“Anam atamın məktubunu oxuyub öldü...” - <span style="color:red;">ƏSİR DÜŞƏRGƏSİ
01 iyun 2016 14:12 (UTC +04:00)

“Anam atamın məktubunu oxuyub öldü...” - ƏSİR DÜŞƏRGƏSİ

 

23 il öncə: müharibə dəhşətlərini Vüsalə Məmmədovanın təqdimatında Lent.az-da oxuyun...

 

(Əvvəli burada: I hissəII hissəIII hissə, IV hissə, V hissə, VI hissə)

 

VII hissə

 

Mişarın soyuq dişləri Atillanın ağrıdan keyiyib, soyuqdan donan bədəni titrətdi... Ölüm bütün vücudunu sardı. Başı kötüyün üstündə son anın yetişməsini – xilasını gözləyirdi ki, hərbçi bağırdı:

 

- Suallarıma düzgün cavab verməsən, başını kəsəcəyəm! Hansı hərbi hissədə döyüşürdün?

 

Suallar bir-birinin ardınca davam edirdi. İyirmi dəqiqəyə yaxın boynu mişarın altında qalan Atillanın cavabı isə dəyişməz qalırdı... Nəhayət, mişarı kənara atıb, onu döyməyə başladılar... Zərbələr bir-birindən möhkəm, amansız idi. Atilla aldığı zərbələrin altında qıvrılırdı... Hərbçilərdən biri yaxınlaşdı:

 

- Bu türki öldürməyin! Onun başını Andranikin məzarında kəsmək üçün saxlayırıq. Aprelin 24-nə qədər yaşaması lazımdır!

 

Atillanın Andranikə qurban üçün saxlanılması nəzarətçilərin ağlına batdı, bir neçə zərbə də ilişdirib, kənara çəkildilər. Ancaq artıq Atilla huşunu itirmişdi... Sürüyüb kamerasına apardılar...

 

***

 

- Axırda kamerada bir ağdamlı kişi ilə qalmışdıq. Belə işgəncələrin birindən sonra məni kameraya qaytaranda o da yox idi... Dedilər, kamera yoldaşın öldü... Qaldım mən... İndi növbə mənim idi...

 

- BQXC sizi qeydiyyata almışdı?

 

- Məni gizlədirdilər. Bir neçə dəfə olmuşdu ki, qəfil içəri girib, məni sürüyüb donuz fermasına aparmışdılar... Fermada əsirlərə donuz saxladırdılar... Nə qədər donuzların arasında qalmışdım. Deyirdilər səsini çıxartma... Sonra qaytarıb gətirmişdilər. Onda kameradakı əsirlər dedi ki, “Qırmızı Xaç” nümayəndələri gəlmişdi, ona görə səni gizlətdilər... Gün-gündən vəziyyətim ağırlaşırdı, gördülər ölürəm, ondan sonra BQXC nümayəndələri gələndə məni gizlətmədilər. Dedilər bu türkü yeni əsir götürmüşük, onu da qeydiyyata alın... Əsirlər demişdi ki, “Qırmızı Xaç”a həqiqəti deyəndə, onlar gedəndən sonra adamı lap pis incidirlər. Ona görə də nə soruşdular, “yaxşıyam” dedim...

 

- Artıq neçə ay idi Şuşa həbsxanasında idiniz?

 

- Altı ay! Düz altı ay türmədə olmazın əzablara məruz qaldım. “Qırmızı Xaç” mənim “yaxşıyam, buradan razıyam” deməyimə rəğmən, vəziyyətimi görən kimi dedi “bu adam həkim nəzarətində olmalıdır”. Əvvəlcə mənə paltar verdilər... Bütün bədənim yara içində idi, döyülməkdən qapqara qaralmışdım. Yaralarıma dərman çəkdilər... Sonra isə Xankəndinə gətirdilər...

 

- Əsir və girovların saxlanıldığı uşaq xəstəxanasına?

 

- Bəli, ora... Nə gündə idi ora, ilahi! Xəstəxananın daş döşəməsində yaralı əsirlər sürünürdü... Qadın, uşaq, qoca hamısı bir-birinə qarışmışdı... Orada isə yanımdakı əsirlər hərbçilərin söhbətini başa düşmüşdü, mənə tərcümə elədi ki, deyirlər səni bir də Şuşa türməsinə qaytarsalar ya öldürəcəklər, ya da iynə vurub yaddaşını siləcəklər... Mən də başladım özümü korluğa vurmağa... Onsuzda döyəndə vurub gözümü partlatmışdılar, görməmdə problem yaranmışdı... Həm də vəziyyətim doğrudan ağır idi, ayağa qalxa bilmirdim. Qəbələdən Ömər Nəsirov adlı bir əsir var idi, eyni palatada yatırdıq. Qardaşı kimi baxırdı mənə, elə olurdu ki, görürdü halım yoxdur, məni çiyninə alıb ayaqyoluna aparırdı... Çox yaxşı insanlar idi... Əsas insan o dar ayaqda bilinir... Bayaq Müşfiqi xatırladınız... O vaxtlar Müşfiq hələ uşaq idi, özünü başadüşməzliyə vurub, ermənilərlə dil tapa, onlara işləyə bilərdi. Amma həyatını risk altında qoyub, əsirlərə kömək edirdi... İndi bunu demək asandır, sadəcə sözdür. Amma o vaxt, Şuşa türməsində belə hərəkətlər etmək rəsmən ölümü gözə almaq idi. Ölüm nədir, xəbər tutsalar Müşfiqə elə işgəncələr verərdilər ki, Şuşa türməsində ölüm arzudan başqa bir şey deyildi...

 

İslam Səfərov adlı bir əsir də var idi, indi Lahıcda yaşayır. Onunla 6 aya qədər eyni palatada yatdıq. Ermənilər mənə ölüm cəzası çıxaranda yanımda idi... Onsuz da hamımız ölümə məhkum insanlar idik, onunla belə mənə necə ürək-dirək verirdi... Şəkillərə baxarsınız, yanımdakı bığlı oğlan... Yadıma düşmüşkən onu da deyim, uşaq xəstəxanasında bir hadisənin şahidi oldum. Başa düşdüm ki, əsirlərə verilən yeməklərə xüsusi hormonlar əlavə edilir ki, tez kökəlsinlər, “sağalıb” deyib, Şuşa türməsinə geri qaytarsınlar.

 

- Yeməklərə xüsusi hormonlar qatıldığını necə başa düşdünüz?

 

- Gördüm adamların yediyi içdiyi bir şey deyil, yekə kişilərə uşaq payı verirlər, buna rəğmən onlar kökəlir. Kökələn kimi də onu sağlam hesab edib, sürüyüb həbsxanaya aparırlar. Hesablamışdım, 15 gündən bir gəlib xəstələrin vəziyyətinə baxırdılar. Günləri sayır, gəlişlərinə beş gün qalmış yemək yemir, payımı uşaqlara verirdim. Gəlib görürdülər nəfəsim kəsilir, taqətim yoxdur, aparmırdılar. Onlar gedən kimi yenidən başlayırdım verilən yeməkdən yeməyə, özümə gəlirdim... O adamı şişirdən yemək də müvəqqəti idi, 3 gün yeməyən kimi üzülürdün... Ürəkdə durumu yox idi... Onlara əsas o lazım idi ki, əsirlər ətə-qana gəlsin, “Qırmızı Xaç”a göstərib “görün necə yaxşı baxırıq, daha sağalıblar” desinlər... Onsuz da Şuşa türməsinə gedən kimi başlarına elə oyunlar açılırdı ki... Orada hamı bir dəri, bir sümük idi... Filmlərdə faşist düşərgələrini görmüsünüz, bax, o gündə... Yüzlərlə dərisindən sümüyü qabaran insanlar hər gün sıraya dayanır, döyülür, işgəncələrə məruz qalır və ağır işlərdə işlədilirdi... Girovlarla yenə nisbətən yumşaq davranırdılar, əsirlərə lap ağlagəlməz zülmlər edirdilər...

 

- Hələ də kəşfiyyat dəstəsinin komandiri olduğunuzu bilmirdilər?

 

- Hələ yox. Nə qədər ki bilmirdilər, döyüb, həqiqəti danışmağımı istəyirdilər. Amma bir gün bildilər...

 

- Necə bildilər?

 

- Onların da öz agentləri var idi, işləyirdilər... Bir gün “KQB” gəldi, məni sürüyüb palatadan çıxartdı, aparıb Azərbaycan Müdafiə Nazirliyinə könüllü hərbi xidmətə yollanmaq üçün yazdığım ərizənin mətnini oxudu... Orada yazmışdım ki, Azərbaycan vətəndaşı olmasam da, qardaşlarımı və ata yurdumu erməni faşistlərindən qorumaq üçün döyüşə yollanmağıma icazə verməyinizi xahiş edirəm... Eyni ilə mənim cümləm idi... Mən də “erməni faşistləri” yazmışdım... O vaxta qədər adıma “balacaboy türk” deyirdilər, bu hadisədən sonra başladılar ironiya ilə “biznesmen” deməyə... Axı neçə aydır Bakıya alver etmək üçün gəldiyimi deyirdim...

 

- Həqiqəti biləndən sonra nə baş verdi?

 

- O vaxta qədər başıma gələnlər, Şuşa həbsxanasında yaşadıqlarım ən ağır işgəncələrdir hesab edirdim. Sən demə, bütün gördüklərim şükürlü imiş... Bunu biləndən sonra başıma gətirilənləri bir-bir danışa bilmərəm... Onda gənc və sağlam idim, əzablar qarşısında dayanmağa gücüm var idi, indi yaşlanmışam, xəstəyəm, o əzabları sözə çevirəcək gücüm yoxdur... 1995-ci ilin mayında məni məhkəməyə verdilər... Sübut etmək istəyirdilər ki, Azərbaycan muzdlu döyüşçülərdən istifadə edir. Məsələni siyasiləşdirib, dünyaya çıxartmaq istəyirdilər. Buna görə də əllərində olduğumdan yararlanmaq istəyirdilər. Durmadan sual-cavab edir, deyirdilər suallara doğru cavab versən, səni Türkiyəyə verəcəyik... Mən də deyirdim ki, verirsiniz Azərbaycana verin, orada iş qurmuşam, xırda biznesim var...

 

- Bu arada, heç BQXC məktubu yazmadınız? Türkiyəyə göndərirdiniz?

 

- Yazdım... Yazmaz olaydım... Cəmi bir məktub yazdım, o da başıma bəla oldu... Həyatım məhv oldu... Məni qorxutmaq üçün elə vasitələrdən istifadə edirdilər ki, əl çəksinlər deyə məktubda “Məndən ümid gözləməyin, mən daha dönməyəcəyəm, haqqınızı halal edin” yazdım. Bilirdim axı bunlar oxuyur... Düşündüm ki, belə yazım, görsünlər heç nəyə ümid etmirəm, ölümü gözə almışam. Ümidi olmayan insan yaşamaq üçün heç nəyə razılaşmaz deyə, az sorğu-sual etsinlər... Öz-özümə hesab elədim ki, məktubu Bakıya göndərəcəklər, orada hərbi nəzarətdən keçəndən sonra da Türkiyəyə, ailəmə göndərərlər... Düşündüm ki, bəlkə ötürmək istədiyim mesajı alar, amma ailəmə belə verməzlər... Sən demə, məktub olduğu kimi göndərilər ailəmə...

 

Gözləri dolur... Oğlu Salim Yumak davam edir:

 

- Anam məktubu oxuyanda... Bizim ailəmiz üçün bu şok idi... Azərbaycanda müharibə gedirdi, insanlar şəhid xəbərinə də, əsir məktubuna da alışa bilmişdilər. Bizdə isə belə deyildi... Anam çox gənc idi... 32 yaşında... O məktubdan sonra dünyasını dəyişdi... Bacımla mən ata babamın himayəsinə verildik...

 

- Neçə yaşınız var idi?

 

- Mən 1986-cı ildə doğulmuşam, atam əsir düşəndə 7 yaşım var idi... Bacım Tubunun isə 4 yaşı... Atam döyüşə yollananda 6 yaşım var idi... Amma biz müharibəyə getdiyini bilmirdik. Körpə idik deyə, sadəcə “başqa yerə gedib” deyirdilər... Amma anam vəfat edəndən sonra mən hər şeyi başa düşdüm... Rəhmətlik babam səfirliyə, xarici işlər nazirliyinə gedir, məktublar alırdı... Məni də yanında aparırdı... Anamın həyatına son qoyan məktub sonuncu məktub olmadı...

 

- Başqa hansı məktubu aldınız?

 

- Bizə təkcə “Qırmızı Xaç” yazmırdı. Ermənilər atamın kimliyini araşdırandan sonra bizə məktub yazır, 150 min dollar istəyirdilər... Verin, onu sizə qaytaraq deyirdilər... Məktublar ingilis dilində yazılırdı, xatırlayıram, aparıb ingiliscə bilən qohumlara oxutdururduq... Bir tərəfdən bacımla ürəyimiz atlanırdı ki, atam gələcək... Ümid var... Bir tərəfdən də babamın yanında atamızın adını çəkə bilmirdik... Anam yenicə rəhmətə getmişdi... Babam övlad itkisi yaşayırdı, günahkar da atamı görürdü...

 

Atillaya oğlunu dinləmək çətin olduğu hiss olunur. Söhbəti dəyişməyə çalışır:

 

- Amma həyatımda bir dəfə möcüzə baş verib... Allah özü məni qorumaq üçün yanıma iki mələk göndərdi... BQXC nümayəndəsi Markın müddəti bitdi, yerinə başqası gəldi...

 

- Pyer Reyçel... “Əsirlərin qoruyucu mələyi”... “Əsir düşərgəsi” oxucuları Pyeri yaxşı tanıyır...

 

- Hesab edirəm ki, onu hamı tanımalıdır. Azərbaycanın Pyerə bir təşəkkür borcu var. O necə davranırdı bizimlə... Əsirlərlə rusca danışırdı, mən isə rus dilini bilmirdim, yanımdakı uşaqlar tərcümə edirdi... Ermənilərə dedi ki, əgər bir əsirin saçından bir tük əksik olsa, cavab verəcəksiniz. Burada bir əsir ölsə, əvəzinə biri də Azərbaycandakı erməni əsirlərindən öləcək deyirdi... O gələnə qədər BQXC-nın gətirdiyi yeməkləri, geyimləri ermənilər gəlib əlimizdən alıb aparırdı... Pyer dedi ki, bu yeməklər əsirlərə verilir, sizə yox, toxunmayın! Köməkçisi də var idi, Yelizavet adlı bir qız idi... İkisi də birlikdə bizə elə baxır, elə qulluq edirdi ki, heç adamın doğma anası, bacısı bəlkə adama elə baxmaz... Heç vaxt unutmaram, əlimdə qaşıq tutmağa heyim olmayanda Pyer də, Yelizavet da qaşıqla məni yediriblər... Əsirlər o qədər öyrənmişdilər ki, hər gün əzab və aclıq çəksinlər, onları heç kim adam yerinə qoymasın, indi Pyerə Allahın göndərdiyi mələk kimi baxırdılar...

 

- Pyerin gəlişi ilə Şuşa həbsxanasında da vəziyyətin dəyişildiyini bilirəm...

 

- Bəli! BQXC-nin Pyerdən əvvəlki nümayəndələri sadəcə vəzifələrini icra edir, tərcüməçi ilə gəlib bir-iki sual verib, məktub gətirib, məktub yazdırıb gedirdilər... Yemək, paltar verir, heç sonrası ilə maraqlanmırdılar. Pyer isə Şuşa türməsinə hər səfərində özü ilə bir dəstə əsir gətirirdi ki, bunların vəziyyəti ağırdır, həkim nəzarətində olmalıdırlar...

 

- Pyerin erməni həkimlərinə çox etibar etmədiyini də bilirəm...

 

- Qətiyyən etibar etmirdi! Xəstələrə özü qulluq edirdi. Nə bilim, hərdən fikirləşirəm ki, Pyer üçün mələk sözü də azdır... Qarşılaşdığımız bütün vəhşiliklərin arasında Pyerlə Yelizavet bizim üçün insanlığın, həyatın, yaxşılığın simvolu idi. O biri BQXC nümayəndələrindən fərqli olaraq Pyer də, köməkçisi də çox vicdanla işləyirdilər. Şuşa həbsxanasından gətirdikləri əsirlər danışdı ki, Pyer türmədə bütün kameralara elektrik qızdırıcısı qoydurub... Bilirsiniz bu əsirlər üçün nə demək idi? Türmənin kameraları soyuducu kimi idi... Adam özünü buzxanada hiss edirdi... Pyer ermənilərə dirənib, ora qızdırıcı qoymuşdu ki, bu şəraitdə insan saxlamazlar... Mənim məhkəmə məsələmdə də onlar kömək oldu... Məhkəmə günü gəldi... Baxın, bu şəkillər həmin günü çəkilib...

 

- Çox səliqəli görünürsünüz...

 

- Pyergil gələndən sonra bütün əsirlər belə idi. Saçımız kəsilər, daranar, üzümüz təraş edilərdi... Canımız bitdən qurtarmışdı... Pyerin hər küncü ümidsizliyi, ölümü xatırladan palataya girişini bu gün də unutmamışam... İndi gözlərim çox zəif görür, Pyeri isə çox aydın xatırlayıram... O qaramat çökmüş palatalarda gülərüzü ilə günəş kimi doğurdu... O günəşin şəfəqi çarpayısında uzanıb çarəsizcə ölümü gözləyən bizim üzümüzə elə düşürdü ki, yaşadığımızı, həyatda olduğumuzu, insan olduğumuzu hiss edirdik... Qapıdan girən kimi də ilk sözü “saç-saqqalı kəsirik” idi (Gülür). Təmizkar adam idi, ermənilərdən də onu tələb edirdi. Bir yerdə bir düzənsizlik görən kimi acıqlanırdı... Onlar da artıq xasiyyətini bilirdilər deyə, əvvəlkindən fərqli davranırdılar. Pyerə qədər bütün palatalardan irin iyi gəlirdi... Hamının yarası çirk eləmişdi axı... Artıq paltarlarımız da tər-təmiz idi... Baxın, bu ağ köynəyi də mənə həmin gün vermişdilər... Geyindim, arxamca məni məhkəməyə aparmağa gəldilər... Pyer icazə vermədi. Dedi “Atillanın vəziyyəti ağırdı, onu tərpətmək olmaz”... Doğrudan da, 35 kilo qalmışdım... Pyerlə Yelizavet mənim lap ölümcül vaxtlarıma gəlib çıxmışdı...

 

- Məhkəməyə gedə bilmədiniz... Nəticə necə oldu?

 

- Ermənistan Hərbi Tribunası haqqımda ölüm hökmü çıxartdı... Palatada uzanıb, güllələnəcəyim günü gözləyirdim... Bu ağ köynəkdə necə güllələnəcəyimi təsəvvür edirdim ki, Pyer ona da müdaxilə etdi... “Bu adam onsuz da ölür, onu geri qaytarmaq lazımdır” dedi... Pyer məni dəyişdirdi...

 

- Dəyişilməyinizi necə xatırlayırsınız?

 

- 1995-ci ilin oktyabrı idi... Məni tək dəyişdilər. Ağdamın Sarıcalı kəndinə gətirildim... Yoxlamadan keçəndən sonra yemək gətirdilər... İki il qırx gün idi ki, belə süfrə arxasına oturmurdum... Sonra ömrümün neçə ili xəstəxanalarda keçdi... Zatən yaşamağa yerim yox idi, elə xəstəxanalarda yaşayırdım. Xəstəxanada yatarkən yanıma gəlib gedən çox olurdu... Xatırlayıram, bir dəfə Bəxtiyar Vahabzadə də gəlmişdi... Məndən soruşdu ki, ürəyin nə istəyir... Azərbaycan vətəndaşı olmaq istəyirəm dedim... Söz verdi ki, bu arzumu yuxarı dairələrə çatdıracaq... Sözünə də əməl etdi. Rəhmətlik Heydər Əliyev o vaxt mənə vətəndaşlıq verdi. O sənədə əsasən, övladlarım da Azərbaycan vətəndaşı oldular... Həm də 2000-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasını qeyd edəndə II qrup əlil, Qarabağ qazisi kimi ikiotaqlı evlə təmin olundum...

 

- Türkiyə ilə heç bir əlaqə saxlamırdınız?

 

- Əsirlikdən yeni qayıdanda bir dəfə zəng etdim. Rəhmətlik qayınatam hələ də qəzəbli idi... “Bizi bir daha axtarma” dedi... Həyat yoldaşımın vəfat etdiyini də onda bildim... Sonra 1997-ci ildə xeyli özümə gəlmişdim, Türkiyəyə getdim... Yaxınlarımla görüşdüm... Qayınatam artıq mane olmadı, uşaqlarla görüşməyimə icazə verdi... Uşaqlarla görüşüb, geriyə, Bakıya qayıtdım. Oğlum məktəbi bitirəndən sonra Bakıya gəldi, burada təhsil almaq istədi...

 

Salim Yumak: Azərbaycan hökuməti atamın Qarabağ qazisi olduğunu nəzərə alıb, məni dövlət hesabına oxutdu. Azərbaycan Dillər Universitetini bitirdim. Sonra həm məni oxudan dövlətə bir minnətdarlıq olsun deyə, həm də atamın döyüş yolunu davam etdirmək üçün Azərbaycan vətəndaşlığını qəbul edib, hərbi xidmətə getmək üçün müraciət etdim. Dedilər ki, Azərbaycanın müstəqillik tarixində Türkiyə vətəndaşının Azərbaycan vətəndaşlığını qəbul edib, Azərbaycan ordusunda xidmət etməsi ilk dəfədir. İkili vətəndaşlığın var, Türkiyəyə qayıdıb 6 ay xidmət edə bilərsən dedilər... Amma Atilla Yumakın oğlu olduğumu biləndən sonra “Səni başa düşürük, niyə bu torpaq üçün xidmət etmək istəyirsən, bilirik” dedilər... Ulu babalarım Türkiyəyə Qafqazlardan köç edib. Buralar sözün əsl mənasında mənim doğma torpaqlarım sayılır. Vətən isə bir kişinin şərəfi və namusudur. Onu qorumaq borcumuzdur.

 

Atilla: Allahın mənə göndərdiyi iki mələyi heç unutmadım. Pyerlə heç vaxt tək söhbət edə bilmədik. Həmişə o biri əsirlər tərcümə edirdi. Üzümüzə elə təbəssümlə baxırdılar ki, elə bilirdik ailəmizdəyik... Əsirlikdən qayıdandan sonra, uşaq evində qurban kəsdim. Belə arzulamışdım. Bir də əhdim var idi ki, Pyerlə Yelizavetə hədiyyə edəcəyəm. Lahıca gedib, üç xalça toxutdurdum. Əhd etdiyim kimi, onların adını xalçaya qızıl suyuna çəkilmiş iplə yazdırdım. BQXC-nın Bakı nümayəndəliyinə gəlib, “hamınıza minnətdaram” dedim. Xalçanın birini BQXC-ya hədiyyə etdim. Xahiş etdim ki, ikisini də mənim adımdan Pyerlə Yelizavetə çatdırsınlar. Üzərində Pieere Reichel, Azərbaycan və Atilla Yumak yazdırmışdım. Borcumu qaytarandan sonra ailə qurmaq haqda düşündüm... Artıq evim də var idi, Heydər Əliyev vermişdi. Bir oğlum oldu, 3-4 il bir yerdə yaşayandan sonra ayrıldıq... Onda taleyin işlərinə bir də məəttəl qaldım. Özüm atamı 11 yaşımda itirmişəm, anam isə 2005-ci ildə rəhmətə gedib. Allah mənə elə qismət yazıb ki, sanki övladlarım məndən uzaqda böyüməlidir... Əslində kədərli taledir... Bu bir daha sübut edir ki, Allahın yazısını heç nə dəyişmir. Bu dəfə də ailəmi müharibə dağıtmadı ki... Oğlum Nadirin yanımda böyüməsi üçün hər şeyi etdim, amma qismət olmadı... 2003-cü ildə maddi sıxıntılara görə evimi də satdım... Amma ümidliyəm, bilirəm ki, böyüyəndən sonra atasını unutmayacaq. Bax, Salim məndən ayrı böyüdü, amma böyüyən kimi yanıma gəldi. Doğmalıq bağı heç vaxt qırılmır. Məni doğma torpağım buraya gətirdi, həmən bağ illər sonra oğlumu da buraya gətirdi. İndi evimizdə Əhməd adlı nəvəm böyüyür, üç yaşı var... Bir nəvəm də Türkiyədədir. Qızımın oğlu – Halil Berk.

 

(Davamı olacaq...)

 

VIII hissədə:

 

- Bilirsiniz, hamının vəziyyəti istər fiziki, istərsə də psixoloji baxımdan o qədər pis idi ki, bir-biri ilə maraqlanan olmurdu... Adı nədir, kimdir...

 

- Təsəvvür edirəm... Hamının adı əsir idi...

 

- Bəli... Hamı da bir-birinə oxşayırdı – arıq, çəlimsiz, döyülməkdən üzü, bədəni gömgöy...

 

- Tatarin necə öldü?

 

- Bir gün o qədər döydülər ki, səhər oyanıb gördüm tərpənmir... Çağırdım, cavab vermədi... Silkələdik, gördük ölüb...

 

P.S. Təqdim etdiyimiz videomaterial Şuşanın işğalından az sonra lentə alınıb. Ermənilər həbsxanada gəzişir və burda azərbaycanlılara necə işgəncə verəcəklərini danışırlar...

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10902
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar