7939
11:55
23 May 2020

Təyyarə qəzasında ölənlərin sayı artdı - VİDEO - YENİLƏNİB

Pakistanda baş verən təyyarə qəzasında həlak olanların sayı 97 nəfərə çatıb.

APA-nın Pakistan mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Pakistanın Sind əyalətinin Səhiyyə Nazirliyi məlumat yayıb.

Səhiyyə Departamentinin sözçüsü Meran Yusifin verdiyi məlumata görə mayın 22-də “Pakistan Beynəlxalq Hava Yolları”na məxsus təyyarənin Kəraçi şəhər aeroportu yaxınlığında qəzaya uğraması nəticəsində 97 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Qəzada xəsarət alanların vəziyyətini stabil olduğu bildirilib.

M.Yusif qeyd edib ki, təyyarənin qalıqları arasında çıxarılan 19 cəsədin kimliyi təyin edilib.

Əualətin rəsmilərini verdiyi məlumata görə təyarə qəzası nəticəsində 25-30 arasında evə ziyan dəyib və burada yaşayan sakinlər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, mayın 22-də Pakistanda Lahor şəhərindən Kəraçiyə uçan A320 sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəzanın təyyarədə baş verən texniki nasazlıqdan qaynaqlandığı bildirilir.

***

22 may, 20:10

“Pakistan Beynəlxalq Hava Yolları”na məxsus təyyarənin Kəraçi şəhər aeroportu yaxınlığında qəzaya uğraması nəticəsində azı 90 nəfər ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Bol news” telekanalı məlumat yayıb.

“Federal Aviasiya naziri Qulam Sərvər Xan “Pakistan Beynəlxalq Hava Yolları”na məxsus təyyarənin Kəraçi aeroportu yaxınlığında qəzaya uğraması nəticəsində azı 90 nəfərin öldüyünü təsdiqləyib”, - deyə telekanal bildirib.

Telekanal, həmçinin qeyd edib ki, aviaqəza nəticəsində beş ev və bir neçə avtomobil də məhv olub.

Pakistanın Mülki Aviasiya İdarəsinin nümayəndəsinin məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 91 sərnişin və 7 ekipaj üzvü olub. İnsidentdən sonra azı iki nəfərin sağ qaldığı, təyyarənin düşdüyü evlərdə bir neçə nəfərin də xəsarət aldığı qeyd olunur.

***

Saat 19:36

Pakistanda Lahor şəhərindən Kəraçiyə uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində azı 35 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə “Doon” qəzeti məlumat yayıb.

“Edhi” xeyriyyə fondunun nümayəndəsi bildirib ki, təyyarənin qəzaya uğradığı yerdən 35 nəfərin meyiti aşkarlanıb.

O qeyd edib ki, 25-30 nəfər arası yaralı xəstəxanalara yerləşdirilib.

Xatırladaq ki, bundan əvvəl “The Nation” qəzeti 32 nəfər yaralının xəstəxanalara yerləşdirilməsi haqda məlumat yayıb.

***

Saat 19:05

Pakistanın International Airlines hava şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yeni məlumat yayılıb.

Lent.az bildirir ki, “Associated Press”in yerli hakimiyyətə istinadla yaydığı məlumata görə, təyyarədə olan insanların hamısı ölüb.

Qəza zamanı 5, yaxud 6 evin dağıldığı da bildirilir. Yerli sakinlər arasında ölənlərin olub-olmadığı isə hələ ki məlum deyil.

***

Saat 14:54

Airbus A320 sərnişin təyyarəsi Kəraçi hava limanı yaxınlığındakı evlərin üstünə düşüb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, ilkin məlumata görə, Lahor şəhərindən havaya qalxan təyyarənin göyərtəsində 99 sərnişin, 8 nəfər ekipaj üzvü olub.

***

Saat 14:26

Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, Geo TV Pakistan Beynəlxalq Aviaşirkətinə məxsus təyyarənin bu gün Karaçi şəhəri yaxınlığında qəzaya uğradığı barədə məlumat yayıb.

Təyyarədəki sərnişinlərin sayı, ölənlərin olub-olmadığı dəqiqləşdirilir.

“Kyodo” agentliyi isə təyyarənin göyərtəsində 100-dək insanın olduğunu yazır.