü il aprelin 21-də Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub və Bakıdakı II Fəxri Xiyabanda dəfn edilib.

AZAD SADIQOV

(1968-1991)

Şəhid Azad Əli oğlu Sadıqov 10 noyabr 1968-ci ildə Yevlax şəhərində anadan olub. 1986-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirərək, Celyabinsk Politexnik İnstitutunun Əlvan Metallar fakültəsinə daxil olub. Lakin milli ayrıseçkiliklə qarşılaşdığından, təhsilini yarımçıq qoyub. 1987-1989-cu illərdə Celyabinsk şəhərində hərbi xidmətdə olub. 1989-cu ilin iyununda Azərbaycana dönüb və Yevlax Birləşmiş Aviasiya müəssisəsində mühafizəçi kimi işə başlayıb. 29 oktyabr 1991-ci ildə 6 nəfər iş yoldaşı ilə birlikdə Xocalı aeroportunda xidməti vəzifələrini yerinə yetirib, AN-2 təyyarəsində geriyə - Yevlax aeroportuna qayıdarkən ermənilərin təyyarəni raketlə vurması nəticəsində şəhid olub və Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub.

RAHİM TAĞIYEV

(1979-2016)

Aprel şəhidi, Azərbaycan Silahlı Qüvvələrinin giziri Rahim Qara oğlu Tağıyev 1979-cu il noyabrın 10-da Mingəçevir şəhərində anadan olub. 1998-ci ildə hərbi xidmətə çağırılıb. 1999-cu il yanvarın 15-dən Azərbaycan Silahlı Qüvvələrində müdavim kimi, sonra isə tank komandiri vəzifəsində xidmət edib. 2016-cı ilin Aprel döyüşləri zamanı başından qəlpə yarası alıb və Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalına yerləşdirilib. Üç dəfə cərrahi əməliyyat olunsa da, 3 ay 7 gün koma vəziyyətində qaldıqdan sonra iyulun 10-da vəfat edib. Rahim Tağıyev Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub.

MUSTAFA KAMAL ATATÜRK

(1881-1953)

Türkiyə Cümhuriyyətinin qurucusu, görkəmli dövlət, hərbi və siyasi xadimi Mustafa Kamal Əli Rza oğlu Atatürkün anım günüdür. O, 1881-ci il mayın 19-da indiki Yunanıstan ərazisindəki Selaniki şəhərində doğulub. Şəmsi Əfəndi Məktəbində, Selaniki Mülkiyyə Rüşdiyyəsində təhsil alıb, daha sonra İstanbulda Hərbi Akademiyada təhsilini davam etdirib. 1911-ci ildə İstanbulda Baş Qərargah mərkəzində xidmətə başlayıb. Birinci Dünya müharibəsi zamanı Dardanel boğazının müdafiəsində şücaət göstərərək general rütbəsi - paşa titulu alıb. 1919-cu ildə Anadoluda başlayan və sonra onun adı ilə “kamalçılar” hərəkatı adlandırılan milli qurtuluş savaşına başçılıq edib. 1920-ci ildə Ankarada yeni parlament - Türkiyə Böyük Millət Məclisini yaradıb, eyni zamanda məclisin və təşkil etdiyi hökumətin sədri seçilib. Onun təşəbbüsü ilə 1923-cü il oktyabrın 29-da "Hakimiyyət qeyd-şərtsiz millətindir" və "Yurdda sülh, cahanda sülh" ideologiyası əsasında Türkiyə Cümhuriyyəti yaradıb. 1923-1938-ci illərdə Türkiyənin ilk prezidenti olmaqla ölkəyə rəhbərlik edib. 1934-cü ildə Türkiyə Böyük Millət Məclisinin qərarı ilə ona Atatürk adı verilib. Mustafa Kamal Atatürk 10 noyabr 1938-ci ildə İstanbuldakı Dolmabaxça sarayında vəfat edib. Cənazəsi müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib, mavzoleyi tikildikdən sonra isə 1953-cü ildə oraya köçürülüb.

HÜSEYNAĞA HACIBABABƏYOV

(1898-1972)

Azərbaycanın xalq artisti, opera müğənnisi (lirik tenor) Hüseynağa Soltan oğlu Hacıbababəyovun xatirə günüdür. O, 1898-ci il mayın 19-da Şamaxıda doğulub. “Alekseyevski” məktəbində, sonra məşhur teatr xadimi Həbib bəy Mahmudbəyovun təşkil etdiyi təhsil ocağında oxuyub. “Səfa” mədəni-maarif cəmiyyətinin teatr truppasında, Hüseynqulu Sarabskinin rəhbərlik etdiyi “Müsəlman opera artistləri” dəstəsində, Milli Dram Teatrının truppasında, “Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti”ndə dramatik və musiqili teatr aktyoru, Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi çalışıb. “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Şah İsmayıl”, “Məşədi İbad”, “Qar qız”, “Sevilya bərbəri” və başqa tamaşalarda yaddaqalan obrazlar yaradıb. Hüseynağa Hacıbababəyov 1972-ci il noyabrın 10-da Bakıda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.

MİKAYIL RZAQULUZADƏ

(1905-1984)

Nasir, şair, tərcüməçi, maarif xadimi, əmək veteranı Mikayıl Manaf oğlu Rzaquluzadə də bu gün xatırlanır. O, 17 mart 1905-ci ildə Bakıda dünyaya gəlib. Ali Pedaqoji Məktəbi bitirdikdən sonra Bakı Mərkəzi Kitabxanasında müdir işləyib, Moskva Dövlət Universitetində aspiranturanı müvəffəqiyyətlə başa vurub. Müxtəlif illərdə “Azərnəşr”də tərcüməçi, jurnallarda məsul katib və baş redaktor müavini vəzifələrində çalışıb. Ədəbi yaradıcılığa 1923-cü ildə çıxan “Müəllim” şeiri ilə başlayıb. İlk məqaləsi isə 1926-cı ildə “Maarif işçisi” jurnalında “Cocuq ədəbiyyatında üsul məsələsi” adı ilə dərc olunub. Tərcümə kitablarının sayı 60-dan çox olan Mikayıl Rzaquluzadə 1984-cü il noyabrın 10-da Bakıda vəfat edib.

LEONİD İLİÇ BREJNEV

(1906-1982)

Keçmiş SSRİ-nin dövlət, siyasi, hərbi və partiya xadimi Leonid İliç Brejnevin anım günüdür. O, 19 dekabr 1906-cı ildə Ukraynanın Dnepropetrovsk vilayətində anadan olub. İkinci Dünya müharibəsində iştirak edib, göstərdiyi qəhrəmanlıqlara görə general rütbəsinə layiq görülüb. 1964-1966-cı illərdə Sov. İKP MK-nın Birinci Katibi, 1966-cı ildən 1982-ci ilədək Baş Katibi, 1960-1964 və 1977-1982-ci illərdə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri olub. Sovet İttifaqı Marşalı və dörd dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. "Xalqlar arasında sülhü möhkəmləndirməyə görə" Beynəlxalq Lenin Mükafatı və Ədəbiyyat üzrə Lenin Mükafatının laureatı olub. Onun hakimiyyət dövrü sovet dövlətinin tarixinə “durğunluq illəri” kimi düşsə də, əslində SSRİ vətəndaşlarının ən yaxşı yaşadıqları dövr olub. Sovet qoşunlarının 1968-ci ildə Çexoslovakiyaya, 1979-cu ildə isə Əfqanıstana hərbi müdaxiləsinə göstəriş verib. Leonid Brejnev 10 noyabr 1982-ci ildə Moskvada vəfat edib.

ZÜLEYXA SEYİDMƏMMƏDOVA

(1919-1999)

İlk azərbaycanlı təyyarəçi qadınlardan biri Züleyxa Mir Həbib qızı Seyidməmmədovanın xatirə günüdür. O, 22 mart 1919-cu ildə Bakıda anadan olub. Orta mәktәbi bitirdikdәn sonra Azərbaycan Sәnaye İnstitutunda ali tәhsil alıb. 1935-ci ildә institutda Azәrbaycan qızları arasında paraşütdәn tullanma üzrә birinci yeri tutub. Təyyarәdәn paraşütlә 50 dәfә tullandığına görә paraşüt idmanı üzrә tәlimatçı vәzifәsinә tәyin edilib, 1938-ci ildə isə imtahan verərək Moskvada Jukovksi adına Hərbi-Hava Akademiyasına qəbul olunan ilk şturman qız olub. İkinci Dünya müharibəsində qırıcı təyyarəçi və qadınlardan ibarət qırıcı aviasiya polkunun komandir müavini kimi 500-dən artıq döyüş uçuşu keçirib, 125 döyüş aparıb, 38 alman təyyarəsi vurub. 1946-1952-ci illərdə komsomol və partiya komitələrində məsul vəzifələrdə çalışıb, 1952-1975-ci illərdə isə Azərbaycan SSR-in ilk qadın sosial təminat naziri olub. İki “Qırmızı Əmək Bayrağı”, “Lenin”, “Şərəf nişanı” ordenləri və medallarla təltif olunan Züleyxa Seyidməmmədova 1999-cu ildə Bakıda vəfat edib. Bәstәkar Tofiq Quliyev onun haqqında mahnı bәstәlәyib, sonradan vala yazılan bu mahnı yüksәk tirajla satılıb.

Dİgər xəbərlər