599
10:03
24 Dekabr 2019

Parlament seçkiləri ilə bağlı siyahının dərc edilməsi üçün ayrılan müddət başa çatır

Sabah Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçki komissiyalarının səsvermə protokollarının hazırlanması qaydasına, mətninə, formasına və sayına aid tələblərin təsdiq edilməsi müddəti başa çatır.

APA-nın məlumatına görə, Seçki Məcəlləsinin 100.1–100.6-cı maddələrinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə gününə ən geci 45 gün qalanadək seçki komissiyalarının səsvermə protokollarının hazırlanması qaydasına, mətninə, formasına və sayına aid tələbləri təsdiq etməlidir. Fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu müddət dekabrın 26-dək olan dövrü əhatə edir. Sabah dairə seçki komissiyaları tərəfindən nömrələri və hüdudları göstərilən seçki məntəqələrinin siyahısının (seçki məntəqəsi yaşayış məntəqəsi ərazisinin bir hissəsini əhatə etdikdə), yaşayış məntəqələrinin siyahısının (seçki məntəqəsi bir neçə yaşayış məntəqəsində yaradılmışsa), habelə məntəqə seçki komissiyalarının, səsvermə otaqlarının yerləri (ünvanları) və məntəqə seçki komissiyalarının telefon nömrələri haqqında məlumatların dərc edilməsi üçün ayrılan müddət də başa çatır.