<b>“Ağdamı ev-ev, kərpic-kərpic sökdük...” - <span style="color:red;">ƏSİR DÜŞƏRGƏSİ  – <span style="color:red;">II HİSSƏ </b>
07 aprel 2014 12:21 (UTC +04:00)

“Ağdamı ev-ev, kərpic-kərpic sökdük...” - ƏSİR DÜŞƏRGƏSİII HİSSƏ

Məktəbi yenicə bitirmiş bir gənc düşünün...

Bəlkə də hələ ilk öpüşünü dadmamış, bir qıza oğrun-oğrun baxmamış bir gənc...

Dodaqları ilk həyəcandan titrəyəndə torpağa toxunan, nəfəsi od-tutub yananda onunla soyuq səngəri qızdıran, güclü və gənc qolları ilə silahı qucaqlayan bir gənc...

Son zəngi çalınar-çalınmaz müharibəyə yola düşən, Qarabağ uğrunda silaha sarılan bir oğul düşünün...

Bir ananın gərəyi, bir atanın dirəyi, bir bacının ürəyi, bir qızın gələcəyi oğul...

Bir evin, bir elin ümidi... Düşmənin çəpəri oğul...

...Az əvvəl döyüşdə düşmənə əsir düşən hələ iyirmi yaşı olmamış sütül bir əsgəri düşünün...

Əsgərin məsum simasındakı hədəqəsindən çıxmağa hazır olan dəhşətli gözlərini və bir barda beş kişiyə birdən qulluq edirmişcəsinə həyasız bir sifətlə əlində qayçını açıb-yumaraq onun üstünə gələn bir erməni qadınını düşünün...

Ətrafda toplaşıb bu mənzərəni sanki xoruz döyüşdürürmüşcəsinə küyə basan bir dəstə azğın erməni hərbçisi və tibb bacısı düşünün...

Əsir əsgərə yaxınlaşıb son anda qayçını onun gözü önündən aşağı endirib qolundakı Azərbaycan bayrağını kəsib yerə atan, tapdayıb gülən erməni qadınını düşünün...

Ətrafdakı alqış səslərini və gülüşləri düşünün...

Bütün bunların qarşısında dayanan əsgəri düşünün...

Bu kadrları 2002-ci ildə erməni televiziya kanalından izləmişdim. Ağdam haqda hazırladıqları bir verilişdə şəhəri işğal edərkən necə bayram elədiklərini və əsir götürdükləri əsgərlərlə necə davrandıqlarını fəxrlə nümayiş etdirirdilər...

Onda hələ mətbuatda çalışmırdım. Amma o vaxtdan erməni əsirliyindən qayıdan insanlarımızla görüşmək, hekayələrini dinləmək istəyirdim. Qismət bu günə imiş...

Lent.az-da əsirlikdən qayıdan insanların hekayələri davam edir. O insanların ki, səhərlər avtobusda, metroda yanaşı əyləşib işə gedirik, mağazada onlardan nə isə alırıq, küçədə yanaşı addımlayırıq. Onları özümüz kimi sıradan vətəndaş sayırıq. Amma onlar bu ölkənin tarixinin canlı səhifələridir. Onları bir-bir çevirib oxumaq, dinləmək lazımdır. Lazımdır ki, gördükləri, bildikləri, yaşadıqları özləri ilə o dünyaya köçüb getməsin. Lazımdır ki, biz müharibəni unutmayaq! Çünki əgər müharibəni unutsaq, o geri qayıdacaq...

 

***

 

Müşfiq Əliyev. 1977-ci il, yanvarın 25-də Laçının Qarabəyli kəndində, səkkiz uşaqlı ailədə anadan olub. İki böyük bacı, üç böyük qardaş və ondan kiçik iki qardaş. Atası Nadir kişi neçə illər kəndin mağazasını işlədib, anası Nüşabə xanım isə evdar qadın olub...

 

Əvvəli: http://news.lent.az/news/161106

 

...Gözlərini açanda baltanı kötüyə saplanmış görür. Əlini nə vaxt kötükdən çəkib ona sığınıb ağlayan Turalı qucaqladığından xəbəri olmayıb...

 

- Bacarmamışdım...

 

Amma bacarmalıydı! Burdan qurtulmağın bir yolu olmalıydı! Artıq yaralı ayağı ilə gün ərzində 22 saat dayanmadan yemək daşıyıb qab yumağa taqəti qalmamışdı. Başa düşürdü ki, işinin öhdəsindən gələ bilmədiyi ilk andan onu hasarın o üzünə atacaqlar. Orda isə onu hər gün ölüncə döyülmək, acından can vermək, çirkdən çürümək, bitə bürünmək, qudurmuş itlərin ağzında parçalanmaq gözləyirdi...

 

Bir gün 16 yaşlı yeniyetmə mətbəxdə çay hazırlanan su qızdıranla bir vedrə suyu qaynadıb, qab yuyulan yerə keçir.

 

- Corablarımı çıxardıb, bir vedrə suyu qaynaya-qaynaya yaralı ayağımın üstünə tökdüm! Amma dözə bilməyib qışqırdım, gəldilər...

 

- Cəzalandırdılar?

 

- Dedim ki, qab yumağa su gətirirdim, əlim yağlı idi vedrə sürüşüb ayağıma töküldü.

 

- İnandılar?

 

- Özümü yandıracağım ağıllarına gəlməmişdi.

 

- Ayağınız çox yanmışdı?

 

- Zibil heç yanmamışdı! Sən demə, adam paltarlı yaxşı yanırmış, mən də bunu hardan bilim? Hələ əvvəlcədən corablarımı da çıxartmışdım ki, yaxşı yanım, burda qalmaq ehtimalım olmasın. Bir balaca qızarmışdı, gətirib dərman çəkdilər, keçdi getdi... Bu dəfə da alınmadı... Amma bezmişdim, adam bezəndə hər şeyə hazır olur.

 

O, yorulmadan cəhənnəmdən yaxa qurtarmağın yollarını düşünür. Bu vaxt bir ümid işığı yaranır - əsirlər arasında dizenteriya xəstəliyi yayılır!

 

- Fürsət idi, yoluxmasam da, yoluxmalıydım! Təkliyə düşən kimi başladım yağlı yemək yeyib üstündən soyuq su içməyə. Yağlı yedim, su içdim, yağlı yedim su içdim və nəhayət, qarın ağrısına düşdüm! Bax onda başladılar narahat olmağa ki, bu uşaq bizə yemək daşıyır, qablarımızı yuyur, bu vəziyyətdə burda qala bilməz! Axır ki, məni xəstəxanaya gətirdilər...

 

Yenə həmin xəstəxana, yaralı əsirlərlə dolu palatalar:

 

- Səmayə adlı hamilə bir qadın var idi. Bətnindəki uşağa da güllə dəymişdi, özünə də. Əməliyyatla artıq ölmüş uşağı götürmüşdülər. Balaca bir qızı da var idi Gülnar adlı. O uşağa o qədər işgəncə verdilər, döydülər ki, axırda gözləri kor oldu.

 

- Səmayə özü necə oldu?

 

- Əvvəl havalandı, sonra rəhmətə getdi...

 

- Orda havalananlar çox oldu?

 

- Hə, çox adam... Orda elə şeylər baş verirdi ki, havalanmamaq mümkün deyildi. Başa düşürsüz, mən olanların hamısını danışa bilmirəm...

 

Susur... Onu başa düşürəm, amma istəyirəm hər şeyi danışsın... hər şeyi...

 

- Xəstəxanada nə qədər qaldız?

 

- Hardasa iki ay. Sonra yenə gəldilər... Yenə gözlərinə sağlam görünənləri döyə-döyə, təpikləyə-təpikləyə maşına basıb apardılar...

 

- Yenə Şuşa türməsinə?

 

- Özü də bu dəfə o biri əsirlərin yanına. Orda bir ildən çox qaldım... İndiyəcən başıma gələnləri cəhənnəm əzabı hesab edirdim, amma əsl cəhənnəm indi başlayırdı... Orda nə qədər zülm çəkdim... İnsan insana işgəncə verməyin hansı üsullarını düşünüb tapa bilərmiş, ilahi! O qədər işləyirdik ki...

 

- Nə iş görürdüz?

 

- Bizi Ağdama, Füzuliyə kubik yığmağa aparırdılar. Mənim də kubiklik gücüm yox idi axı, uşaq idim...

 

- Nə kubik idi ki, elə?

 

- Evləri sökdürürdülər...

 

- Evləri....

 

- Hə bacım, sizin evləri bizə sökdürürdülər... Ev deyəndə ki, əksəriyyətini talan eləyəndən sonra yandırmışdılar, quru divarlar qalmışdı. Ağdamdakı evlərin daşları da elə ağır idi ki... Biri hardasa 40 kilo olardı, güclə tərpədirdik...

 

- Başqa nə iş görürdüz?

 

- Ağdamı, Füzulini və Xocalını bizə sökdürdülər. Bütün şəhəri sökəndən sonra isə kəndləri sökdürürdülər... Ağdamdakı məşhur “Çay evi” yadınızda?

 

- Yadımda...

 

- Bax onu bütöv söküb aparmışdılar, yeri boş idi. Evləri sökdürəndən sonra da başladılar şəhərin bütün elektrik xətlərini bizə sökdürüb, boruları kəsdirməyə. Eh, onlar Ağdam kimi yerdə nəsə qoyardılar? Kanalizasiya borularına qədər sökdürdülər. Qəbiristanlıqdakı hasarları, alüminiumları da sökdürüb, İrana satırdılar. Qozlu meşəsinin hamısını bizə qırdırdılar...

 

- Bir az məzarlardan danışın...

 

- Məzar qalmamışdı ki... Hansı məzarın ki daşı mərmərdəndi, hamısını söküb aparıb satmışdılar...

 

- Onda bir az Ağdamdan danışın... Necə idi?

 

- Hər tərəf yanıb dağılmış, xaraba qalmış... viranə... Ağdamı ev-ev, kərpic-kərpic sökdük. Daş-daş üstdə qalmadı... Səhər tezdən gedib başlayırdıq sökməyə, gecəyə qədər... Sonra da sökdüklərimizi maşına yükləyib gətirirdik, ya satırdılar, ya da ürəkləri nə istəsə onu tikirdilər...

Amma Ağdama gedəndə sevinirdik...

 

- Niyə?

 

- Həyətlərinizdə yaxşı meyvələr olurdu, xəlvətə salıb dərib yeyirdik...

 

- Ağacları yandırmamışdılar?

 

- Yox, ağaclar qalırdı. Bircə qoz ağaclarını qırıb material kimi istifadə eləyir, satırdılar.

 

- Onlar qırırdı?

 

- Yox, bizi çıxardırdılar ağaca. Budaqları doğrayıb tökürdük, sonra yerdə üstündən qozları yığırdıq. Bir də bizi nar yığmağa aparırdılar. Heyf o torpaqlardan, elə bərəkətli torpaq idi ki... O xaraba vəziyyətdə hansı həyətə girirdin, ağaclar bardan az qalırdı sınsın. Qışda da üstündən qarı təmizləyib, xurmaları yeyirdik. Dadlı əriklər olurdu...

 

- Yelləncək asılmış ərik ağacına rast gəlmədiz?...

 

- ...

 

İkimiz də susuruq... İnsanın yaşadığı bütün vəhşətlərin qarşısında sualımın xəcalətini çəkirəm. Amma ağzımdan necə çıxdığını xatırlamıram... Yaxşı ki, o məni qınamır. Müharibə uşaqları heç vaxt bir-birini qınamadığı kimi...

 

Ağdamdan, atamın uyuduğu torpaqdan, viran qalmış məzarından danışanda nə hala düşdüyümü görüb, yenidən cəhənnəmdən – Şuşa türməsindən danışmağa başlayır. Onun iradəsi, dözümü, böyüklüyü qarşısında baş əyirəm. Anlayıram ki, onun yerinə mən əsir düşmüş olsaydım, bu qədər tab gətirə bilməzdim...

 

- Şuşa türməsində nə qədər əsir var idi?

 

- Hardasa 400-500 nəfər.

 

- Onların nə qədəri öldü, nə qədəri dəyişdirildi?

 

- Ölənləri oldu, çoxunu dəyişdilər...

 

- Orda qalanı oldu?

 

- Nə deyim? Gizlədirdilər, heç nə demədən maşına qoyub aparırdılar. Biz bilmirdik axı onu dəyişməyə aparırlar, yoxsa...

 

- Və fəsildən, havadan asılı olmayaraq sizi hər gün işləməyə aparırdılar...

 

- Yox, hər gün yox! Qırmızı Xaç Cəmiyyətinin nümayəndələri gələn günü türmədə qalırdıq. Əvvəldən bilirdilər nə vaxt gələcəklər, onda hətta çimməyə də icazə verirdilər. Yoxsa bitin-birənin içində üzürdük.

 

- Görüş necə olurdu?

 

- Onlar gəlirdi ki, hamımız sıra ilə oturmuşuq. Görüşürdülər, suallar verirdilər...

 

- Nə soruşurdular?

 

- Necəsiz, sizinlə necə davranırlar... Cavabımızın da nə olmasından asılı olmayaraq ermənilər öz istədiklərini tərcümə eləyirdilər. Onların üzvləri altı aydan bir dəyişirdi, tərcüməçiləri isə ermənilər idi. Ona görə də heç nə deyə bilmirdik. Desək altını pis çəkəcəkdik.

 

- Bəs onlar döyülmüş olduğunuzu görmürdülər?

 

- Görürdülər. Soruşanda ki, “gözünə nə olub?” deməliydim ki, “işləyəndə taxta, ya daş düşüb”. Əsir düşərgəsində bir həqiqət var - əsarət! Sən əsirsən, nə istəyirsən danış, bu həqiqəti dəyişmir. Üstəlik səni gözləyən işgəncənin növləri sərtləşdirilir...

Bilirdik ki, “döyülmüşəm” desən də erməni onlara “yıxılıb” kimi tərcümə eləyəcək. Üstəlik, onlar da gedəndən sonra daha pis hala salınacaq, daha amansız üsullarla döyüləcəyik...

 

- Görüş bununla da bitirdi?

 

- Ailə üzvlərimizdən gətirdikləri məktubları bizə verir, biz də onların vasitəsi ilə evə məktub yazırdıq. Bir də hər səfərlərində bizə qəşəng paltarlar, cins şalvarlar gətirirdilər. Onlar çıxan kimi ermənilər tutub əlimizdən alır, kör-köhnə, cır-cındır şeyləri gətirib tökürdülər ortaya ki, geyinin...

 

- Məktubu yazanda necə, onda da müdaxilə olurdu?

 

- Biz yazırdıq yazmağına, amma yazandan sonra yoxlayırdılar. Məsələn, yazırdıq ki, zülm çəkirik. Bax onu qoymurdular yazmağa. Həmin yeri ya silir, ya da heç göndərmirdilər.

 

- Məktubundan belə sözlər tapılan əsiri nə gözləyirdi?

 

- Təsəvvür edə bilməyəcəyiniz işgəncə... Biz bilirdik həqiqəti yazmağın xeyri yoxdu, onsuz da siləcəklər, ona görə də yazmırdıq. Deyirdik, heç olmasa yaxşıyıq yazaq, məktubumuz evə çatsın. Bilsinlər ki, sağıq. Deyirdik bizi dəyişin. Əsirin ayrı nə sözü, nə arzusu ola bilər ki?

 

1994-cü il. Artıq atəşkəs müqaviləsi imzalanıb. Vəziyyət sakitləşib, yeni əsirlər gətirilmir.

 

- Günlərin bir günü məni çox pis döyüblər, tərpənə bilmirəm, kameradayam.

 

- Nə ilə döymüşdülər?

 

- Dubinka, taxta, ağac... Hərəsi bir şeylə...

 

- Döyəndə neçə nəfər döyürdülər?

 

- Neçə nəfər oldu. Bu döyüb onun qabağına atırdı, o bunun.

 

- Səbəbsiz-filansız?

 

- Hə, elə kefləri əsir döymək istəyəndə içəri girib, sıraya düzür, tappatarapla döyüb çıxırdılar.

 

- İçinizdə qadın var idi?

 

- Yox, orda qadın saxlamırdılar. Qadınları xəstəxanada saxlayırdılar. Bir gün döyülmüş halda kameradayam, erməni qapını açıb dedi “çıx!”

 

- Azərbaycanca?

 

- Yox, ermənicə. Artıq dili örənmişdim, təmiz danışırdım. İçlərinə uşaq vaxtı düşəndə istər-istəməz dili götürürsən. Dedi çıx, gedirsən.

 

- Özəl nəyinizsə var idi? Yəni “yığışanda” özünüzlə nəyi götürürdüz?

 

- Bacımın məktubunu! Əsirlikdə olduğum bütün o müddət ərzində nə zülmlər çəkdim, başıma nə müsibətlər gəldi, amma o məktubu qoruyub saxladım... Çox heyf, bir dəfə bir jurnalist alıb apardı, sonra gətirmədi...

 

- Heyf...

 

- Hə... Beləcə, məni, Füzulidən olan Bəxtiyar adlı bir oğlanı və başqa birini götürdülər.

 

- Kim idi o biri?

 

- Primorskidən idi, adı yadımda qalmayıb.

 

- Onda əsgər olub, hə?

 

- Hə, o hərbiçi idi. Bəxtiyarla mən isə mülki şəxs. Üçümüzü də maşına mindirib, apardılar. Maşında baxdım ki, mən bunları tanıyıram. O biri əsirləri bir neçə dəfə götürüb işləməyə aparmışdılar, qayıdanda uşaqlar demişdi onlar yaxşıdı, adama yemək verirlər. Bizə də nə lazım idi? Yemək olsun işləyək!

Aclıq bilirsiz nə pis şeydi?! Əsirlikdə insanın ən böyük arzusu bircə tikə yavan çörək tapmaqdı. Deyirsən, ay allah, nə olar bircə çörək olsun, yanında heç nə lazım deyil! Elə kifli çörək özü səninçün baldı!

 

Az qala iki ildir ki, məhkum olduğu bu cəhənnəmdən canını qurtarmaq üçün hansı yollara əl atmadı? Döyülüb yaralarının, əziklərinin sağalmasını gözlədiyi bir vaxtda isə günəş öz şüalarını artıq çoxdan unutduğu bu yeniyetmənin həyatına saçırdı... Hara getdiyini bilməsə də Şuşa türməsindən qurtulmasına sevinən Müşfiq ürəyində “Ay allah, sənə çox şükür, yenə dadıma yetdin” deyir və ermənicə soruşur:

 

- Bizi yenə bura qaytaracaqsız?

 

- Qayıtmaq istəyirsən?

 

- Guya bilmirsiz bura necədi?

 

- Yaxşı deyil ki?

 

- Bura düşən adam nadir hallarda sağ çıxır.

 

- Arxayın ol, türk! Sizi neyləsək də ordan eləyəcəyik, bura qaytarmayacağıq!

 

- “Ora” hara idi?

 

- Şuşanın Malıbəyli kəndi. Əvvəllər orda köhnə zavod olmuş, indi dağılmışdı. Bizə həmin yerdə toyuq ferması tikdirdilər. Son bir ili də orda keçirdim.

 

- Orda iş necə idi?

 

- Yenə gedib Ağdamı söküb gətirir, toyuq ferması tikirdik.

 

- Tikməyi orda öyrənmişdiz?

 

- Hə, əsir hər şeyə qadırdı. Hər işi bacarır. Orda yemək verirdilər deyə lap yaxşı işləyirdik. Düzdü, həddindən artıq çox işləyirdik, amma ac qalmırdıq. O qədər işləyirdim ki, mənə “ekskavator” deyirdilər. Deyirdilər, sənə imkan versək burdan Bakıya kimi qazarsan...

 

- Niyə Bakıya kimi?

 

- Burda üstümüzdə duranlar Bakı erməniləri idi axı. Bakı sözü dillərindən düşmürdü. Onlar burda ürəklərini qoyub getmişdilər...

 

- Üstünüzdə dayanan hərbiçilər Bakı ermənisi olanda vəziyyət yumşalırdı?

 

- Xeyli! Onlar bizə düşmən yox, əsir kimi baxırdılar. Hətta axşamlar biz işimizi qurtarmamış yıxılıb yatırdılar. Bircə onu tapşırırdılar ki, qaçmayın! Qaçsaz bunu nə sizə bağışlayacaqlar, nə də bizə.

 

- Qaçmağa cəhd edirdiz ki?

 

- Yox, Bakı erməniləri demişdi ki, qaçmağa cəhd eləməyin, hər yan minalanıb. Biz də risk eləmirdik. Mən həmişə fikirləşirdim ki, əgər o bir maşın adamın içindən bircə mən sağ qalıb əsir düşdümsə, demək ki, yaşamağım məsləhətdi. Elə çətinlikləri geridə qoyub dözmüşdük ki, bir az da dözək deyirdik. Axı evdən bizi gözləyirdilər...

 

- Gecələri harda qalırdız?

 

- Xankəndi türməsində.

 

- Şuşa ilə Xankəndi türmələri bir-birindən çox fərqlənirdi?

 

- Xeyli yaxşı idi. Heç olmasa döşəməsi var idi. Nə qədər olmasa da müasir idi, nisbətən... Şuşa türməsi isə qədimi türmədi. Oranın bir zirzəmisi var idi ki, allah heç kimə göstərməsin. Karserləri də dəhşətli idi. Bir dəfə salmışdılar məni. Bütün günü axşama kimi nə əzab çəkdiyimi bir mən bildim, bir allah!

 

Artıq Şuşa türməsində olmadıqları üçün Qırmızı Xaç Cəmiyyəti ilə əlaqələri kəsilir. Evdən məktublar gəlmir. Ürəklərindən gəlib boğazlarında düyünlənən sözləri udub, əvəzində “Yaxşıyam, çox yaxşıyam. Məndən nigaran qalmayın” yazdıqları məktubları göndərə bilmirlər. Bir gün işdən Xankəndi türməsinə qayıdanda ermənidən “bizə pal-paltar lazımdı” adı ilə onları “Qırmızı Xaç”a gətirmələrini xahiş edir. Necə də olsa, Bakı ermənisidir, ona söz demək olar...

 

- Bizi “Qırmızı Xaç”a gətirib, özləri maşından düşmədilər. Dedilər tez olun, düşün özünüz danışın. Artıq ermənicə bilirdim axı, qapını döydüm, gözətçi çıxdı. Başladım ermənicə danışmağa, mehriban danışdı. Soruşdu kimsən, dedim türk. Duruxdu, bu vaxt maşındakı erməni dedi “burax getsin”. İçəri girdik, qapını döydük, sarışın, bədənli, cəld hərəkətli, hardasa 40 yaşlarında bir kişi soruşdu “kto vı”? Gözümüzə işıq gəldi! İkimiz də birdən cavab verdik “Mı plennıe!”

 

- “Qırmızı Xaç”da rus? Qəribədir...

 

- Yox, İsveçrədən gələn təzə nümayəndə - Pyer! Təsəvvür eləyirsiz, rusca tərtəmiz danışır.

 

- Möcüzə!

 

- Hə, bizim durumumuzda bu doğrudan da Allahın möcüzəsi idi! Biz də rusca 60-70 faiz bilirdik, onunla birbaşa, tərcüməçisiz söhbət eləməyə başladıq. Bizimlə maraqlandı, harda qaldığımızı, nə iş gördüyümüzü soruşdu, ünvanımızı yazdı, bizə yemək, kola gətirtdi. Pal-paltar, yemək, yağ, qovyadina, kolbasa, hər şeyi də ayırıb dedi ki, səhər mütləq ordayam!

Səhəri günü gördük Pyer gəldi. Harda, necə əsir düşmüşük, başımıza nələr gəlib, hamısını soruşdu və detallı yazdı. Ən çox da mənim üzərimdə dayandı ki, axı sənin yaşın azdı, necə olub bura düşmüsən?

 

- Bəxtiyarın neçə yaşı var idi?

 

- Hardasa 20 yaşı olardı.

 

- Ermənilər onunla birbaşa söhbət eləməyinizə mane ola bilmirdilər?

 

- Artıq yox. Pyer çox yaxşı insan idi, özü hər şeyi görürdü. Başıma gələnləri bir-bir, ən xırda detallarına qədər danışdırtdı və o qədər məyus oldu ki, dedi özümə söz verirəm, mənim müddətim bitsə də, vaxtımı uzatdırıb səni burdan xilas edib öz vətəninə, doğmalarının yanına qaytarmayınca bu torpaqlardan getməyəcəm. Dediyini də elədi! 2-3 gündən bir gəlirdi, dost olmuşduq. Şuşa türməsindəki vəziyyəti ona danışdıq. Özü də ora gedəndə uşaqlar görüb rusca bilir, başlayıblar hər şeyi açıb danışmağa. Görüblər ki, artıq buna demək olar.

 

İllərdir hər yandan əllərini üzüb ümidlərini möcüzəyə bağlayan əsirlər üçün nəhayət ki, o möcüzə baş vermişdi. Bu dəfə həqiqəti dilə gətirməkdən qorxmurdular. Bilirdilər ki, bu həqiqət onlara baha başa gələcək, Pyerə danışdıqları hər söz üçün işgəncə veriləcək, amma olsun! Əsas odur ki, artıq həqiqəti tərcümə eləməyə gərək yox idi!

 

- Pyer ermənilərə demişdi ki, hər yana car çəkəcəm, şikayət eləyəcəm ki, siz nə qədər vəhşi adamlarsız. Nə qədər əsiri döyüb öldürmüsüz, şikəst eləmisiz.

 

- Elədi?

 

- Hər yana müraciət elədi və əsirlərin gözü qarşısında bizə min cür işgəncə verən insanların hamısını, komandirinə kimi içəri saldırdı.

 

- Şuşa türməsinə?

 

- Şuşa türməsinə! Pyer buna nail oldu! Artıq onlar həyətdə işləyən əsirlərə barmaqlıqların arasından baxırdılar. Əsirlər bayram eləyirdi. Sonra tam başqa polk gəldi. Gözləri qorxmuşdu deyə artıq əsirlərə əvvəlki işgəncələri vermirdilər. Demək olar ki, əsirlərin həyatını Pyer qurtardı.

 

Ermənilər əsirləri xəstəxanaya aparanda sürüyüb cəmdək kimi maşına atırdılarsa, indi Pyer əsirləri xəstəxanaya dalında daşıyırdı. Öz yeməyini onlara verir, qaşığı əlinə alıb xəstə əsiri yedirdirdi. Qırx yaşlarında, sarışın isveçrəli əsirlərin xilasedici mələyinə çevrilmişdi.

 

- Günlərin bir günü Ağdama material dalınca getmişdik. Boru doğrayıb gətirməliydik. İyun ayı olardı, ağaclar necə bar vermişdisə az qala yerə dəyirdi. Boruları doğrayıb maşına daşıya-daşıya fürsət eləyib xeyli ərik yemişdim.

 

Bir azdan qarnımın sağ tərəfi başladı ağrımağa, köpdüm. Bəxtiyarla ikimiz idik. Mən artıq hərəkət eləyə bilmirdim, Bəxtiyar başladı tək işləməyə. Materialı söküb maşına yükləyəndən sonra yola düşdük. Ermənilər yolda dedilər səni xəstəxanaya aparırıq. Yenə qayıtdım o uşaq xəstəxanasına. Pyer də orda idi. Həkim baxıb dedi appendisitdi, əməliyyat eləmək lazımdı...

 

- Yenə əməliyyat?

 

- (Gülümsəyir) Təsəvvür eləyirsiz, bu dəfə mənə iynə vurdular... Elə gözüm yumulurdu ki, işıqlar söndü... Pyer generatoru qoşdurdu, elektrik verdirdi. Birinci əməliyyatda başıma gələnləri bilirdi deyə məndən bir addım uzaqlaşmadı, məni o zalımların əlində tək qoymadı. Əməliyyat otağına girdi. Xəbərim olmadı, sonradan dedi ki, appendisitini əlimlə saxlamışdım. Sözüm ondadır ki, Pyer orda idi deyə bu əməliyyat o “əməliyyatdan” olmadı.

 

Artıq Pyerin sayəsində əsirlər xəstələnə, yata, hətta yuxu da görə bilirdilər.

 

- Bir gün yatmışdım, yuxuda gördüm əsirlikdən qaçıram. Meşənin içində ermənilər düşüb arxamca, atəş açırlar, ayaqlarımdan güllə dəyir, məni tuturlar. Qan məni aparır, ermənilər deyir aparaq Xankəndinə, Edik Stepanyan əməliyyat eləsin. Pyer isə deyir onun müalicəsi ancaq Bakıdadır! Bakıya aparmaq lazımdır!

Yuxudan qan-tər içində oyandım. Əsirdim, birtəhər özümə gəldim. Sonradan yanımıza Kəlbəcərdən olan Fərman adlı bir oğlan da gətirmişdilər. Ona və Bəxtiyara yuxumu danışdım, dedilər nə isə olacaq, qan qovuşmaqdır.

 

- Yuxunu Xankəndi türməsində gördüz?

 

- Yox, artıq bizi türməyə aparmırdılar. Ferma tikmişdik, parnik salmışdıq. Bir il ərzində çox iş görmüşdük, elə orda qalırdıq. Üzərimizdə də iki əli avtomatlı erməni əsgər dayanırdı.

 

Səhər açılır, işə başlayırlar. Fərmanla Bəxtiyar sahədə yer şumlayır, o isə...

 

- Özümə yer tapa bilmirdim. Ürəyim elə narahat idi ki... Əsirlikdə olduğum bütün bu müddətdə heç belə olmamışdı ki, iş də görə bilməyim. Ot tayası yığmışdıq, onun başına çıxıb uzandım, səhər günəşinə baxıb öz-özümə zümzümə eləməyə başladım.

 

- Nəyi zümzümə eləyirdiz?

 

- Bəlkə bu yerlərə bir də gəlmədim,

  Duman salamat qal, dağ salamat qal...

 

Özümdən asılı deyildi, niyəsə dilimə bu mahnı gəldi...

 

- Yaxınlıqda erməni var idi?

 

- Yox, tək idim. Bir də gördüm maşın səsləri gəlir. Tez düşüb başladım iş görməyə ki, məni dincələn halda görməsinlər. Baxdım gördüm “Qırmızı Xaç”ın maşını və erməni UAZ-ı.

 

Ermənilərlə “Qırmızı Xaç”ın maşınını bir yerdə görəndə narahatlığı bir az da artmağa başlayır. Görəsən nə baş vermişdi? Maşın dayanmağa macal tapmamış özünü ordan yerə atan Pyer 18 yaşlı gəncin üstünə qaçaraq onu qucaqlayıb öpür.

 

- Donub qaldım ki, “Axı nə olub?” Dedi: “Gözün aydın, səni dəyişirəm!”

 

Neçə saatdır söhbət edirik. Tam əminliklə deyirəm ki, onun gözündəki kədərlə insan öldürmək olar. Dərdi o qədər gözünə hopub ki, üzünə baxmağa cəsarət tapmırsan. Və bu neçə saat ərzində ilk dəfə o gözlər güldü:

 

- Başladım ağlamağa...

 

- Tarix yadınızda?

 

- O tarixi heç vaxt unutmaram! 1 noyabr 1995-ci il. Düz iki il səkkiz ay idi ki, əsir idim. Mənə aid olan yeganə əşyamı – bacımın məktubunu götürüb, uşaqlarla qucaqlaşıb, görüşüb oturdum maşına...

 

Yenə həmin xəstəxanaya! Azərbaycana qaytarılan 5 nəfərin hamısının toplanması üçün bir gecə burda qalmaq lazım idi. O yerdə ki, səni diri-diri kəsib doğrayıblar, o yerdə ki, gözünün qarşısında nə “əməliyyat”lar olub, necə qadınlar havalanıb...

 

- Necə keçdi o gecə?

 

- Nə gecə, adamın gözünə yuxu gedər? Bilmirsən inanasan, yoxsa... Deyirsən birdən səhər nə isə bir problem çıxar, təxirə salarlar... Səhər açıldı, bizi “Qırmızı Xaç”ın mərkəzdəki ofisinə gətirdilər, təzə paltar verdilər, beş nəfər idik.

 

- Vətənə göndərəndə təzə geydirdilər?

 

- (Gülümsəyir) Hə, çimdik, təzə geyindik... Bizi maşına yığıb Ağdamın Qərvənd kəndinə gətirdilər. Hələ də inana bilmirdim...

 

- Pyer harda idi?

 

- Yanımda! Gözündən kənara qoymurdu ki! Onların heç birinə etibar eləmirdi. Bizi o xilas elədi, allah köməyi olsun.

Sərhəddə çatdıq, beş yüz metr bizimkilər yaxınlaşdı, beş yüz metr də ermənilər bizi gətirdi. Arada dayanıb salamlaşdılar.

 

- Nə hiss edirdiz?

 

- Çox qəribə hiss idi. İki il səkkiz aydır yüzlərlə əsirlə bərabər azərbaycanca danışırıq, amma indi bizim Milli Ordunun əsgərlərinin səsi gələndə elə bildim nə isə başqa bir dildi. Elə bil biz heç azərbaycanca danışmırmışıq. Təsəvvür eləyə bilməzsiz necə hissdir, o qədər doğma idi ki... Bu nə isə başqa, çox dəhşətli bir hiss idi, erməni əsirliyində olmayan bunu təsəvvür eləyə bilməz...

 

- Həmin o 500 metr yeri necə keçdiz?

 

- Hər yan minalanmış ərazi idi. Göstərdilər ki, ayağını bura qoy, ora qoy... Təsəvvür edin, iki il səkkiz ay düşmən əlində əsir olasan, vətənə qayıdanda minaya düşəsən.

 

- Və xətti keçdiz...

 

- Pyerlə bir də qucaqlaşdıq, öpüşdük, ayrıldıq... Pyerin gözləri doldu...

 

Gözlərini gizlətməyə çalışır, çünki onun da gözləri yaşarıb. Əsirlərin beşini də “Qırmızı Xaç”ın Bərdə nümayəndəliyinə gətirirlər. Burda onları xüsusi açılmış süfrə gözləyirdi:

 

- Süfrədə hər şey var idi, kababa kimi!

 

- Nə hiss eləyirdiz?

 

- Qorxurdum! Hamı azərbaycanca danışırdı, qorxurdum yuxudan ayılam və yenə başımın üstündə silahlı erməni əsgərini görəm... Sonra əsirlikdən adam gəldiyini eşidənlər tökülüb gəldi. Kimin əsirlikdə adamı varsa, hamısı bir-bir soruşurdu. Kimi bacısını, kimi qardaşını axtarırdı... Sonra qohumlar gəldi...

 

- Gözünüz kimi axtarırdı?

 

- Bacımı və qardaşlarımı. Başqa kimim qalmışdı ki?

 

- Görüşünüzü necə xatırlayırsız?

 

- Bilirsiz neçə saat görüşdük?!... İkinci qardaşım İlhamla qucaqlaşanda bəlkə 15-20 dəqiqə bir-birimizə yapışıb qaldıq. Axırda bizi nə müsibətlə ayırdılar. Ağlayırdıq...

 

- Qardaşlarınızın üçü də müharibədən sağ qayıtmışdı?

 

- Hə, amma çox zülmlə... Murovdağı nə əziyyətlə aşıb gəlib Gəncəyə düşəndən sonra neçə vaxt xəstəxanada yatıblar. Ayaqlarını şaxta vurubmuş. İndi hamısı ikinci qrup əlildi. Hardasa bir həftədən sonra biliblər ki, ailədən kimlər ölüb, kimlər sağdır, kimlərsə əsir...

 

Artıq Bakıdadır. Ailəsinin məskunlaşdığı yataqxanada yaşayır. Təxminən 3-4 aydan sonra eşidir ki, bütün əsirləri dəyişiblər, Pyer Bakıda, “Qırmızı Xaç”dadır.

 

- Xəbəri eşidən kimi qaçdım “Qırmızı Xaç”a! O qədər adam var idi... Pyerə dedilər “Müşfiq gəlib!” Necə yüyürə-yüyürə gəldi, məni götürüb göyə atdı-tutdu, atdı-tutdu... Hamı məəttəl qalmışdı... Dedi istəyirsən səni özümlə İsveçrəyə aparım. Dedim yox, vətənə nə zülmlə gəlmişəm... O vaxt əlaqələri almaq ağlıma gəlmədi. Təzə gəlmişdim axı, key kimiydim.

 

- Şəhərə adaptasiya çətin oldu?

 

- Çox çətin oldu. Mən elə bilirdim əsirlikdən qurtardınsa azadsan. Amma yox! Azad olduğumun fərqinə vara bilmirdim. Hardasa bir iləcən özümdən asılı olmayaraq söz soruşana ermənicə cavab verdiyim vaxtlar olurdu. İnsanların, maşınların səsi birtəhər gəlirdi. Şəhəri tanımırdım, alışa bilmirdim...

Qohumlar, tanışlar gəlirdi. Hamı eyni sualı verirdi. Ağdamlılar gəlib soruşurdu evim durur? Füzulidən gələnlər deyirdi evim filan yerdə idi, görmədin? Xocalıdan gələnlər də öz evlərini soruşurdu. Başqa soruşmalı kimləri qalmışdı ki, orda? Hamı evini soruşurdu...

 

Atəşkəsdən sonra dəyişən, sakitləşən, hətta bəzən müharibəni unudan şəhərin ritminə uyğunlaşmaq nə qədər çətin olsa da, başqa yol yox idi. Əgər o işgəncələrə dözüb yaşaya bilmişdisə, yeni həyatına da alışacaqdı. Əsirlikdə itirdiyi zamanı bərpa eləməyə çalışırdı. Əvvəl Bakı Kooperativ Texnikumunu, sonra isə İqtisad Universitetini bitirdi. İşlədi, ailə qurdu. İndi qızı Pınar V sinifdə oxuyur.

 

- Oğlum isə I sinifdə oxuyur, balacadır... Balaca... Tural... Rəhmətliyin adını qoymuşam.

 

- Bir yerdə əsirlikdə olduğunuz insanlarla görüşürsüz?

 

- Tək-tək görüşürük, amma bir yerdə görüşməmişik.

 

- Elə bir şey var ki, ondan uzaq dayanmaq istəyirsiz?

 

- Əsas o günləri fikirləşməməyə çalışıram. Gör üstündən neçə il keçib. Hər gecə yuxuda görürəm ki, əsirlikdən qaçıram, tutuluram. Hər gecə yuxudan qan-tər içində oyanıram. Yoldaşım soruşur nə olub? Hər gecə eyni yuxunu görürəm.

 

- Nə görürsüz?

 

- Görürəm əsir düşürəm və düşünürəm ki, buna bax, bütün ömrüm boyu ikinci dəfə əsir düşməkdən qorxurdum, o da başıma gəldi. Oyanan kimi ətrafa baxıb şükür eləyirəm ki, evimdəyəm, ailəm sağdır. Əsirlikdə deyiləm. Və hərdən elə detallar, elə anlar olur ki, o günləri anbaan xatırladır. Onda qanım damarımda donur...

 

- Uşaqlara əsir düşərgəsindən danışırsız?

 

- Başıma gələnlərin hamısını danışıram ki, düşmənlərini tanısınlar. Son illərdə insanlarımızda, xüsusilə gənclərimizdə qəribə erməni sevgisi yarandığını müşahidə eləyirəm. Mənim üçün o adamlar da erməni kimi bir şeydi. Hamısına nifrət eləyirəm. Nə olur olsun, mən o adamlarla barışmayacam. Nə ermənilərlə, nə də ermənipərəstlərlə. Əzizlərimi öldürüblər, mənə nə işgəncələr veriblər... Mən heç kəsə əsirlik həyatı arzulamaram. Amma o ermənipərəstlər demirəm iki il səkkiz ay, iki saat səkkiz dəqiqə əsir düşsələr, onda başa düşərlər əslində erməni kimdir.

 

- Yaşadıqlarınızı yazmaq istəmirsiz?

 

- Orda baş verənləri xatırlamağa qorxuram. Bu qorxum çox güclüdür...

# 22719
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar