732
14:14
23 Dekabr 2019

Azay Quliyevin məqaləsi Avropanın tanınmış 2 dərgisində çap olunub

Azərbaycan 5-ci çağırış Milli Məclisinin deputatı, ATƏT PA vitse-prezidenti Azay Quliyevin “Aparılan islahatlar Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçirilməsini şərtləndirir. Azərbaycana nəyə görə islahat yönümlü Parlament lazımdır?” adlı məqaləsi Avropanın tanınmış “The London Post” və “EU Today” dərgisində çap olunub.

Lent.az xəbər verir ki, məqalədə Azay Quliyev Azərbaycanda son dövrlərdə həyata keçirilən geniş miqyaslı islahatlara bir neçə aspektdən yanaşaraq analiz edib. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dəyişikliklərin mahiyyətini anlamaq üçün 2018-ci ilin aprel ayından sonra aparılan islahatların əsas məqsədləri, alətləri və nəticələrinə diqqət kəsilmək lazımdır.
Məqalə islahatların sosial rifah yönümünün şərhi ilə başlayır. Bu bölümdə sosial təminat sahəsində aparılan islahatlar, atılan addımlar şərh edilib. Əmək münasibətləri və sosial müdafiə sahələrində dövlət xidmətlərinin göstərilməsinin səmərəliliyini və effektivliyini artırmaq üçün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə DOST Agentliyinin (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) yaradılması faktına toxunulub. Bildirilib ki, 2019-cu ilin may ayında açılan birinci DOST Mərkəzi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən göstərilən 130-dan çox xidməti cəmləşdirən "vahid pəncərə" rolunu oynayır. Bu günə qədər 50 mindən çox Azərbaycan vətəndaşı DOST Mərkəzinin xidmətlərindən istifadə edib.
Məqalədə geniş şərh olunan digər məqam islahatların iqtisadi yönüdür. Müəllif bu bölümdə qeyri-neft sektorunu möhkəmləndirən, eləcə də xarici tərəfdaşlar və investisiyalar üçün əlverişli və etibarlı bir məkana çevrilən Azərbaycan iqtisadi inkişafın yeni mərhələsindən söhbət açıb. Əlavə edilib ki, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, sənaye sektorunda və digər sahələrdə inkişafın müsbət dinamikası müşahidə olunur. Habelə Davos İqtisadi Forumunun 2019-cu il Qlobal Rəqabətlilik Hesabatına görə Azərbaycan "Biznesə başlamaq üçün vaxt" indikatoru üzrə 8-ci yerdə qərarlaşmasını xatırladılıb. Hüquqi şəxslərinin qeydiyyatınn asalnaşdırlması, gömrük sahəsində elektron bəyannamə sisteminin və “vahid pəncərə” prinsipinin tətbiqi, "kölgə" iqtisadiyyatının aradan qaldırılması məqsədilə vergi və digər müvafiq sektorlarda həyata keçirilən islahatlardan geniş söz açılıb.

“İcra hakimiyyətində institusional islahatlar” məqalədə toxunulan üçüncü böyük analiz predmetidir. Bu bölümdə mobil və çevik icra hakimiyyətinin yaradılması, uğurlu kadr siyasəti, yüksək idarəetmə və innovativ həllər barədə Azərbaycanda görülən işlərdən geniş söz açılır. Qeyd olunur ki, elektron hökumət sahəsində ən yeni nailiyyətlərin tətbiqi, Azərbaycanın regionun innovativ mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi və ən yüksək səviyyədə yaxşı idarəetmənin, şəffaflığın, hesabatlılığın, ictimai nəzarətin və dövlətlə vətəndaşlar arasında qarşılıqlı kommunikasiyanın təmin edilməsi islahatların əsas elementləridir.
“Azərbaycan uzun illərdir ki, bu sahədə ardıcıl inkişaf edir. Məsələn, ASAN Xidmət innovativ brendi dövlət xidmətlərinin səmərəli göstərilməsi sahəsində beynəlxalq təcrübədə həqiqətən yeni bir səhifəyə çevrilmişdir. ASAN mərkəzləri 300-ə yaxın dövlət və özəl sektor qurumlarının xidmətlərini bir araya gətirir”- deyə məqalədə qeyd olunur.
Bundan başqa dövlət qurumları tərəfindən irəli sürülmüş təşəbbüslərin uğurlu nümunələri sırasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının SƏLİS – Sürətli Əlaqələndirmə və Layihələri İdarəetmə Sistemi göstərilib. Vurğulanır ki, SƏLİS Sistemi, siyasi mənsubiyyətindən asılı olmayaraq ölkəmizin hər bir QHT-sinə Şuranın xidmətlərindən yararlanmağa və onlayn qaydada dövlət dəstəyini almağa imkan verir və ictimai nəzarətin, şəffaflığın və yaxşı idarəetmənin ən yüksək səviyyəsini, eləcə də korrupsiyanın, bürokratiyanın və insan amilindən irəli gələn çatışmazlıqların tam olaraq aradan qaldırılmasını təmin edir.

Azay Quliyev məqalədə “Məhkəmə islahatları”na da geniş yer verib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanına uyğun olaraq, Azərbaycan məhkəmə sistemində dinamik islahatların yeni mərhələsinə qədəm qoyub. Bu sahədə həyata keçirilən prosesin mahiyyətini tam anlamaq üçün 6 yenilik haqda danışılıb. Bura
- məhkəmələrdə elektron sistemlərin tətbiqi,
- Azərbaycanda mediasiya institutunun yaradılması,
- həbs cəzasına alternativ vasitələrin tətbiqi,
- Geniş sayda məhbusların əfv edilməsi,
- KİV-lə işləyən hakimlər,
- İnzibati və Kommersiya məhkəmələrinin yaradılması
- Məhkəmə-Hüquq Şurasının fəaliyyəti və vəkillərin sayının artırılmasına yönəlmiş tədbirlər daxildir.

Yekunda qanunverici hakimiyyətin modernləşdirilməsi, yeni parlament seçkilərinin keçirilməsi haqda analiz aparılıb. Azay Quliyev məqalədə qeyd edib ki, islahatlar fonunda onların qanunverici qola da keçidi təxirəsalınmaz bir addım idi. “İcra və məhkəmə hakimiyyətlərində müasirləşmə prosesi mobil və yenilənmiş qanunverici qolun yaradılmasını günümüzün əsas tələblərindən birinə çevirdi. Nəzərə alsaq ki, mövcud qanunvericiliyə əsasən, növbəti parlament seçkiləri 2020-ci ilin noyabr ayında təşkil olunmalı idi, hakim Yeni Azərbaycan Partiyası parlamentin buraxılması təşəbbüsü ilə çıxış etdi.Beləliklə, növbədənkənar parlament seçkiləri 9 fevral 2020-ci il tarixinə təyin olunub və ümid edirəm ki, yeni parlamentin formalaşması hakimiyyətin hər üç qolu arasında tam harmoniyanı təmin edəcək və islahat yönümlü bir parlament Azərbaycanın hərtərəfli islahatların növbəti mərhələlərinə keçidini asanlaşdıracaqdır”.

Məqalə ingilis dilində bu linklərdə yayımlanıb:


1. http://thelondonpost.net/robust-parliamentary-reforms-link…/
2. https://eutoday.net/news/politics/2019/carried-reforms