424
14:19
27 Fevral 2020

"Bəzən yanğınsöndürən maşınlar binalara yaxınlaşa bilmir" - SƏBƏBLƏR AÇIQLANDI

"Baş vermiş yanğınların təhlili göstərir ki, onlardan 4-5 faizi təbii faktorlardan qaynaqlanır. Qalanlarının səbəbkarı insanlardır".

APA-nın məlumatına, bunu Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərə ulduzların verilməsi prosedurları barədə keçirilən tədbirdə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına Qarşı Təbliğat Şöbəsinin baş mütəxəssisi Nizami Fərəcov bildirib.

Onun sözlərinə görə, ehtiyatsızlıq, səhlənkarlıq yanğın təhlükəsizliyi qaydalarının pozulmasına səbəb olur: "Hər gün ölkə ərazisində orta hesabla 5-6 yanğın hadisəsi qeydə alınır. İnsanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən təkcə ötən il 2315 yanğın hadisəsi baş verib. Bu hadisələr zamanı 53 nəfər ölüb, 231 nəfər xəsarət alıb. Baş verən yanğınlar nəticəsində 19,9 milyon manat maddi ziyan dəyib. Yanğından heç kim sığortalanmayıb. Biz əhali arasında maarifləndirmə tədbirləri keçiririk".

FHN nümayəndəsi deyib ki, yanğınların 70 faizi yaşayış sektorunda olur: "Bu sırada ikinci yerdə nəqliyyat sektorudur. Üçüncü yerdə məişət-mədəniyyət, dördüncü yerdə meşələr, beşinci sırada isə sənaye, kənd təsərrüfatı və s. sektorudur. Yanğınların 40 faizi təkcə elektrik təsərrüfatının payına düşür. Yəni elektrik cihazlarının quraşdırılması və istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarının pozulması bu cür təhlükə yaradır".

N.Fərəxov deyib ki, 2018-2019-cu ildə mehmanxanalarda da yanğın baş verib: "Ötən il Səbael və Nərimanov rayonundakı iki mehmanxana və mehmanxana tipli obyektlərdə yanğın baş verib. 2018-ci ildə isə yenə də Səbael və Binəqədidə bu cür yanğın qeydə alınıb. Bu il isə yanvarın 18-də yenə də Binəqədi rayonunda yanğın qeydə alınıb. Bu beş yanğının hamısının baş vermə səbəbi elektriklə bağlıdır".

FHN nümayəndəsi bildirib ki, bəzən yanğın zamanı hadisə yerinə yaxınlaşmaq mümkün olmur: "Yanğınsöndürən maşınlar binalara yaxınlaşa bilmir. Tıxacları bilirsiniz, bir də adamların harada gəldi, şlaqbaumlar quraşdırması, zəncirlərin olması, yerə metal pilətələr quraşdırılması və s. yanğınsöndürən maşınlara mane olur. Bunlar azmış kimi, nəqliyyat vasitələri də harada gəldi, park edilir".