Bakıda avtomobillər 100 manat cərimə olundu - DYP-dən açıqlama
02 aprel 2020 17:05 (UTC +04:00)

Bakıda avtomobillər 100 manat cərimə olundu - DYP-dən açıqlama

Bu gün Bakı şəhərində hərəkətdə olan avtomobillər cərimələnib.

Bu barədə Lent.az-a oxuculardan şikayət daxil olub. Redaksiyamızla əlaqə saxlayan sürücülər bildirir ki, onları 100 manat məbləğində cərimələyirlər. Belə ki, şəhərin əsasən, “Azneft” dairəsi və başqa mərkəzi yerlərində idarə olunan nəqliyyat vasitələri Dövlət Yol Polisi əməkdaşları tərəfindən cərimə edilib. Əksər sürücülər isə onları DYP əməkdaşı saxlamadığını və radara düşdüklərini dilə gətiriblər. Dediklərinə görə, onlara cərimələndikləri barədə məlumat telefonlarına gəlib.

Məlumatla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevlə əlaqə saxladıq. Şöbə rəisi saytımıza verdiyi açıqlamada, avtomobillərin radara düşmə faktını təkzib edib:

“Ölkədə mövcud karantin rejimi ilə əlaqədar nəzarət tədbirləri çərçivəsində DYP əməkdaşları da üzərinə düşən vəzifələri yerinə yetirir. Sözügedən protokollar isə yol polisi əməkdaşları tərəfindən saxlanılan avtomobillərə tərtib edilib. Onların radara düşərək bu cür cərimələnməsi barədə deyilənlər doğru deyil. Ümumiyyətlə, radarın bura heç bir aididyyatı yoxdur. Martın 31-dən Operativ Qərargah məlumat yayır ki, zərurət olmadığı halda evdən çölə çıxmayın. Ancaq fəaliyyətinə icazə verilən təşkilatlarda işləyənlər üzərində müvafiq sənəd olmaqla evdən çıxa və avtomobil idarə edə bilərlər. Bakıda idarə olunan bütün nəqliyyat vasitələri saxlanılacaq. Əgər karantin rejiminə uyğun olaraq, avtomobilin zərurət olmadığı təqdirdə idarə olunduğu aşkar edilsə, həmin sürücü tərəfimizdən 100 manat cərimələnəcək”.

Qeyd edək ki, redaksiyamıza ünvanlanan cərimə protokollarında sürücülərin paytaxtın mərkəzi yerlərində 100 manat məbləğində cərimə edilməsi əks olunur. Protokolun aşağı hissəsində isə onun “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması”na görə tərtib edildiyi göstərilib.

# 9598
avatar

Mehman Nəbiyev

Oxşar yazılar