3076
12:28
06 İyul 2020

Bu məzunlar imtahansız attestat alacaq - YENİLƏNİB

Buraxılış imtahanında iştirak etmədən attestat alacaq məzunların qiymətləri ilə bağlı məsələyə aydınlıq gətirilib.

Dövlət İmtahan Mərkəzindən APA -nın sorğusuna cavab olaraq bildirilib ki, təhsillərini xarici ali təhsil müəssisələrində davam etdirmək niyyətində olan ümumi təhsil pilləsinin məzunlarına müstəsna hal kimi buraxılış imtahanlarında iştirak etmədən attestatlar veriləcək: “Sadəcə həmin məzunlar buraxılış imtahanlarında iştirak etmədiklərinə görə, buraxılış imtahanlarının qiymət xanası boş qalacaq. Digər fənlər üzrə isə onların qiymətləri yazılacaq”.

Eyni zamanda qeyd edilib ki, həmin məzunlara buraxılış imtahanlarının qiymətlərinin yazılmaması onların xarici ali təhsil müəssisələrinə imtahan verməklərinə mane olmayacaq.

12:13

Bəzi məzunlara buraxılış imtahanında iştirak etmədən attestat veriləcək.

APA-nın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin birgə məlumatında bildirilib.

Qeyd edilib ki, qaydalara əsasən məzunlara ümumi təhsil haqqında dövlət sənədi yekun attestasiyanın keçirilməsi prosesi başa çatdıqdan sonra təqdim edilir. Lakin mövcud vəziyyət tam orta təhsil səviyyəsini bitirmiş və növbəti pillədə təhsillərini xarici ölkələrdə davam etdirmək niyyətində olan məzunlar üçün bəzi çətinliklər yarada bilər. Belə ki, bu məzunların xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul prosesində iştirakı üçün bir qayda olaraq ümumi təhsil pilləsini bitirmələrini təsdiq edən dövlət nümunəli sənədin (attestatın) təqdim edilməsi tələb olunur. Bəzi xarici ölkələrin təhsil müəssisələrinə tələbə qəbulu prosesinin yaxın dövrdə yekunlaşacağını nəzərə alaraq, məzunlar tərəfindən həmin təhsil müəssisələrinə öz attestatlarının vaxtında təqdim edilməsi vacib şərtlərdən biridir.

Vətəndaşların təhsil almaq hüquqlarını təmin etmək məqsədilə təhsillərini xarici ali təhsil müəssisələrində davam etdirmək niyyətində olan ümumi təhsil pilləsinin məzunlarına müstəsna hal kimi buraxılış imtahanlarında iştirak etmədən attestatların verilməsi qərara alınıb. Bu gündən başlayaraq xarici ali təhsil müəssisələrinə qəbul olunmaq üçün müraciət etmiş məzunlar təhsil aldıqları təhsil müəssisələrinə müraciət edərək attestatlarını ala bilərlər. Həmin şəxslər attestatlarına buraxılış imtahanı qiymətlərinin də yazılmasını istədikləri təqdirdə məzun olduqları məktəbə müraciət edə və sentyabr ayında keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edə bilərlər.