48036
10:00
26 Avqust 2020

“Onlar uzaqlaşan kimi itləri qovub, sümükləri yığıb, gətirib yeyirdik...” – ƏSİR DÜŞƏRGƏSİ

Zəngilan rayonunun Mincivan qəsəbə sakini, Qarabağ müharibəsində girov götürülən Abbas Şahməmmədovla söhbətimiz yazıya çevriləndə artıq özü həyatda olmayacaqdı...

Müsahibin həyatda olmadığı bir vaxtda onun ağrılı səs yazısını dinləyib materialı hazırlamaq nə qədər çətin olsa da, əgər həqiqətən də başqa bir dünya varsa, O artıq həmin dünyada əzabsız yaşayır düşüncəsi insanı sakitləşdirir...

Lent.az ailəsi adından Abbas Şahməmmədova rəhmət diləyir, ailəsinə səbir arzulayırıq...

Əvvəli burada: I hissə, II hissə

III hissə

- Gün boyu sahildə oturub, gözümü dikirdim bu taya ki, Abbas gələcək. Axırda İran polisi dedi ki, burada qalma, uşaqların yazıqdır... Bax, erməni çayın o üzündədir, atacaq, gəlib dəyəcək balalarına... Ancaq necə edim? Hara gedim? Mən burada yaşamıram, gözləyirəm! Abbas gəlsə məni burada axtaracaq. Getsəm, Abbas bizi necə tapar? Getmək, artıq Abbası gözləməmək deməkdir...

Qızım, axı avqust ayından kənddə çox adam deyirdi ki, bu işin axırı yoxdur... Elə adam oldu, ev-eşiyini daşıyıb apardı qohum evinə... 1992-ci ilin fevralında qızıma toy eləmişdik. Yavaş-yavaş oğul toyuna hazırlaşaq deyib, toyxananı uzatmağa başlamışdıq. Yəni, evimizdən çıxmaq haqqında düşünmürdük. Qızım xəstəxanada tibb bacısı işləyirdi, gəlib dedi ki, ata, deyirlər ki, ermənilər bura da gələcəklər, bəlkə çıxaq gedək? Abbas cavab verdi ki, biz İranla həmsərhədik, erməni İranla sərhəddə müharibə aparmaz, qorxmayın. Başqa kəndlərdən nə qədər adam da elə buna görə Mincivana pənah gətirmişdi. Biz də ona arxayın olduq... İran polisi belə deyəndə qorxdum. İndi ki, ermənilər İranla sərhədə qədər gəlib çıxdılar, bir də gördün Arazın bu üzünə də atdılar... Nə bilmək olar? Amma axı Abbas da nə vaxtsa gəlsə, bizi burada axtaracaqdı... Yenə dedim “Abbas gələnəcən getməyəcəm”. Axırda polis uşaqlarla məni maşına söykəyib, şəklimizi çəkdi ki, elan verəcəyik, qorxmayın.

İnsafən, İran polisi bizimlə çox yaxşı davranırdı, gecə səhərə qədər bizə göz olurdu. Axırda da yalvardı ki, ay bacı, gəl daşı ətəyindən tök, qışın günüdür, uşaqlarına yazığın gəlsin... Bu şəraitdə özün də öləcəksən, uşaqların da... Noyabrın qarlı günlərinin birində İran polisi bizi Abbasın maşınına yığıb, maşını da “buksirlə” bir QAZ-51-ə qoşub, gətirdi İmişliyə...

Üzümü Abbas əmiyə tuturam:

- Sizi isə Xocavəndə apardılar...

- Hə, qızım. Kəndimizdən ancaq mən idim.

- Sizi tək saxlayırdılar?

- İçəri girəndə qaranlıq idi, ancaq səs eşitdim. Kimsə bizim dildə dedi ki, “ay bədbəxt oğlu, bədbəxt! Necə oldu gəlib bura düşdün?”

- Ora hara idi? Harda soruşdular?

- Bir tikili idi. Üstdə hərbçilər özləri qalırdı, məni isə zirzəmiyə atdılar... Qaranlıq, göz gözü görmür...

- Zirzəmidə sizdən başqa neçə əsir var idi?

- Əvvəl bilmədim. Təxminən bir saatdan sonra qapını açıb, dedilər, “çıxın!” Onda mənimlə bir oğlan da çıxdı. O məndən qabaq əsir düşmüşdü... İslanmışdım, apardılar, odun sobasının qırağında üstümü qurutdum. Bir az da yeməyə çörək verdilər, sonra ikimizi də qaytarıb gətirib saldılar zirzəmiyə...

- Yeməyə verdikləri çörək necə idi?

- Normal çörək deyildi, qızım. Qara çörək idi, onun da xəmirinə qum qatmışdılar. Yeyəndə dişin qamaşır, ağzında xırçıldayırdı. Elə bil turş alma yeyirdin... Axı məni təzə tutanda şüşəni də çeynəyib, udmuşdum... Bir az da onda ağzım yaralanmışdı... Amma özlərinə Elmira xanıma çörək bişirdirdilər, o yaxşı çörək idi. Bir-birimizi tanıyırdıq, gizlicə gedib deyirdim, “ay bacı, sən allah çörəyin varsa, bir tikə ver”. Deyirdi, “Abbas qağa, bu çörək sayladı ey, mən bunlardan sənə necə verə bilərəm?” Deyirdim, “başına dönüm, yenə bax, gör də. Ola bilər ki, yanmışı-zadı olsa, ver...” O da baxırdı görsün nə tapır... Qırıntı, ovuntu demirdi, nə tapsa, verirdi...

- Kim idi o qadın?

- Erməniydi, Azərbaycandan köçmüşdü, arada danışığından elə başa düşürdüm ki, Füzulidəndir. Cavan idi, çox olsa 35-40 yaşı olardı. Erməni əsgərlər üçün çörək bişirirdi. İnsafən, yaxşı qadın idi, vicdanlı davranır, ermənilər bizi döyəndə gəlib, “eləməyin, yazıqdırlar, döyməyin” deyirdi...

- Bu nə vaxt idi?

- Artıq əsir düşməyimdən bir-iki ay keçmişdi. Elmira əlinə-ovcuna düşəndən verirdi, biz də buşlatın altında gizlədirdik... Sonra qaldığımız yerə gələndə hamımız gizlətdiklərimizi çıxardır, üstündəki biti dəmirlə qaşıyıb yerə töküb, qoyurduq ortaya ki, qardaş, verdikləri budur də, neyləyək, bölüşək, yeyək... Onu deyim ki, bit çox idi... Üst-başımızda bit qaynaşırdı... Gizlətdiyimiz yeməyə də hücum edirdi...

- Yeməkləri haradan tapıb gizlədirdiniz? Çörək qırıntılarını bildim, bəs başqa nələr əldə edirdiniz?

- İndi gizlətməyin, yalan danışmağın yeri yoxdur, siz də mənim qızım, ayıb da olsa, deyəcəyəm. Məsləhət bilməsəniz, yazmazsınız... Əti yeyib, sür-sümüyünü gətirib tualetin yan-yörəsində itlərin qabağına atırdılar. Biz də güdürdük, onlar uzaqlaşan kimi itləri qovub, sümükləri yığıb, toplayıb, gətirib şüşə ilə qaşıyır, yeyirdik... Nəcisin, sidiyin içindən... İtin ağzından... İtlər bir-birinin ağzından sümük çəkəndə, bir parça sümük üçün boğuşanda görmüsünüz? Bu gün mənə birtəhər gəlir, danışanda sıxılıram, ancaq aclıq pis şeydir, qızım... Allah heç kimə göstərməsin... Bax, biz o itlərlə sümük üstündə elə it kimi boğuşurduq...

Yaz qabağı bir az cücərən ot görən kimi yolub ciblərimizi doldurur, xəlvətə düşəndə ağzımıza atırdıq. Hərdən elə döyürdülər ki, kimsə yerindən qalxıb havaya çıxa bilmirdi... Bax, onda içəri qayıdanda yüyürürdük həmin əsirin üstünə ki, “qardaş, al, ye! Ot tapmışam!” Fərqi yoxdur hansımız, kim yerindən qalxıb havaya çıxa bilməyibsə, çalışırdıq ona da bir dişlək nəsə tapıb gətirək...

O qədər ot yeyirdik ki, ağzımız yamyaşıl olurdu, yuyurduq da getmirdi... Yemək sarıdan çox əziyyət çəkirdik...

- Bəzi əsir düşərgələrində yerli ermənilər evinin işini görmək üçün azərbaycanlıları aparıb işlədirdilər. Sizdə də olurdu?

- Olurdu nədir, ermənilərdən kimsə gəlib deyəndə ki, mənim evimdə filan işi görmək lazımdır, hamı bir ağızdan deyirdi mən bacarıram! Bir mən yox, hamı elə deyirdi... Deyirdilər “Divar hördürəcəm”, “hamam tikdirəcəm” – deyirdim, “bacarıram!” Baxmayaraq ki, bütün ömrümü sürücülük etmişdim, daşı-daş üstünə qoya bilmirdim. Ancaq deyirdim “bilirəm”, çünki bəziləri işlədəndə çörək verirdilər... Bir çörək verirdilər, and olsun allaha, o gedib içəri gərəndə artıq çörək yoxa çıxırdı. Diri-diri udurduq! Korluq çəkirdik...

Daha zirzəmidə acından dayana bilməyəndə deyirdik, tualetə getmək istəyirik... Oradan qayıdanda tualetin qıraqlarında quru, kifli çörək qırığı olurdu... Ermənilər qoymurdular, amma birdən kimsə gözlərindən yayınıb götürürdü. Hər yerdə gözümüz ancaq yeməyə nəsə gəzirdi, qabağımıza nə çıxdı, götürürdük... Oğurlayıb cibimizə qoyur, gətirib qardaş kimi bölürdük...

- Zirzəmidə əsir çox idi?

- Çox idi. Düzdür, mən heç birini tanımırdım. Çünki Zəngilandan bircə mən idim. O biri rayonlardan idilər, məndən çox əvvəl əsir düşmüşdülər. Onu da deyim, bizim əsir düşərgəsindən təxminən bir kilometr aralıdan çay keçirdi. Göz yaşı kimi dupduru suyu, dibində də qapqara çınqıllar... Çox dayaz idi, dərinliyi təxminən 30-40 sm. olardı. Yəni bəzi yerləri dərin idi, mən dayaz hissəsindən danışacağam... Sakit gecələrin birində qəfil görürdün gəlib bizi çıxardır, ay işığında çaya qədər aparırdılar... Təsəvvür edin, gecənin sakitliyi, aclıq, ətrafda dolanan ölüm, çaya çatanda bizi gözləyən taleyin qeyri-müəyyənliyi...

Çaya çatanda deyirdilər, “uzanın çayın içinə!” Uzanırdıq, gəlib ayaqlarını boynumuzun dalından qoyurdular... Adam döyülmək istəmir axı... Başın girir suya... Nə qədər qala bilərsən? Su pıqqıldayır, ya boğulacaqsan, ya da çırpınıb başını çıxaracaqsan ki, nəfəs alasan...

- Bu onların əyləncəsi idi?

- Hə qızım, baxın, belə vicdansız işgəncələrlə əylənirdilər. Görəndə boğuluruq, şaqqanaq çəkib gülürdülər... Bir gün də gəlib əmr etdilər ki, “beş nəfər çıxsın qarşıya!” Əsirlik elə yerdir ki, sən heç kimə “dur, sən çıx” deyə bilməzsən. Məcbursan, özün qalxıb çıxırsan... Qalxdım... Beşimizi də götürüb apardılar...

- Hara apardılar?

- ...Benzin doldurma məntəqəsi idi... Böyük yer idi, xanımlar var idi, musiqiçilər də... Klarnet və qarmonda erməni havası çalırdılar... Bizi də saldılar ortalığa ki, oynayın! Neyləyə bilərdik? Yaxşı bilirdik ki, bizi bura oynatmağa gətirməyiblər, ancaq yenə də qol götürüb oynadıq... Oynadıqca da başladılar bizimlə məzələnib, dubinka ilə vurmağa... Məcbursan ki, daldalanasan, qaçıb hansısa bir tinə girəsən... Amma oynamasan da, cəzan lap ağır olacaq...

Nə isə, bizi necə lazımdır döyəndən sonra ordakı yük maşının arxasını göstərib, dedilər çıxın ora... Deməli, dedilər biriniz maşının yük yerində əyilin, o biriniz də kabinin üstünə çıxıb, oradan əyilənin üstünə tullanın...

Bu cür də əylənib yorulandan sonra yenə bizi dubinka ilə döydülər... Birini o qədər vurdular ki, balamın canına and olsun, dubinka sındı...

Dubinka ilə döyülmək bilirsiniz nədir...? Mən bir dəfə erməninin birindən soruşdum ki, “sən allah, bunu qaldırıb vuranda neçə kilodur?” Dedi, “bərk vuranda 50, lap ağır zərbə ilə vuranda isə 60 kilo ağırlığındadır...” Sonra da minnət vurdu ki, “elə bilirsən bizə asandır? Ancaq döyülən əziyyət çəkir?” Baxın, belə bir şərait idi... Bizi ələ salır, məzələnirdilər... Bu gün o münasibətin birini körpə uşağa göstərsən, qəbul eləməz, ancaq yaşlı-başlı kişiləri belə alçaldırdılar... Qızım, elə alçaldırdılar ki, mənim onları sizə deməyə dilim gəlmir...

Davamı olacaq...

Növbəti bölümdə:

- 15 gün Arazın qırağında elə kökə düşmüşdük ki, bizi görəndə heç ağıllarına da gəlmədi ki, biz də bu ölkənin insanıyıq, biz də ev-eşik yiyəsi olmuşuq. Bizə qışın günü başımızı təpməyə isti bir koma lazımdır...

- Yaşadıqlarım yaddaşımı silib, artıq əsirlikdə adları unutmağa başlamışdım... İnanın, bir dəfə məndən soruşdu ki, “neçə uşağın var?” Dedim “üç”... Adlarını soruşdu, yadıma sala bilmədim... Elə bir şillə çəkdi ki, yıxıldım... Onun şilləsinin ağrısı bir həftə getmirdi... Çünki əsirlikdə erməni şilləsi öz millətindən olan adamın şilləsi qədər ağır ola bilməz... Əsirlikdə özününkünün verdiyi işgəncələri ömrünün sonuna qədər unutmur, ağrısını hiss edirsən...

Dİgər xəbərlər