20:06
20 Yanvar 2020

Yazıçı Oljas Süleymanov 20 Yanvar faciəsinin anım mərasimində iştirak edib

Azərbaycanın Qazaxıstandakı Səfirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibəti ilə Qazaxıstanın Almatı şəhərində “Qanlı Yanvar – müstəqilliyə aparan yol” adlı klassik musiqi konserti təşkil olunub. Tədbirə Qazaxıstanın nüfuzlu ictimai siyasi xadimləri və diplomatlarla yanaşı, 20 yanvar 1990-cı ildə Bakıya sovet qoşunlarının yeridilməsinə kəskin etirazı ilə yadda qalan və xalqımızın sevimlisinə çevrilən məşhur dövlət adamı, yazıçı Oljas Süleymenov da qatılıb.

Səfirlikdən APA -ya verilən məlumata görə, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bildirib ki, 20 yanvar faciəsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirdi. Amma, Bakıda kütləvi şəkildə həyata keçirilən bu ağlasığmaz vandallıq aktı insanlarımızı ruhdan salmadı, əksinə, Azərbaycan xalqını ölkənin müstəqilliyi uğrunda daha da sıx birləşdirdi və gücləndirdi. Həmin hadisələr bir qəhrəmanlıq salnaməsinə çevrildi və müstəqilliyin nə qədər böyük bir dəyər olduğunu heç zaman silinməyəcək şəkildə yaddaşımıza həkk etdi. Diplomat Qazax xalqının Oljas Süleymenov kimi böyük ziyalılarının simasında hər zaman Azərbaycan xalqının yanında olduğunu, ən ağır dövrlərdə dəstək göstərdiyini ifadə etdi.

20 yanvar faciəsi zamanı Azərbaycan xalqına dəstəyini açıq şəkildə ifadə edən, SSRİ rəhbərliyinə qarşı etiraz səsini ucaldan, hadisələrin canlı şahidi, Azərbaycanın böyük dostu, Qazaxıstanın nüfuzlu dövlət xadimi Oljas Süleymenov isə bildirib ki, bu cür vandallıq aktları qəlblərdə və düşüncələrdə xoş iz buraxmasa da, bizə tarixdən dərs çıxarmağı öyrədir: “1990-cı il 20 yanvar bütün Azərbaycan və şəxsən mənim üçün xatirə günüdür. Orda olduğum üçün şanslı olduğumu söyləyə bilməyəcəm. Çünki, o acılı -ağrılı günlər ömürlük xatirəmə həkk olundu. Biz “Qara Yanvar”ı “müstəqilliyə aparan yol” adlandırırıq. Amma bu cür faciələr tarixdə, qəlblərdə, düşüncələrdə xoş iz buraxmır. Bu gün bənzər hadisələr hələ də dünyanın bəzi ölkələrində davam edir. Bakıda olanlardan dərs çıxarmaq lazımdır. Özlərini siyasətçi aldlandırıb xalq adından danışıb, xalqı üçüruma aparanlara qarşı daha dəqqətli olmaq lazımdır. O dövrdə Heydər Əliyevin siyasi fəaliyyətdən təcrid olunmasından, təqiblərə məruz qalmasından istifadə edən qüvvələr Azərbaycanda “Qanlı yanvar” faciəsini, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini törətdilər. Düşünürəm ki, dünyanın nadir siyasət adamlarından olan Heydər Əliyev hakimiyyətdə olsaydı, onun uzaqgörənliyi ilə bütün bu hadisələr baş verməzdi və müstəqlliyə aparan yol tamamilə başqa cür ola bilərdi. “Qanlı Yanvar” hadisələri Heydər Əliyevin Azərbaycana, qəlbən bağlı olduğu doğma xalqının taleyinə və ağrı-acılarına əsl övlad münasibətini bir daha bariz şəkildə ortaya qoydu”.

Anım tədbiri çərçivəsində 20 Yanvar faciəsindən bəhs edən film nümayiş etdirilib və gənc pianoçu, beynəlxalq mükafatlar laureatı Fəqan Həsənlinin ifasında şəhidlərin xatirəsinə həsr olunan musiqi proqramı təqdim olunub. Azərbaycan və dünya klassiklərdən seçilmiş əsərlər iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Dİgər xəbərlər