3538
14:24
16 Fevral 2020

Bu xəstəlik nağılıymış? - Görün həkim nələr deyir

Beyindaxili təzyiqin yüksəlməsi - Azərbaycan və həmçinin MDB məkanında qorxulu hekayələrin başlıca “qəhramanıdır”. Əminəm ki, bu "diaqnoz"un adını həyatında bir dəfə də olsa eşitməmiş ailə yoxdur.

Bəs bu kəllədaxili təzyiq nədir? Onu müalicə etmək lazımdırmı və hansı əlamətlərə diqqət yetirmək lazımdır?

Öncə fiziologiya və anatomiyadan başlayaq. Hər şey çox bəsitdir əslində: kəllə boşluğunda beyin, qan və likvor adlanan xüsusi maye var. Bu maye xüsusi damar birləşmələrində əmələ gəlir, baş və onurğa beynini yuyaraq dövran edir və sonra yenidən qana sovrulur. Likvorsuz beyin normal fəaliyyət göstərə bilməz. Qanın qan damarlarından axmasından fərqli olaraq, likvorun beyində dövranı üçün xüsusi boşluqlar var - beyin mədəcikləri və onurğa beyini kanalı. Likvor məhz bu boşluqların daxili səthlərinə təzyiq edir.
Bu təzyiqi necə ölçmək olar? Hər şey göründüyü kimi asan deyil: likvor təzyiqi iki yolla ölçülə bilər - beyin əməliyyatı zamanı yaxud onurğa beyini punksiyası zamanı.

Böyüklərdə olduğu kimi, uşaqlardada kəllədaxili təzyiq (KDT) daima dəyişir. Uşaq qaçanda, ağlayanda, güləndə, qorxanda və s. – təzyiq artır; yatanda, sakitləşəndə, təngnəfəsliyi keçəndə - azalır. Eynən qan təzyiqində olduğu kimi. Bizim ölkəmizdə yüksək KDT diaqnozu az qala hər uşağa yeganə “simptomla” qoyulur - məsələn, körpənin dodağı titrəyəndə, ağladığı zaman dodaq ətrafında “hipoksiya” adı verilən göyərmə əmələ gəldikdə, əmgəyin ölçüsünə görə. Bu, nə dərəcədə düzgündür?

Yüksək kəllədaxili təzyiq - nağıl deyil, amma hər ikinci uşaqda rast gəlməsi də mümkün deyil. Bu hal bir sıra nadir və çox ciddi xəstəliklərin və halların təzahürüdür: meningit, ensefalit, insult, törəmə, ciddi travma və s. Qalan hallarda isə bu sadəcə nağıldır, diaqnoz deyil.
Yuxu problemləri yüksək kəllədaxili təzyiqin əlaməti deyil.
Uşaqlarda KDT yüksəlməsi hidrosefaliya ilə bağlıdır, lakin bu xəstəliyin də özünəməxsus simptomları var: həmnevroloji, həm fizioloji. Məsələn, baş ölçüsünün normadan kənar tez və sıçrayışlı böyüməsi (bu zaman əmgək və kəllə tikişləri azalmaq və bərkimək əvəzinə genişlənirlər). Xəstəlik körpənin həyatının ilk aylarında təzahür etməyə başlayır. Hidrosefaliyanın müxtəlif dərəcələri var və fərqli müalicə olunur: bir sıra hallarda dərmanlarla müalicə kifayət edir, digər hallarda isə ciddi əməliyyata ehtiyac duyulur.
Qalanların isə - gərginlik, emosionallıq, aqressiya, narahat yuxu, dodaqların titrəməsi və digər “simptomların” kəllədaxili təzyiqə heç bir aidiyyatı yoxdur və yalnız anaların qorxudulması üçün istifadə edilirlər.
Demək olar ki, hər məqalədə vurğulayıram və yenə də xatırlatmaq istəyirəm: əgər övladınız ətraf mühitə adekvat reaksiya verirsə, yeyir, içir və normal inkişaf edirsə, o zaman KDT problemi (və digər xəstəlik) ehtimalı ona aid deyil.
Təəsüf ki, hər şey bu cür başlayır: ana uşaqda hər hansı “simptomu” aşkar edir, onun nevroloji problemlərə aid olduğunu düşünür və həyəcan içində körpəni müayinəyə aparır. Əgər həkim savadlıdırsa, körpəyə boşuna “beyin qan dövranını yaxşılaşdıran” dərman və sidikqovucular yazmayacaq, və beləliklə ana və uşaq zərərin eşiyindən dönmüş olacaqlar.
Beləliklə, gəlin yüksək kəllədaxili təzyiqə aid olmayan əlamətləri yadda saxlayaq:
- beyinin USM-i zamanı aşkar edilmiş “anomaliyalar” (mədəciklərin genişlənməsi, kürələr arası məsafənin artması, subaraxnoidal sahələr, kistalar);
- davranış pozuntuları (diqqət defisiti və hiperaktivlik, aqressiya, sözə baxmaması);
- əmgəyin gec yaxud tez bağlanması;
- yuxu problemləri;
- inkişaf geriləməsi (gec danışmağa başlaması, gec yeriməsi, məktəbdə pis oxuması);
- diksinmələr, qışqırmalar, alt çənənin əsməsi, əl-ayaqların titrəməsi və s.;
- ayaq ucunda gəzməsi;
- burun qan axmaları.
KDT müalicə olunmur:
homeopatik vasitələrlə, fitopreparatlarla, vitaminlərlə və vitamin kompleksləri ilə, massajla, BAƏ-lərlə. Beyin qan dövranını və beyində maddələr mübadiləsini “yaxşılaşdıran” dərmanların həmçinin yüksək KDT-nin müalicəsinə heç bir aidiyyatı yoxdur.

Həmid Hacıağayev-Həkim-pediatr