Sudanın Çevik Dəstək Qüvvələrinin şənbə günü başlayan hücumları sudanlı fəalların məlumatına görə, təxminən 300 nəfərin ölümünə səbəb olub.
Lent.az “The Guardian”a istinadla xəbər verir ki, Çevik Dəstək Qüvvələri Sudanda 2023-cü ilin aprelindən bəri davam edən vətəndaş müharibəsinin əsas cəbhələrindən biri olan bölgədə Sudan ordusuna qarşı döyüşür.
“Emergency Lawyers” hüquq qrupu bazar ertəsi bildirib ki, Çevik Dəstək Qüvvələrinin döyüşçüləri şənbə günü paramiliterlərin nəzarətində olan Bara şəhəri ətrafında bir neçə kəndə hücum edib.
Şaqalnoye kəndində 200-dən çox adam yanıq xəsarətləri və ya güllə yarası ilə öldürülüb.
Digər kəndləri qarət etmək üçün keçirilən reydlər nəticəsində 38 mülki şəxs həlak olub, onlarla insan itkin düşüb.
Qrupun yaydığı bəyanatda deyilir ki, ertəsi gün Çevik Dəstək Qüvvələri Xilat Həmid kəndinə hücum edərək, aralarında hamilə qadın və uşaqlar da daxil olmaqla 46 nəfəri öldürüb.
BMT-nin məlumatına görə, 3400-dən çox insan qaçmağa məcbur olub.
“Hücuma məruz qalan kəndlərdə heç bir hərbi hədəfin olmadığı sübut edilib. Bu da beynəlxalq humanitar hüquqa tamamilə məhəl qoymayaraq törədilən bu basqınların cinayət xarakterini açıq şəkildə göstərir”, - deyə fövqəladə hallar üzrə hüquqşünaslar Çevik Dəstək Qüvvələri rəhbərliyinin üzərinə məsuliyyət qoyub.
Ordu mərkəzi və şərqi Sudanın üzərində möhkəm nəzarət yaradıb, Çevik Dəstək Qüvvələri isə Şimali Kordofan da daxil olmaqla qərb bölgələri üzərində nəzarəti gücləndirməyə çalışır.
ABŞ və insan haqları qrupları Çevik Dəstək Qüvvələrini müharibə cinayətlərində, insanlığa qarşı cinayətlərdə və soyqırımda ittiham edirlər. Onların əsgərləri ölkə boyu nəzarətə götürdükləri əraziləri talan etmək üçün bir sıra qəddar basqınlar həyata keçiriblər.
Çevik Dəstək Qüvvələrinin rəhbərliyi bu cür hərəkətlərə görə araşdırma aparılacağını və cinayətkarların məsuliyyətə cəlb edəcəyini bildirir.
“The Guardian” qeyd edir ki, Sudandakı vətəndaş müharibəsi ölkə əhalisinin yarıdan çoxunun aclıqdan ölməsi və vəba da daxil olmaqla xəstəliklərin ölkə daxilində yayılması ilə dünyanın ən böyük humanitar böhranına səbəb olub.