"Ordumuza sonuna qədər güvənirik" - ziyalılarımız cəbhədəki uğurlardan DANIŞDI
29 sentyabr 2020 16:53 (UTC +04:00)

"Ordumuza sonuna qədər güvənirik" - ziyalılarımız cəbhədəki uğurlardan DANIŞDI

Sentyabrın 27-sindən etibarən Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatına qarşı Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücuma keçib. Bir neçə gündür ki, davam edən döyüşlərdə ordumuzun uğurları, eləcə də cəbhədən ard-arda gələn xoş xəbərlər isə bütün xalqın sevincinə səbəb olub.

Lent.az cəbhədə baş verənlərlə bağlı tanınmış ziyalıların fikirlərini öyrənib.

“Torpaqlarımız uğrunda gedən döyüşləri, ordumuzun sərgilədiyi igidliyi tarixi qələbə hesab edirəm”.

Bu sözləri saytımıza açıqlamasında Azərbaycan Respublikasının xalq yazıçısı, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə heyətinin sədri Afaq Məsud deyib. O bildirib ki, bu gün bütün Azərbaycan müqəddəs Vətən sevgisilə, doğma torpaqlarımız - Şuşa, Xankəndi, Kəlbəcər, Laçın həsrətilə döyünür:

“Bu qələbəni, eyni zamanda Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin yenilməz iradəsinin, sonsuz Vətən sevgisinin qələbəsi hesab edir, «Yaşa Azərbaycan Ordusu!», «Var ol, cənab Ali Baş komandan!» deyirəm.

Belə bir taleyüklü, həlledici məqamda Azərbaycanın yanında dayanan, qəlbi Azərbaycanla döyünən qardaş türk xalqına, türk dünyasının böyük lideri Rəcəb Tayyib Ərdoğana sonsuz sevgi və sayğılarımı bildirirəm”.

 

“Son 30 ildə ermənilərə bəşər tarixində bizim qədər hörmət edən, diqqət göstərən heç kəs olmayıb”.

Azərbaycan Yazıçılar Birliyinin üzvü Seyran Səxavət deyib ki, ermənilər artıq azərbaycanlıları boğaza yığıblar:

“Biz həmişə deyirdik ki, səbr edirik. Ancaq biz səbr etmir, dözürdük. İndi bir neçə gündür ki, ardıcıl ordumuzdan şad xəbərlər alırıq. Biz torpaqlarımızı istəyirik. Ermənilər gəlib bizim evimizdə oturaraq, yataq, qonaq otağını istəyirlər. Hətta onlara iddialarını bildirirlər. Hər şeyin bir sonu var və artıq sona çatırıq. İndi onların zabitləri, əsgərləri döyüş zonasından uzaqlaşırlar, bizə uduzurlar və kəndlərimizdən qaçırlar.

Həmişə düşünürdüm ki, Qarabağ torpaqlarının qayıtması mənim üçün birinci plandır. Artıq bir neçə gündür hiss edirəm ki, mənim üçün bu ikinci plandır. İlk plan xalqın inamının geri qayıtmağı imiş. Hazırda isə bu proses gedir.

Təxminən bir ay əvvəl mediaya verdiyim açıqlamada bildirmişdim ki, bu yaxınlarda nəsə olmasa azərbaycanlılar arasında sürətlə gedən kütləvi qeyrətsizləşmə başa çatacaq. Bu olsa idi, hər şey üçün gec olacaqdı və bunu düzəltmək də asan-asan olmayacaqdı”.

Yazıçı qeyd edib ki, Azərbaycan ordusuna sonuna qədər güvənir:

“Qonaq çağırıldığım televiziya kanallarında məndən tez-tez soruşurdular ki, nə üçün Qarabağdan əsərlər yazmıram, yazılmır. Axı mən və ya başqası yazmaqla Qarabağ geri qayıda bilməz. Mən roman yazsam, qəhrəmanım hamını qıra-qıra İrəvana qədər gedib çıxa bilər. Amma mənə bu lazım deyil. Mənə Qarabağın qaytarılması faktı lazımdır ki, orada diz çökə bilim, üzümü torpağına sürtə bilim.

Bunu da deyim ki, 3-4 il əvvəldən dostlarım olan şair və yazıçılara Qarabağ haqqında yazmağı qadağan eləmişəm. Çünki Qarabağ haqqında yetərincə pyes, şeir, poema, roman və s. yazılıb. Qarabağ haqqında ən böyük romanı Ali Baş Komandan, Müdafiə Nazirliyi və Azərbaycan xalqı birlikdə yazmalıdır. İndi o günlər gəlib çatıb. Artıq Ali Baş Komandanın iradəsi ilə hamımız bir yerdə bu romanı yazırıq və inşallah tezliklə bitirərik”.

 

"İnsanları ruhdan salmaq olmaz".

Yazıçı İradə Tuncay isə ictimaiyyəti ancaq rəsmi mənbələrə inanmağa çağırıb:

“Hazırda dövlətimizin yanında olmaq lazımdır. Bu gün elə bir dönəmdir ki, ancaq dövləti, ordunu dəstəkləməli, uğurlara sevinməliyik.

Şəhidlərimizə, əsgərlərimizə qurban olum, ancaq bəd xəbərləri yayımlamaq lazım deyil. Hər şey düzgün olanda, müharibə başa çatandan sonra bu xəbərləri yayımlamaq lazımdır. İnsanları ruhdan salmaq olmaz, xalqın ruhu mütləq saxlanılmalıdır”.

 

"Azərbaycan Prezidentinin son çıxışları bizi qələbəyə doğru aparır".

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid qeyd edib ki, sentyabrın 27-dən bütün Azərbaycan xalqı ayaq üstədir:

“Azərbaycan ordusunun ermənilərin hücumuna qarşı əks-həmləsi, Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciəti, qətiyyəti və dediyi fikirlər düşünürəm ki, bütöv xalqı bir nəfər kimi ancaq cəbhə, ordu ilə yaşamağa sövq edib. Azərbaycanın bütün ictimaiyyəti onu dəstəkləyir və biz hər an ordumuzdan yeni, xoş xəbərlər gözləyirik.

30 ildir ki, torpaqlarımız, doğulduğum yerlər işğaldadır. Mənim kimi ölkədə milyona yaxın insan var. Dünyanın da buna susqunluğu, insanların səbrini artıq tükədib. Ermənilər isə vəhşiliyə davam edir və durmadan mülki şəxslərə hücum edirlər”.

Rəşad Məcid vurğulayıb ki, müharibədə şəhid şəhid olan əsgərlər, zabitlər qəhrəmandırlar:

“Onlar xalqımızın ruhunun təmsilçisidirlər. Artıq dünəndən məni zəng vurub təbrik edənlər olub ki, Ağdamı, Füzulini işğaldan azad etmişik. İnsanlarımız qələbə arzusu ilə yaşayırlar. Uzun illərdir ki, biz məğlub xalq kompleksini içərimizdə daşıyırıq. Ona görə də hadisələr və Azərbaycan Ordusunun Ermənistanın hücumlarına qarşı əks həmlələri və qazanılan qələbələr hər bir insanda qürur hissi, göz yaşları doğurur”.

# 1777
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar