702
15:22
04 Fevral 2020

"Bu zaman yanğın tez söndürülmüş olar" - FHN rəsmisi

Mərkəzi Monitorinq Xidməti hələlik yalnız Bakı şəhərində xidmət göstərməyə imkan verən bir müəssisədə qurulub. Mükəmməl avtomatik siqnalizasiya sisteminin qurulması mərhələli şəkildə həyata keçirilməkdədir.

Bunu APA -ya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayev bildirib. Onun sözlərinə görə, çoxillik təcrübə göstərir ki, insanların ilk növbədə sağlamlığının və mülkünün yanğından qorunmasında yanğın barədə bildirişlərin avtomatik xəbər verilməsini təmin edən avtomatik siqnalizasiya qurğularının müstəsna əhəmiyyəti var: “Bu dünya təcrübəsi Azərbaycanda inkişaf mərhələsindədir. İri şəhərlərdə avtomatik yanğın xəbərverici siqnalizasiya qurğularının qurulması dərəcəsi yüksək olsa da, respublikamızın rayon və şəhərlərində bu miqyas arzuolunan səviyyədə deyil”.

E.Babayev qeyd edib ki, avtomatika sistemləri yanğın haqqında məlumatı yanğından mühafizə hissələrinə ötürərək yanğınların söndürülməsində müstəsna əhəmiyyətə malik olan zaman itkisinin minimuma endirilməsi, yanğınların yayılmasına imkan verilməməsi naminə mümkün qədər daha çox insanın xəbərdar edilməsi üçün optik və akustik siqnallarla məlumatın ötürülməsini təmin etməkdir: “Qeyd edək ki, inkişaf etməkdə olan gənc respublikamızın lisenziyalı fəaliyyət göstərən, avtomatik siqnalizasiya sistemlərinin quraşdırılması ilə məşğul olan müəssisələrinin yanğın haqqında siqnalların yanğından mühafizə hissələrinə avtomatik rejimdə anında xəbər verən mərkəzləşmiş bir sistemi mövcud deyil. Təəssüflər olsun ki, bu sistem, yəni Mərkəzi Monitorinq Xidməti hələlik yalnız Bakı şəhərində xidmət göstərməyə imkan verən bir müəssisədə qurulub. Mükəmməl avtomatik siqnalizasiya sisteminin qurulması mərhələli şəkildə həyata keçirilməkdədir. Bu gün şəhər və rayonlarımızda qurulan avtomatik yanğın xəbərverici siqnalizasiya qurğularının işə düşməsi zamanı verdikləri optik və akustik həyəcan siqnalları ilə yalnız sahibkarların özlərini, onların obyektlərinin mühafizəçilərini, obyektin qonşuluğundakı sahibkar və sakinləri, yanğın baş verən zaman hadisə yerinin yaxınlığından keçənlərin xəbərdar olmasına xidmət edir. Yəni, Mərkəzi Montirinq Xidmətinə qoşulmayan avtomatik yanğın xəbərverici siqnalizasiya sistemləri də müstəsna fayda verməkdədir. Lakin, obyektlərdə və ya evlərdə quraşdırılmış avtomatik yanğın xəbərverici siqnalizasiya qurğularının sözügedən Mərkəzi Monitorinq Xidmətinə qoşulması təmin edilərsə, insanın iştirakı olmadan yanğın barədə məlumat dərhal yanğından mühafizə hissəsinə daxil olmuş olar, yanğınsöndürənlər həmin ünvana yollanaraq hadisənin qarşısını tez bir zamanda almış olarlar”.