“İlbəil cinayətlərin artmasına qanunauyğunluq kimi baxmaq lazımdır”.
Bu sözləri Lent.az-a açıqlamasında keçmiş polis rəisi, kriminalist Mahmud Hacıyev deyib. O bildirib ki, cəmiyyət və insan faktoru olan yerdə cinayət də baş verməlidir:
“Cəmiyyət varsa, cinayət də var. Burada mütləq qaydada oğurluqdan tutmuş, adam öldürməyə qədər cinayətlərdən söhbət gedir.
Kommunist ideologiyası təbliğ olunan zaman deyilirdi ki, sosializmdə qələbədən sonra kommunizm olacaq və bununla da cinayət olmayacaq, tamamilə yox olacaq. Sözügedən fikir çürük kommunist ideologiyası idi”.
M.Hacıyev qeyd edib ki, cinayəti kişilərlə bərabər qadınlar, ahıllar, azyaşlılar da törədə bilər:
“Bir sözlə, cinayət kimliyə, cinsiyyətə və digər amilə baxmır. Cinayətkarlar arasında olan qadınlar daha çox dələduzluq, oğurluq kimi əməllər törədirlər. Məsələn, dələduzluq cinayətinin tərkibini yaradan əsas əlamətlərdən biri qarşıdakı şəxsin inamını qazanmaqdır. Onlar isə qarşı tərəfin etimadını kişilərlə müqayisədə daha asan əldə edirlər. Bunu əldə etdikdən sonra cinayəti törətmək asanlaşır. Ölkədə, eləcə də dünya ölkələrində həmişə qadınlara xaraktercə ürkək, qorxaq, zəif olaraq baxılıb. Buna görə də qadın qarşı tərəfin inamını və etimadını daha tez qazanır. Qadın zərif olduğu üçün bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da xanımlar kişilərə nisbətən daha az cinayət törədirlər. Ola bilər ki, ilbəil bu say artsın, ancaq yenə də kişilərin törətdiyi cinayətlər ilk sırada olur”.
Qeyd edək ki, trend-in məlumatına görə, 2000-ci ildə Azərbaycanda cinayət törədən qadınların sayı 2018-ci ilə nisbətən çox olsa da, dələduzluq edənlərin sayı az olub. 2000-ci ildə 91, 2018-ci ildə isə 151 qadın dələduzluq edib.
Ötən müddətdə oğurluq edən qadınların da sayı artıb. 2000-ci ildə 89 qadın oğurluq kimi cinayət əməli törətdiyi halda, 2018-ci ildə onların sayı 135-ə yüksəlib.
Bundan başqa, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan qadınların da sayı çoxalıb. 2010-cu ildə 4, 2018-ci ildə isə 40 qadın bu cür cinayət əməli törədib.
Ötən müddətdə qadınların narkotik vasitələrin təsiri ilə cinayət törətməsi, eyni zamanda xuliqanlıq etməsi halları azalıb. 2010-cu ildə narkotik vasitələrin təsiri ilə 186, 2018-ci ildə 43 qadın cinayət törədib. 2010-cu ildə 122 qadın xuliqanlıq törətdiyi halda, 2018-ci ildə onların sayı azalaraq 45-ə enib.
Ümumilikdə cinayət törədən qadınların sayına gəldikdə, Azərbaycanda 2018-ci ildə cinayət törətmiş qadınların sayı əvvəlki illə müqayisədə artıb. 2018-ci ildə ölkədə 1 022 qadın cinayət törədib ki, bu göstərici 2017-ci ildə 963 olub.