Zəngilan rayonunun Mincivan qəsəbə sakini, Qarabağ müharibəsində girov götürülən Abbas Şahməmmədovla söhbətimiz yazıya çevriləndə artıq özü həyatda olmayacaqdı...
Müsahibin həyatda olmadığı bir vaxtda onun ağrılı səs yazısını dinləyib materialı hazırlamaq nə qədər çətin olsa da, əgər həqiqətən də başqa bir dünya varsa, O artıq həmin dünyada əzabsız yaşayır düşüncəsi insanı sakitləşdirir...
Lent.az ailəsi adından Abbas Şahməmmədova rəhmət diləyir, ailəsinə səbir arzulayırıq...
Əvvəli burada: I hissə, II hissə, III hissə
IV hissə
- Bizi ələ salır, bizimlə məzələnirdilər... Bu gün o münasibətin birini körpə uşağa göstərsən, qəbul etməz, ancaq yaşlı-başlı kişiləri belə alçaldırdılar... Qızım, elə alçaldırdılar ki, mənim onları sizə deməyə dilim gəlmir...
- Əsirlikdə nə qədər qaldınız?
- Düz 2 il yarım...
- Bu müddətin hamısını Xocavənddəki zirzəmidə keçirdiniz?
- Xocavənddə az qaldıq, bir müddətdən sonra hamımızı gətirdilər Xankəndinə. Orada da zirzəmidə saxladılar. Yanımızda da donuz saxlayırdılar. Çox qəribə yer idi ora, xüsusi taxta stollar düzmüşdülər, elə rütubət var idi ki, divarlardan su axırdı... Qabağında isə siqaret çəkmək üçün yer var idi. Arada çıxıb siqaret çəkirdik. Elə ki, görürdük qapı açılır... Onu yadıma salmaq istəmirəm...
- Gələnlər kim idi?
- İrəvandan gələn “saqqallılar”. Saqqalları sinələrinə düşürdü. Onlar çox amansız idilər... Onların döyməyinin yanında dubinka ilə döyülmək nə idi ki? Əllərinə nə gəldi, çırpırdılar başımıza...
- Xankəndində nə qədər qaldınız?
- Xeyli qaldım. Bir müddətdən sonra hamını yığdılar ki, aparırıq dəyişməyə... Qaldıq iki nəfər...
- İkinci kim idi? O da girov idi?
- Yox, o əsir idi. Elə əsir olduğu üçün də onu saxladılar. Məni də onun üstündə çox incitdilər, əzablar çəkdim, ağır işgəncələr verdilər...
- Niyə? Səbəb nə idi?
- Ermənilər haradansa məlumat əldə etmişdilər ki, mənimlə saxladıqları oğlan zabitdir. Məni nə hallara salıb soruşurdular ki, “sən onun zabit olduğunu bilirdin? Desən, sənə işgəncə verməyəcəyik”, deyirdilər. Deyirdim, “yox, sıravi əsgərdir...” Onun zabit olduğunu heç kim etiraf eləmədi, amma hamını aparıb, ikimizi saxladılar... Bir-iki gün sonra səhər tezdən gəlib ikimizi də zirzəmidən çıxartdılar ki, “sizi Şuşaya aparırıq!” Gedib gördük ki, iki gün əvvəl dəyişilmək adı ilə apardıqları əsirlərin hamısı buradadır...
- Şuşa həbsxanasında?
- Bəli...
- Ermənilərin Qarabağda yaratdıqları ən amansız əsir düşərgələrindən biri...
- Bəli... Bura çox dəhşətli yer idi...
Susur... Sözlərini ürəyində saxlamağı bacarsa da, göz yaşlarını gizlədə bilmir. Heç gizlətməyə də çalışmır. Sanki özü də gözündən axan yaşın fərqində deyil. Titrəyən əllərini stəkanın kənarında qızdırmağa çalışır... Yayın günü, isti otaq... O isə soyuqdan titrəyir... Əminə xanım dərhal çayı dəyişir. Abbas kişi qaynar stəkandan daha da möhkəm yapışır...
Bu hadisə altı il öncə baş versə, yəqin ki, nə baş verdiyini bütün incəliklərinə qədər duymaqda çətinlik çəkərdim. İndi isə Bakının isti yay günündə insanın iliyini belə donduran soyuğun, sazağın nə ola biləcəyini yaxşı başa düşürəm... Çünki o şaxtanı bu altı ildə dəfələrlə duymuşam: Müşfiqi, Atillanı, Qoşqarı, Xəqanini dinləyəndə özümü günlərlə Şuşa həbsxanasının əsir düşərgəsində hiss etmişəm... Orda insanlar təkcə soyuqdan titrəmirdilər. İnsanlığın öldüyü yerdəki biganəliyin yaratdığı duyğu adamı illər sonra da bıçaq kimi kəsir...
...“Əsir düşərgəsi”nin daimi oxucuları yaxşı bilir, Xan qızı Natəvanın 1848-ci ildə tikdirdiyi Şuşa həbsxanası hələ Rusiya İmperiyası zamanında, elə sonradan sovet hakimiyyəti dövründə də ən dəhşətli məhbəslərdən hesab olunurdu. 350 nəfərin cəza çəkməsi üçün nəzərdə tutulan həbsxanada ermənilərin rəhbərlik etdiyi dövrlərdə məhkumlar üçün ağlagəlməz işgəncə metodları düşünülmüşdü. Məsələn, divarda xüsusi hazırlanan tabut formalı dəmir siyirmələr var imiş. Məhkumun əl-qolunu bağlayıb qutuya uzadır, divarın içinə itələyirmişlər. İnsan eyni ilə məzar kimi – soyuq, dar, qaranlıq, havasız məkanda saatlarla qalmalı olurmuş. Üstəlik, üstündən sağa-sola keçən, üz-gözünü, bədənini didişdirən ac siçovullar...
Ermənilər Şuşanı işğal etdikdən 3 il sonra, 1995-ci ildən başlayaraq, həbsxananı islah-əmək düşərgəsinə çevirəcəkdilər, amma hələ hər daş-divarına insan əzabı həkk olunan tikilidə 500-dən çox azərbaycanlı əsir və girovları saxlayır, onlara amansız işgəncələr verir, vəfat edənləri yaxınlıqdakı qəbiristanlıqda elə əsirlərin özlərinə dəfn etdirirdilər...
Şuşa həbsxanasındakı insan faciəsini bir kəlmə ilə təsvir etmək çətindir. Mənim yaddaşımda onlarla detallar var:
- Səhər yanında yatan yoldaşının yuxudan ayılmadığını görən əsir onun öldüyünü başa düşüb, mərhumun nəm üst geyimini özü geyinir...
- Aclıq və bitib tükənməyən işgəncələrdən sonra kameraya atılan əsir yaralarına çəkilən sığalı duyur... Siçovuldur, təzə yaraların qanını yalayır...
Artıq bütün bunları bilirəm deyə müsahibimin qarşısında saatlarla susa bilərəm. Təcrübəm deyir ki, Şuşa həbsxanasından söz düşəndə müsahibə ilk 15-20 dəqiqədə heç bir sual vermək lazım deyil... Bəzən lap yarım saat susmalı olursan, o vaxta qədər ki, özü sözə başlasın... Mütləq həmin məqamı gözləmək lazımdır...
Əminə xanım isə Abbas kişini sakitləşdirməyə çalışır:
- Yaxşı, ağlama... Çay iç, bir az özünə gəl...
- Əminə xanım, bir az da sizdən danışaq. İmişliyə gəldiniz. Sonra nə baş verdi?
- Nə gündə idik, qızım... İran polisi sağ olsun, cibindən pul verib lavaş-pendir almışdı, onu yeyirdik. Amma 15 gün ərzində Arazın qırağında eyni paltarda. Yağış kəsir, qar başlayır... Uşaqlar da xəstə idi, özüm də... İrandan gələndə bizi bir gecə məsciddə saxladılar, yenə ora yaxşı isti idi... Səhəri gün QAZ-51-lə gətirdilər İmişliyə, oradan da Kürdəmirin Topalhəsənli kəndinə. Orada da kolxoz sədri gəldi, polis dedi ki, “bu uşaqlar bir yana, qadını götürün, yazıqdır, düz 15 gündür Arazın qırağında ağlayır, balaları acdır... Qarın-yağışın altında ocaq qalayıb yaşayır...”
Nə isə, Vüsalə, qızım, mənim dərdim 10 kitaba sığası deyil... Bizi balaca bir dəlləkxanaya yığdılar desəm, inanarsan? Dəlləkxanaya! 15 gün Arazın qırağında elə kökə düşmüşdük ki, bizi görəndə heç ağıllarına da gəlmədi ki, biz də bu ölkənin insanıyıq, biz də ev-eşik yiyəsi olmuşuq. Bizə qışın günü başımızı təpməyə isti bir otaq lazımdır... Dəlləkxanada insan yaşayar? Darısqallıq, heç bir şəraiti yox... Bir sözlə, orada yaşamaq heç mümkün deyildi... Çarəmiz də yox idi. Birtəhər uyğunlaşmağa çalışdıq, mümkün olmadı... 20 gündən sonra gəldik Bakıya, Yasamala...
- Yasamalda harada yaşayırdınız?
- Qızım, çox gec idi, hamını yerləşdirmişdilər, 1993-cü ilin dekabrına məcburi köçkün qalardı? Yaşanması mümkün olan bütün yerlər dolmuşdu. Düz 10 gün də Qanlı göl tərəfdə Abbasın UAZ-ında yaşadıq, yer verən olmadı...
...Hər gecə Yasamaldakı Texniki Universitetin yataqxanasına baxırdım, görürdüm, bir pəncərənin işığı yanmır... Orada Nurəddin adında bir oğlan var idi, vəziyyətimizi görəndə ürəyi ağrıyırdı. Bir gün dedi “bu gecə sizi o otağa yığacağam. Qabaqdan qış gəlir, bu maşında donub öləcəksiniz...” 5-ci mərtəbə, 518-ci otaq...
Ora yerləşən kimi iş axtarmağa başladım. Növbə ilə üç yerdə təmizlik işləri görürdüm – Yasamaldakı türk liseyi, 3 saylı fabrik və “Aslan” kafesi. Üçü də Yasamalda idi.
- Uşaqlar nə işlə məşğul idi? Məktəbə gedirdilər?
- Yox, məktəbə qoymadım. Böyük oğlum məktəbi Mincivanda qurtarmışdı, Bakıda ofisiant işləməyə başladı. Kiçiyi isə evdən buraxmırdım. Yad yerdi, tanımıram, bilmirəm, oğlan uşağıdır, biri vuranda bilmirəm kimdir... Qabaqda atası yox, qardaşı da uşaq yaşından çörək dalınca gedir... Evdə qoyub, gedirdim işə... Qızım, onu deyim ki, yataqxanada Əsli adında alverçi qadın var idi, Füzulidən məcburi köçkün idi. Əlimə pul gələn kimi ilk işim ondan Abbas üçün əyin-baş almaq oldu... Uşaqlar deyirdi, “ay ana, neyləyirsən?” Deyirdim, “ay bala, birdən qəfil gələr, gedib qonşuya deməyəcəyəm ki, mənim ailəm gəlib, gəl ona şalvar ver”. Bax, beləcə hər tədarükümü görmüşdüm!
- Deməli, artıq girov götürüldüyü barədə hər hansı rəsmi məlumat almışdınız?
- Bilirdim ki, Abbası tutublar. Tanıyırdım axı, əmin idim ki, tutmasaydılar o nə yolla olur-olsun, gəlib bizi tapacaqdı...
- Axı həlak olanlar da var idi...
- Hə, var idi... Amma Yasamalda yerləşəndən sonra axtarıb Beynəlxalq Qızıl Xaç Komitəsini tapdım, gedib-gəlirdim... Sonra məktub gəldi... Onda uzun müddətdən sonra ilk dəfə sevindim... Bu elə bir vaxt idi ki, inan, mən də, uşaqlar da artıq sevincin nə olduğunu unutmuşduq... Sonradan ayda bir dəfə mən məktub yazıb aparırdım, bir dəfə də ondan məktub gəlirdi...
- Məktublara baxıram, ilk məktub martda gəlib. Deməli, siz o vaxta qədər əsirlikdə olduğunu bilmirdiniz?
- Hə... Hə! Martda gəldi ilk məktubu! Qızım, biz onun adını Qırmızı Xaçın siyahısına saldırandan sonra orda axtarıb tapdılar. Ondan sonra bir az arxayınlaşıb... İndi danışmır, yaddaşı da xarab olub, danışmaq da istəmir... Ona nə əzablar veriblər, düz 6 ay zülm ayaqlayıb... Bədənini görəsiniz, yanıq-yanıqdır... Kösövü yandırıb basıblar yanına. Özü çox şeyi demir, sıxılır, utanır... Qayıdandan sonra mən onun yanını, bağırsağını düz üç dəfə əməliyyat elətdirmişəm...
- Əminə, bəsdir! Hamının dərdi var, tək biz deyilik... Şuşada cavan-cavan oğlanlara, yekə-yekə kişilərə nə əzablar verirdilər...
- Şuşada əsirlərin arasında bir nəfər olub, bizim əsir və girovlara verilən işgəncələrdə iştirak edib... İndi “Vətənə xəyanət” ittihamı ilə ömürlük həbsdədir...
- Hə, var idi elə biri... Adını yadıma sala bilmirəm, qızım, yaşadıqlarım yaddaşımı silib, artıq əsirlikdə adları unutmağa başlamışdım... İnanın, o bir dəfə məndən soruşdu ki, “neçə uşağın var?” Dedim “üç...” Adlarını soruşdu, yadıma sala bilmədim... Elə bir şillə çəkdi ki, yerlə bir oldum... Onun şilləsinin ağrısı bir həftə getmirdi... Çünki əsirlikdə erməni şilləsi öz millətindən olan adamın şilləsi qədər ağır ola bilməz... Əsirlikdə özününkünün verdiyi işgəncələri ömrünün sonuna qədər unutmur, ağrısını hiss edirsən... Axı niyə? Hamımız bir cana borcluyuq, bir ömür yaşayıb, çıxıb gedəsiyik... Dünyada heç kim ikinci ömrü yaşaya bilməyib, nə varlısı, nə güclüsü, nə də ki, savadlısı... Bəs belə olduğu halda insan kişi kimi yaşayıb ölməkdənsə niyə əsirlikdə düşmənlə əlbir olub öz millətinin balasına zülm verməlidir? Niyə? Şuşa həbsxanasında onsuz da biz hamımız qorxu içində idik... Bu azdır ki, bir də içimizdə satqın olsun?
(Davamı olacaq...)
Növbəti bölümdə:
- Heç unutmuram, bir dəfə ermənilər onun qollarını arxaya qanırıb, təpiklədilər. Sonra dedilər ki, Azərbaycan bayrağını cır, tapdala, sənə işgəncə verməyək... Cavab verdi ki, o bayraq mənim vətənimdir. Onu dünyasında alçaltmaram. Mənim üçün sizin işgəncənizin fərqi yoxdur... Mən bayrağımı nə cıraram, nə də ayaqlayaram. Ona toxunası olsam ancaq öpüb, bağrıma basmaq üçün toxunaram... And olsun allaha, qızım, elə belə də dedi! Onu bizim gözümüzün qabağında bir günə qoydular ki...
- Görün neçə il keçib... Girovluqda aldığım zədələrdən dəfələrlə əməliyyat olunmuşam... Əsəblərim qaydasında deyil. Birlikdə əsirlikdə olduğum insanların adını, üzünü unuduram... Əzablı xatirələr mənə dinclik vermir deyə yaddaşımdan silməyə çalışıram... Bütün bu zülmətin içində yeganə işıq o idi. Onunla bağlı bütün hadisələr yadımdadır. Övladlarımın adını unutmağıma baxmayın, onu bir gün də olsun unutmadım...