Vaqif Əsədov: "Piyadaların ucbatından cərimə balı da qeyd edilir"
09 yanvar 2020 12:37 (UTC +04:00)

Vaqif Əsədov: "Piyadaların ucbatından cərimə balı da qeyd edilir"

"Sərnişinlər avtobusa tez minmək adı ilə özləri yola çıxırlar. Buna yol vermək olmaz, piyadalar səkidə dayanmalıdır". 

Bu sözləri Lent.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov polisin növbəti dəfə piyadalara müraciət etməsinin səbəbini açıqlayarkən deyib.

Baş Dövlət Yol Polisi İdarəsi növbəti dəfə piyadalara müraciət edib. Bu dəfəki müraciətin məqsədi avtobus dayanacaqlarında sərnişinlərin yolun hərəkətli hissəsinə çıxışının qarşısını almaqdır. Belə ki, DYP bunu avtobus sürücülərində çaşqınlıq yaratdığını və qəzaya səbəb olduğunu bildirib.

Məsələnin digər tərəfi isə piyadaları yolun hərəkət olan hissəsinə çıxmağa məcbur edən amillərdir. Vaqif Əsədov sərnişinlərin hərəkətli hissəyə çıxdığı üçün, avtobusların da yolun ortasında dayanmasına səbəb olduğunu bildirib:

“Dayanacaqda sərnişin qismində duran piyadalar yaxınlaşmaqda olan avtobusa daha tez minmək üçün yolun hərəkətdə olan hissəsinə çıxırlar. Bu da istər-istəməz sürücülərin avtobusu yolun hərəkətli hissəsində saxlamasına səbəb olur. Yadınızdadırsa, əvvəllər avtobus dayanacaqları qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri tərəfindən zəbt olunurdu. Ona görə də, avtobus sürücüləri əziyyət çəkirdi və sərnişinlər də məcbur qalıb səkidən və ya dayanacaqdan kənarda dayanmalı olurdular. İndi bu problem öz həllini tapıb. Artıq avtobus dayanacaqları onlardan alınıb marşrut avtobusu sürücülərinə verilib. Ancaq yenə də, adət etmiş sərnişinlər avtobusa tez minmək adı ilə özləri yola çıxırlar. Buna yol vermək olmaz, piyadalar səkidə dayanmalıdır. Sərnişinləri yolun ortasında düşürüb-mindirmək ağır inzibati tənbeh tədbiridir. Cərimə balı da qeyd edilir. Əgər səki varsa, avtobus səkiyə yaxın saxlanılmalıdır. Təbii ki, səki olmayan yerlər də var. Buna baxmayaraq, qanunun tələblərinə uyğun olaraq, dayanacaqda minib-düşmək qaydalarına riayət edilməli, müxtəlif bəhanələr gətirilməməlidir”.

Şəhər nəqliyyatı üzrə ekspert Hüseyn Abdullayev isə Lent.az-a açıqlamasında Bakıda yolların piyadalar üçün əlverişli olmadığını vurğulayıb. Ekspert küçələrin təmiri zamanı avtomobillərin hərəkətinin əsas götürülməsini tənqid edərək, piyadaların da nəzərə alınmasının vacibliyindən söz açıb:

“Mütəmadi olaraq DYP tərəfindən piyadalara belə müraciətlər edilir. Onsuz yaşından asılı olmayaraq hamı yolu keçmək qaydasını və təhlükəsizliyə riayət olunmasını bilir. Müraciətlərin də düzü real təsiri yoxdur. Piyadalara eyni mətnli müraciətlər edib tövsiyələr verməkdənsə yolları onların istifadə edə biləcəyi infrastruktura uyğunlaşdırmaq lazımdır. Təbii ki, bu işlər təkcə DYP-nin üzərinə düşmür. Amma heç olmasa bu çağırışları piyadalara etməkdənsə müvafiq qurumlara etməlidir. Küçələr təmir ediləndən sonra görürük ki, piyadalar üçün şərait ötən əsrin standartlarına da uyğun deyil. Çünki məqsəd küçələrdə avtomobillərin maksimal dərəcədə buraxılış qabiliyyətini artırmaqdır. Heç bir şərait yoxdur ki, Bakı küçələrində piyadalar təhlükəsiz hərəkət etsinlər. Elə bil piyadalar təhqir olunur. İstər keçid və səkilərin olmaması, istərsə də səkilərin ot örtüyü və ya torpaqla örtülü olması piyadalar üçün şəraitsizlikdən xəbər verir. Onlar da evdən çıxıb bu cür mənzərə ilə qarşılaşanda məcbur qalıb qaydaları pozurlar. Bir sözlə, piyadalar özlərinə qarşı olan münasibətə cavab olaraq bu addımı atmağa məcbur olurlar”.

# 2863
avatar

Mehman Nəbiyev

Oxşar yazılar