"Karantin rejimində olanlar bəzən buna tam əməl etmirlər" - RƏSMİ
08 aprel 2020 17:48 (UTC +04:00)

"Karantin rejimində olanlar bəzən buna tam əməl etmirlər" - RƏSMİ

“TƏBİB bir səhiyyə qurumu və Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü olaraq pandemiyanın başladığı ilk gündən fəaliyyət planlarını qurub. ÜST və  beynəlxalq  təcrübəyə uyğun fəaliyyət planımızı daha da təkmilləşdiririk”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, fəaliyyət istiqaməti profilaktika, müalicə və diaqnostika istiqamətində davam etdirilir: "Profilaktik iş olaraq ölkə xaricindən gələnlər karantinə yerləşdirilib. Bunun üçün logistika və fəaliyyət planı əvvəldən tərtib olunub. Yüksək səviyyəli karantin yerləri hazırlanıb, onların əksəriyyəti hotellərdir. Karantin yerlərində bütün mərtəbələrdə həkim və tibb bacıları müayinə aparırlar".

O deyib ki, 14-21 ərzində karantin zamanı müayinələr davam edir: "Pozitiv hal olanda dərhal həmin şəxsi izolyasiya edirik. Təəssüf ki, karantin rejimində olanlar bəzən buna tam əməl etmirlər, nəticədə yoluxma halları artır. Eyni zamanda, həmin şəxsdə virus aşkar edəndən sonra onunla təmasda olanlar da aşkarlanır. Fəaliyyətin ikinci hissəsi diaqnostikadır. Hazırda laboratoriyaların sayı 15-ə çatıb, biz testlərin sayını da artıracağıq. Hazırda gündəlik 3000 test edilir, yaxın zamanlarda 5000-ə çatdıracağıq. Pozitiv hal aşkarlanan kimi həmin şəxsi izolyasiya edəcəyik. Logistika planına uyğun olaraq regionlarda olan bütün müayinələr təcili tibbi yardımın 24 saat fəaliyyət göstərməsi nəticəsində laboratoriyalara aparılır. Təcili yardım əməkdaşları çağırış olan kimi evə gedir, analiz götürürlər.  Kimdən analiz götürülürsə, cavab çıxana kimi tapşırılır ki, evdə izolyasiya olsunlar. 22 tibb müəssisəsində hazırda koronavirus xəstələri yerləşdirilir. Koronaviruslu xəstələrin olduğu müəssisələrdən əlavə digər tibb müəssisələrinin də üzərinə yük düşür, onlar digər xəstəlikləri müalicə edirlər".

# 1257
avatar

Oxşar yazılar