Musiqili Teatr onlayn rəqslər öyrədir
23 iyun 2020 17:51 (UTC +04:00)

Musiqili Teatr onlayn rəqslər öyrədir

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet truppasının quruluşçu baletmeysteri, Əməkdar artist Emin Əliyev insanların evdə vaxtlarını səmərəli keçirməsi məqsədilə onlayn rəqs kurslarının təşkilinə qərar verib.

Teatrın mətbuat xidmətindən Lent.az-a bildirilib ki, onun şəxsi təşəbbüsü və rəhbərliyi ilə yaradılan bu virtual rəqs qruplarında milli və dünya xalqlarının rəqsləri öyrədiləcək. Fərdi və qrup şəklində, əyani və distant formada təklif olunan onlayn kurslara qəbul artıq başlanıb.

Qeyd edək ki, Emin Əliyev Bakı Xoreoqrafiya Akademiyasının məzunudur. 1996-cı ildən 2015-ci ilə qədər Azərbaycan Dövlət Rəqs Ansamblının solisti olub. 2004-cü ildə Xalq artisti Polad Bülbüloğlunun “Eşq və ölüm” baletində Nuri obrazı ilə daha çox tanınıb. O, bu obrazla Azərbaycanın müxtəlif mədəniyyət ocaqlarında və Rusiyanın Böyük Teatrında, Sankt- Peterburqun Marinski Teatrında çıxış edib. 2004-2006-cı illərdə Türkiyənin “Anadolu Atəşi” və 2017-ci ildə “Royal” rəqs ansambllarına dəvət alıb, bir müddət orada fəaliyyət göstərib, müxtəlif rəqs və balet tamaşalarına quruluş verib. Dünyanın 50-dən çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə iştirak edib. Həmçinin o, maestro Niyazinin “Rast” simfonik muğamı və “Kitabi- Dədə Qorqud” dastanının motivləri əsasında “Dəryadan damla” balet-tamaşasına quruluş verib.

Emin Əliyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet truppasının quruluşçu baletmeysteri kimi bir çox uğurlu layihələrdə iştirak edib, yeni hazırlanan tamaşalardakı balet kompozisiyalarına quruluş verib.

Emin Əliyev dahi bəstəkar Fikrət Əmirovun balet musiqisi əsasında hazırlanan “Nəsimi” (quruluşçu rej. S.Qulamov) promo-rolikinə görə "İmedia Group”un təsis etdiyi "Şəms" Milli Mükafatına layiq görülüb.

O, Musiqili Teatrın bu mövsümünün anşlaqla keçən tamaşalarından biri olan “Paris Notr-Dama ithaf” əsərində (V. Hüqo", rej. S.Qulamov) uğurla iştirak edib. Eləcə də teatrda yeni hazırlanan "İstintaq” (C.Allahverdiyev və P. Seyidli, quruluşçu rejissor F.Məhərrəmov), “Cehizsiz qız” (A. N. Ostrovski, quruluşçu rejissor İ.Gözəlova) tamaşalarında plastik hərəkətlərlə qurulan səhnələrin müəllifi və quruluşçu baletmeysteridir.

Hazırda Emin Əliyev "Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında Musiqili Teatrda hazırlanan, librettosu və quruluşu gənc rejissor Samir Qulamova məxsus olan “Dədəm Qorquddan bir nişanə” balet-tamaşasında iştirak edən teatrın balet truppası ilə, eyni zamanda, bu əsərdə canlandıracağı obraz (Uruz) üzərində məşqlərini davam etdirir.

# 4147
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar