Aramsız yağışların yaratdığı fəsadlar
Mart və aprel aylarında yağan aramsız yağışlar Şabran rayonunda da ciddi fəsadlara səbəb olub. Belə ki, yol infrastrukturuna, fərdi evlərə ciddi ziyan dəyib. Aprelin 28-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla nəzərdə tutulmuş Fəaliyyət Planında təbii fəlakət nəticəsində Şabran rayon infrastrukturuna və sakinlərə dəymiş ziyanın da aradan qaldırılması barədə tapşırıq var.
Güclü və aramsız yağan yağışlardan sonra yaranan sel daha çox Şabran rayonunun kəndlərində fəsadlar törədib. Xüsusilə Xəlfələr kəndi və ətraf yaşayış məntəqələrində yolların sıradan çıxması sakinlərin gündəlik həyatını xeyli çətinləşdirib. Bu ərazilərdə ictimai infrastrukturla yanaşı bir neçə ev, həyatyanı sahə, fərdi təsərrüfatlar da zərər görüb.
Bərpa işlərinə başlanılıb
Şabranda fəsadların aradan qaldırılmasına yerli imkanlar çərçivəsində artıq başlanılıb. Lakin problemlərin köklü həlli üçün dövlət başçısının operativ qərarı xüsusi əhəmiyyət daşıyırdı.
Aprelin 28-də Prezident İlham Əliyevin imzaladığı sərəncamdan sonra problemlərin aradan qaldırılması istiqamətində işlərin geniş aparılması nəzərdə tutulur.
Dövlət dəstəyi və kompensasiya tədbirləri
Zərərçəkmiş vətəndaşlara konkret maddi dəstək, infrastrukturun yaxşılaşdırılması və gələcək risklərin azaldılmasını hədəfləyən, vətəndaşların problemlərinin tez və effektiv həllinə yönəlmiş sərəncam Şabran sakinləri arasında da minnətdarlıq hissləri ilə qarşılanıb.
Onu da qeyd etmək yerinə düşər ki, dünyanın bir çox ölkəsində oxşar təbii fəlakətlər baş verdikdə dövlət yardımının verilməsi uzun müddət çəkir və ya kifayət qədər olmur. Azərbaycanda isə Prezidentin birbaşa sərəncamı ilə vəsait dərhal ayrılır və operativ işlər başlayır. Bu, dövlət idarəçiliyinin səmərəliliyini və vətəndaşlara qayğısını göstərir. Ayrılan vəsait zərər çəkmiş əhalinin evlərinin bərpası, yeni fərdi yaşayış evlərinin tikintisi, infrastrukturun (yol, elektrik, su) təmiri və kompensasiya ödənişləri üçün istifadə olunacaq.
"Xalqa olan sevgidir"
Şabran sakini İsif Həsənov Prezident İlham Əliyevə bu sərəncama görə minnətdarlıq edib: " Prezidentimizdən Allah razı olsun, çox gözəl sərəncam imzaladı. Mart ayında yağan yağışlar yolu tamamilə dağıtmışdı. Bu yol 10-15 kəndin yoludur. İnanırıq ki, əvvəlkindən də yaxşı yol olacaq".
Şabran sakini Məzahir Həsənov da deyib ki, 1000 nəfərdən artıq əhali bu yoldan istifadə edir: " Burda hərəkət çox çətin idi. Dövlət başçımızın sərəncamı ilə bu problem həllini tapacaq. Dövlət başçımıza minnətdarıq".
Şabran sakini Müzəffər Nəsirov qeyd edib ki, sel nəticəsində zərər görmüş evlər də bərpa olunacaq: "Prezidentimizə bu cür təşəbbüsünə görə minnətdaram. Böyük bir təşəbbüs, xalqa olan sevgi, xalqa olan məhəbbətdir"
Şabran sakinləri Prezident İlham Əliyevin hər çətinlikdə olduğu kimi, bu dəfə də onları tək qoymadığı qeyd ediblər: "Prezidentin dəstəyi bizə həm də mənəvi dayaq oldu".
Şabran rayon Fövqəladə Hallar Komissiyasının sədri Hüseyn İlyasov bildirib ki, Prezident İlham Əliyevin aprelin 28-də imzaladığı sərəncam Şabran rayonu üçün də böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, hazırda ərazilərdə selin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər ölkə rəhbərinini diqqət və qayğısından sonra daha da sürətlənəcək.