1183
11:16
31 Avqust 2020

Bal bayramı: Koronavirus ona da mane oldu

“Hər il təxminən 100 tondan artıq bal, böyük miqdarda arı məhsulları satılır. COVID-19 isə hər şeyi çətinləşdirib. İnsanların arı məhsullarına ehtiyacı artıb, ancaq arıçının satışında, məhsulu çatdırmasında ciddi çətinliklər var”.

Bu sözləri Lent.az -a Arıçılar Assosiasiyasının mətbuat xidmətinin rəhbəri Elvin Bayramlı bildirib. Bir neçə gün əvvəl Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətovun mediaya açıqlamasında hər il oktyabr ayında həyata keçrilən bal yarmarkasının təşkilinin bu il bir qədər fərqli olacağını bildirib. Nəzərə alsaq ki, bütün dünyada koronavirusa qarşı mübarizədə kütləvi toplantıların təşkili ləğv olunub, o zaman deyə bilərik ki, yarmarkaların təşkili də sual altındadır. Amma digər bir məsələni də diqqətdə saxlamaq vacibdir. Elə Elvin Bayramlının da dediyi kimi:

“Yarmarkanın olması arıçıların xeyirinədir. Kənddən Bakıya gələ bilməyən arıçı yollara düşür, min bir əziyyətlə balını göndərir. İstərdik yarmarka hansısa formada olsun. Bu barədə cavabdeh qurumlar qərar verəcək. Sadəcə, qərarın hər kəsin, o cümlədən arıçının xeyirinə olmasına ümid edirik.

Məsələ ilə bağlı Lent.az -a danışan Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin müavini Vüqar Hüseynov bildirib ki, hər şey Nazirlər Kabinetinin yanında Operativ Qərargahın verdiyi qərarlardan asılıdır:

“Mən indi bir söz deyə bilmərəm. Çünki bizdə Nazirlər Kabinetinin yanında Operativ Qərargahın verəcəyi qərarlardan asılıyıq. Amma onu da deyim ki, koronavirusa qarşı ehtiyatlı olmaq üçün belə kütləvi toplaşmaq olmaz. Yarmarkalarda yüzlərlə insan olur. Bu, düzgün deyil. Hələ ki gözləyirik. Yəqin ki, lazimi qərar veriləcək”.

Onu da qeyd edək ki, Azərbaycan Arıçılar Assosiasiyasının sədri Bədrəddin Həsrətovun açıqlamasında bu il paytaxtda növbəti bal yarmarkasının keçirilməsi sentyabr ayının sonunadək nəzərdə tutulduğu da bildirib. Düzdür, hələ buna dair konkret qərar olmasa da, arıçılar tərəfindən hazırlıq işləri aparılır. Bakıda kənd təsərrüfatı məhsullarının üçün həftə sonları təşkil olunan satışı yarmarkaları, bal yarmarkaların keçirilməsi üçün arıçıların ixtiyarına verilə bilər. 300-dək arıçının qatıla biləcəyi yarmarka paytaxtın müxtəlif yerlərində təşkil olunan kənd təsərrüfatı məhsullarının həftəlik yarmarkalarına keçirilməsi nəzərdən keçirilir.