Həkimlər bildirirlər ki, yuxuda danışmaq adi hal ola bilər, lakin bəzi hallarda diqqət tələb edir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yuxuda danışmaq bir çox insanda rast gəlinən və adətən təhlükəli sayılmayan bir vəziyyətdir. Həkimlər izah edirlər ki, bunun səbəbləri müxtəlif ola bilər və bəzi hallarda sağlamlıq problemlərinin siqnalı kimi də çıxış edə bilər.
Yuxuda danışmaq somnilokviya adlanır və parasomniyalar kateqoriyasına daxildir. Parasomniyalar yuxu zamanı baş verən qeyri-adi davranış formalarıdır. Bu epizodlar həm sürətli yuxu fazasında (REM), həm də daha dərin mərhələlərdə baş verə bilər. Onun təzahürləri isə asta pıçıltıdan tutmuş aydın nitqə və emosional ifadələrə qədər dəyişə bilər.
Həkimlərin qiymətləndirməsinə görə, insanların əksəriyyəti həyatlarında ən azı bir dəfə belə hallarla qarşılaşır. Əksər hallarda bu vəziyyət müalicə tələb etmir və ciddi pozuntularla əlaqəli olmur. Lakin bəzi amillər yuxuda danışmağı gücləndirə və ya tetikləyə bilər. Ən çox rast gəlinən səbəblər arasında stress, xroniki yuxusuzluq, alkoqol qəbulu və istirahət rejiminin pozulması göstərilir. Bundan əlavə, yuxu şəraiti də mühüm rol oynayı məsələn, otaqda çox yüksək və ya aşağı temperatur, səs-küy və həddindən artıq işıq.
Həkimlər psixoemosional vəziyyətə də xüsusi diqqət yetirirlər. Onların sözlərinə görə, yüksək narahatlıq səviyyəsi və ya posttravmatik stress pozuntusu olan insanlar bu cür epizodlarla daha tez-tez üzləşə bilər. Belə hallarda yuxuda danışmaq qorxu, əsəbilik kimi emosional reaksiyalarla müşayiət oluna bilər.
Somnilokviya əksər hallarda zərərsiz olsa da, mütəxəssislər vurğulayırlar ki, bəzi vəziyyətlərdə bu, daha ciddi yuxu pozuntuları ilə əlaqəli ola bilər. Xüsusilə, simptomun yetkin yaşda qəfil yaranması, tez-tez təkrarlanması, qışqırıq, gecə qorxuları, güclü narahatlıq və ya digər qeyri-adi hallar ilə birlikdə baş verməsi narahatedici sayılır.
Belə hallarda həkimlər problemi diqqətsiz yanaşmamağı və tibbi məsləhət almağı tövsiyə edirlər. Vaxtında aparılan müayinə mümkün pozuntuları aşkar etməyə və lazım gələrsə, müalicə tədbirləri görməyə kömək edir.