"Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA
29 aprel 2026 17:09 (UTC +04:00)

"Yaxşı yemək bişirir, deyib hamını işə götürürlər" - Bağçalardakı ANTİSANİTARİYA

0

Qida Təhlükəsizliyi Agentliyi ölkə üzrə bir çox məktəblərin bufetindəki vəziyyətlə bağlı monitorinq nəticələrini açıqlamışdı. Siyahının qabarıqlığı onu deməyə əsas verirdi ki, təkcə rayon və kənd məktəbləri deyil, hətta paytaxtın mərkəzində yerləşən, kifayət qədər nüfuz sahibi olan təhsil müəssisələrinin də bufetlərində antisanitar vəziyyət hökm sürürmüş.

Qida mütəxəssisi Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, bağçalardakı vəziyyət də ürəkaçan deyil:

“İmmun sistemi zəif olanlar, hamilələr və uşaqlar və yaşlılar risk qrupuna daxildir. Məktəblərlə yanaşı bağçalarda da monitorinqlər aparılmalıdır, çünki oradakı uşaqlar daha çox risk daşıyırlar. Bu yaxınlarda bir hadisəyə şahid oldum. Uşağı bağçaya aparanda mətbəxə daxil olub, vəziyyətə baxanda gördüm ki, aşpazın nə uniforması, nə baş örtüyü, nə də ki, əlcəyi var. Qida təhlükəsizliyi ilə bağlı məlumatı olan insanlar bilirlər ki, insanın dırnağının altında hansı göbələklər olur. Soyuq emal prosesində əlcəyin taxılması zəruri, istifadə olunmaması isə qadağandır. Nəyə görə bu cür səhlənkar insanlara görə uşaqlar göbələkli qidalar yeməlidirlər?!

İctimai iaşə müəssisələrini, aşpazları tez-tez monitorinq edirlər, bu vacibdir. Bəs bağçalarda uşaqlara kütləvi şəkildə yemək bişirən şəxslərin qida təhlükəsizliyi bilikləri, sertifikatları varmı? Bunu kim yoxlayır? Düşünürəm ki, uşaq bağçalarında, xüsusən özəl məktəbəqədər təhsil müəssisələrində xüsusi reydlər  keçirilməli, araşdırmalar aparılmalı, nöqsanlar aradan qaldırılmalıdır.

Uşaqlar xəstələnəndə adətən hava-damcı yolu ilə ötürülən virus və bakteriyalardan şübhə duyulur. Uşaqdan-uşağa bu cür infeksiyalar ötürülə bilər, qidaların hansı dərəcədə təhlükəsiz olması və uşaqların immun sistemini aşağı salmayacağı bəllidirmi? Buna kim cavabdehlik daşıyır? İstər uşaqlar üçün nəzərdə tutulan xəstəxanalarda, istər bağçalarda mütəmadi reydlərin aparılması zəruridir. Aşpaz heyəti sertifikatlaşdırılmış deyilsə, qida təhlükəsizlik biliklərinə, ən az peşə təhsilinə sahib deyilsə, onlar işdən kənarlaşdırılmalıdır. “Mənim anamdır”, “nənəmdir”, “yaxşı yemək bişirir”, deyə qida təhlükəsizlikdə bir standart yoxdur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 720

Oxşar yazılar