2810
11:36
17 Yanvar 2020

Parklanmaya nəzarət gücləndi - Nələr dəyişəcək?

Bakıda parklanmaya nəzarət etmək üçün gətirilən xüsusi avtomobillər əsas müzakirə mövzusuna çevrilib. Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti cərimələnmənin sayının artacağını düşündüyündən parklanma üçün yerlər ayrılmasını tələb ediblər.

Şəhər nəqliyyatı üzrə ekspert Hüseyn Abdullayev Lent.az -a açıqlamasında bu təcrübənin bir sıra dünya ölkələrində də istifadə olunduğunu bildirib:

“Aidiyyatı orqan ya səyyar nəzarətçilərin müəyyən yerlərdə gəzməsi ilə, ya kameralarla, ya da xüsusi avtomobillərlə parklanmaya nəzarət etməlidir. Xüsusi avtomobillər bu prosesi avtomatlaşdıracaq. Çünki belə nəzarətlərə qanunvericiliyə əsasən, təkcə kompüter qərar verə bilməz. Bu qərarı əslində operator verir. Sadəcə, texniki vasitələr prosesi asanlaşdırır. Belə avtomobillər Moskvada da var. Həmin avtomobillərin içərisində “parkon” deyilən qurğu yerləşdirilir. Həmin qurğu qanunsuz parklanmaları, həmçinin ödənişlərin düzgün yerinə yetirilməsini təyin edir. Nəzarəti yerinə yetirmək üçün ya səyyar əməkdaş çox olmalıdır, ya da bir neçə əməkdaşı əvəz edən avtomobillərə üstünlük verilməlidir”.

Dünyanın əksər ölkəsində parklanma ödənişinin yoxlanıldığını xatırladan ekspert, Azərbaycanda da bu yoxlamanın aparılmasının lazım olduğunu vurğulayıb:

“Təkcə qanunsuz parklanmaya deyil, həm də bunun üçün ödəniş edilib-edilmədiyinə də baxılmalıdır. Dünyanın əksər ölkələrində parklanma üçün ödənişin yerinə yetirilməsi də yoxlanılır. Əlil şəxslərin maşını üçün ayrılan yerdə avtomobil saxlamaq da qanunsuzdur. Bakı Nəqliyyat Agentliyinin bu suala cavab verməsini istəyərdim. Məlumdur ki, BNA küçə parklanmasının qiymətinin müəyyən edilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edib. Hətta öz qiymət təkliflərini də göndəriblər. Ancaq bir ildən artıqdır ki, bu barədə heç bir qərar verilmir. Maraqlıdır, əgər qərar qəbul edilsə, yeni avtomobillərdə quraşdırılan texniki vasitələr parklanma üçün edilən ödənişləri də yoxlayacaqmı? Qanunsuz parklanmanı müəyyən etmək çətin deyil. Düşünürəm ki, həmin avtomobillər bunu müəyyən etməyəcək, sadəcə gəlib dayanan maşınların dövlət qeydiyyat nişanlarını götürəcək. Bununla da bir neçə protokol yazılacaq”.

“Bundan sonra həm səyyar nəzarətçilərlə, həm kameralarla, həm də həmin xüsusi avtomobillərlə parklanma qaydalarına nəzarət ediləcək”.

Bunu isə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev parklanmaya nəzarət etmək üçün yeni gətirilən avtomobillərdən danışarkən deyib.

Mais Ağayev bundan sonra parklanma qaydalarına daha ciddi nəzarət ediləcəyini bildirib. Qurum rəsmisi ekspertin sualına cavab olaraq, hazırda ödənişlərin yoxlanılması üçün texniki vasitələrin olmadığını da qeyd edib:

“Səyyar nəzarətçilərin dayanacaqlarda fəaliyyəti zəruridir. Ancaq parklanmaya nəzarət etmək üçün dünya təcrübəsində olduğu kimi, müasir texnologiyalardan istifadə etməyi lazım bildik. Bundan sonra həm səyyar nəzarətçilərlə, həm kameralarla, həm də həmin xüsusi avtomobillərlə parklanma qaydalarına nəzarət ediləcək. Ödənişlərin düzgün yerinə yetirilməsinə gəldikdə, hələ ki onu qeydə alacaq texniki vasitə yoxdur. Bu proses küçə parklanması üçün qiymətlər müəyyən edildikdən sonra tətbiq olunmağa başlayacaq”.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi küçələrdə hərəkətin təhlükəsiz və fasiləsiz olmasını təmin etmək üçün parklanma qaydalarına nəzarət edən yeni avtomobillər gətirib. Həmin avtomobillər hərəkət trayektoriyasında dayanma-durma qaydalarını pozan maşınları aşkar edərək video-çəkilişlə qeydə alacaq. Avtomobildə olan əməkdaş isə sürücü ilə heç bir ünsiyyət olamdan bort-kompüter vasitəsilə həmin nəqliyyat vasitəsi barəsində protokol tərtib edəcək.