493
07:48
12 Mart 2020

Çində virusa yoluxanların sayı 80,7 minə çatıb, onlardan 62,7 mini sağalıb

Son bir gündə Çində yeni növ koronavirus infeksiyası nəticəsində ölənlərin sayı 11 nəfər, virusa yoluxanların sayı isə 15 nəfər artıb, daha 1318 nəfər sağalıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ÇXR-in Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, koronavirusun yaratdığı xəstəliyin yayılması zamanı yoluxanların sayı 80,7 minə çatıb, onlardan 62,7 min nəfər sağalıb, 3169 nəfər ölüb. Yenilənmiş məlumatlara görə, Çində virusdan rəsmi ölüm səviyyəsi 3,9%-dən 3,92%-ə yüksəlib. Eyni zamanda, gün ərzində sağalan insanların nisbəti 76,1% -dən 77,7%-ə çatıb.

Dövlət Komitəsindən verilən məlumata görə, 31 regiondan beşində ümumiyyətlə heç bir yoluxma halı olmayıb, digər 25 əyalət, inzibati rayon və mərkəz tabeli şəhərlərdəki xəstəxanalarda yoluxanların sayı bir nəfərdən 90 nəfərə qədər dəyişir. Pekində 93 yoluxmuş insan var, Rusiya ilə həmsərhəd olan Heyluntszyan əyalətində - 29, Haynanda isə yalnız iki nəfər yoluxmuş insan qalıb.

Xəstəliyin əsas mərkəzi sayılan Hubey əyalətində son gün ərzində 10 nəfər ölüb, 8 nəfər virusa yoluxub, 1242 sağalıb. Koronavirusa qarşı uğurlu mübarizəyə baxmayaraq, hələ də 14,4 mindən çox yoluxmuş insan var. Bir neçə gündür ölkənin materik hissəsinin əksər bölgələrində yeni yoluxma halları tamamilə müşahidə edilmir. Bununla yanaşı, Çinə xaricdən gələn yoluxmuş insanların sayı artmaqda davam edir: hökumət artıq 85 belə hadisəni qeydə alıb, onlardan 6-sı son 24 saat ərzində baş verib.

Ən son rəsmi məlumatlara görə, yoluxmuş insanlarla yaxın təmasda olan 13,7 mindən çox insan hələ də ÇXR-də tibbi nəzarətdədir. Ölkədə virusa şübhəli olan 253 nəfər karantində saxlanılır.