Özbəkistan şairələri Prezident İlham Əliyevə məktub ünvanladılar
29 oktyabr 2020 19:52 (UTC +04:00)

Özbəkistan şairələri Prezident İlham Əliyevə məktub ünvanladılar

Özbəkistanın qadın şairləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıblar.

APA-nın xəbərinə görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Biz, Özbəkistanın qadın şairləri bu günlərdə Azərbaycanda baş verən hərbi əməliyyatlarla əlaqədar Sizə müraciət edir və həyatını itirən insanlarla əlaqədar başsağlığı veririk.

Biz bilirik ki, Azərbaycan 30 ildir Ermənistanın işğalı altında olan torpaqlarını azad etmək və BMT-nin münaqişənin həllinə dair qəbul olunmuş 4 qətnaməsinin tələblərini yerinə yetirmək üçün hərbi libas geyinib öz torpaqları uğrunda Vətən savaşı aparır. Tarixdən bizə yaxşı məlumdur ki, Qarabağ diyarı daim türk yurdu olub, bütün tarixi mənbələr, sənədlər, abidələr bu faktı bir daha təsdiq edir.

Necə ola bilər ki, Qarabağda 80 min nəfərə yaxın olan ermənilərin hüquqları, onların gələcək taleyi hamını maraqlandırır, amma bu diyarın əbədi sakinləri olan, etnik təmizləmə nəticəsində öz torpaqlarından qovulan bir milyondan çox azərbaycanlının nə dünənki, nə bugünkü, nə də gələcək həyatı heç kimi maraqlandırmır və bu haqda danışan yoxdur.

Biz bu dünyada ədalətin, beynəlxalq hüququn olmamasının son zamanlar bir daha görməkdəyik. Kim o torpaqlardan qovulan insanların 27 il çəkdikləri əziyyətlərin, məşəqqətlərin əvəzini qaytaracaq?

Biz işğaldan azad edilən Cəbrayıl rayonunun görüntülərini izləyəndə məyus olduq və dəhşətə gəldik. Bura tamamilə xarabazara - bütün infrastrukturu dağılmış bir əraziyə çevrilib. Bu rayon böyük İpək Yolunun üzərində yerləşib və buradakı tarixi Xudafərin körpüsü əsrlərlə xalqlarımız arasında mədəni, ticarət bağlantısı olub. Bu gün bütün dünya bilməlidir ki, ermənilər heç bir hüquqa hörmət qoymayaraq Dağlıq Qarabağ bölgəsinin ətrafında ondan ərazi cəhətdən daha böyük olan 7 rayonu zəbt edib və bunu sərsəmcəsinə təhlükəsizlik zonası adlandırır, bu əraziləri 27 ildir işğal altında saxlayırlar. Halbuki, bu rayonların əhalisinin 97 faizi yerli azərbaycanlılardır. Bu, hansı qanuna, məntiqə və beynəlxalq hüquqa sığır? Bu danışıqlar dözümlü, sülhsevər Azərbaycan xalqı tərəfindən 27 ildir ki, aparılır və hamımız onun nəticəsini yaxşı gördük.

Müharibə dünən və bu gün bütün dəhşətləri ilə Azərbaycan torpağında getməkdədir. Şəhərləri dağılan da, ərazisində ağır texnika hərəkət edən də və sabahları güllə səsləri ilə açan da Azərbaycandır. Ermənistan ərazisində bir güllə belə atılmır, qanlar tökülmür. Ona görə də işğalçı tərəf bu gün belə arxayın və riyakarcasına dinc əhaliyə raket zərbəsi endirməkdə davam edir.

Atəşkəs müqaviləsi imzalanandan sonra döyüşlərin getdiyi ərazidən 100 kilometr məsafədə yerləşən, dahi Nizami Gəncəvinin vətəni və böyük mədəniyyət beşiyi olan Gəncənin dinc əhalisini gecə saat 2-də raket atəşinə tutmaq bizləri çox sarsıtdı və hiddətləndirdi. Xocalıda tökülən o qanlardan, uşaqların, anaların fəryadından doymayan canilər dinc Gəncəni də vurdular. Bu, sivil dünyada qəbulolunmaz hadisə və bəşəri cinayətdir.

Hesab edirik ki, işğal bitməli, doğma yurdlarından qovulmuş, etnik təmizləmə, soyqırımına məruz qalmış dinc azərbaycanlılar öz torpaqlarına qayıtmalıdırlar. Biz isə öz aramızda bu cür ideyalara, başqalarının torpaqları hesabına öz ərazisini böyütməyə, xalqları zülm və iztirablara məhkum edənlərə “dur” deyirik. Hamımız artıq yaxşı görürük ki, bu cür haqsızlığın axırı nə ilə bitir. 30 ildir davam edən bu münaqişə regiona, xalqlara nə qədər zərbə vurdu, yüz minlərlə insanın həyatını, arzularını məhv etdi.

Biz qadın şairlər olaraq bu imkandan istifadə edib bütün dünya analarına, qabaqcıl təfəkkürlü insanlara buradan müraciət edirik. Biz analar daim sülh istəyirik və istəməliyik. Amma davamlı və əbədi sülh. Bu sülhü yurd yerləri, evləri, abidələri, qəbirlərimizin düşmən tapdağı altında olması, özümüzün isə köçkün kimi həsrətdən çürüyərək məhv olmağımız hesabına deyil, azad, ədalətli və beynəlxalq hüququn, ərazi bütünlüyünün təmin edildiyi şərtlərlə istəyirik.

Biz də türk ellərinin, türk dünyasının hər bir ziyalısı, vətəndaşı, füqarası olaraq haqqın, ədalətin və bunu özünün əsas qayəsi hesab edən Sizlərin, Azərbaycanın yanındayıq.

Biz bu gündən qarabağlıyıq! Ürəyimiz daim Sizinlə, Azərbaycanla döyünür. Vətən əmanətdir, Vətən anadır, Ana isə bizlərdə müqəddəsdir.

Hörmətli cənab Prezident, torpaqlarınızın son qarışınadək azadlığı uğrunda mübarizədə Tanrı Sizə və bütün ədalət carçılarına yar olsun! Qarabağ Azərbaycandır və nida işarəsi!

Dərin hörmət və ehtiramla,

Dilbar Heydərova - şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü

Gülbahor Ashurova – professor, şairə

Dildora Hasanova - jurnalist, Özbəkistan Dövlət Televiziyasının “Mənbələr

danışanda” verilişinin baş redaktoru və aparıcısı

Uktamoy Xaldarova – şairə, tərcüməçi

Gulnora Shininova - şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü

Kutlibeka Rəhimboeva - şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü

Şərifə Səlimova - şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü

Zülfiyə Muminova - şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü

Nəzirə Salomova - şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü

Sayora Tuyçiyeva - şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü

Hulkar Hamroeva - şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü

Zebo Mirzəyeva - şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü

Zəhra Həsənova - şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü

Faroqat Xudoyqulova - şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü

Güljamol Əsgərova - şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü

Zilola Xocaniyozova - şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü

Mahfuza Imomova - şairə, Özbəkistan Yazıçılar Birliyinin üzvü

Şaxlo Qasımova – şairə, tərcüməçi

Xamrogul Ashurova - şairə

Mavjuda Rajabova - şairə

Özbəkistan Respublikası, Daşkənd şəhəri”.

# 1420
avatar

Oxşar yazılar