1685
11:16
17 Dekabr 2019

Azərbaycanlı fotojurnalist Nəsiminin məqbərəsini ziyarət edib - Hələbdən SON GÖRÜNTÜLƏR

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” qəzetinin fotomüxbiri Orxan Əzimov (Əzim) 28 noyabr – 3 dekabr tarixlərində Suriyanın Hələb şəhərində ezamiyyətdə olub.

Mədəniyyət Nazirliyindən Lent.az -a verilən xəbərə görə, fotoqraf Nəsiminin məqbərəsini ziyarət edərək, abidənin fotolarını çəkib.

Orxan Əzimov bildirib ki, üç metr hündürlükdə hasarla əhatələnən məqbərənin yerləşdiyi küçədə divara üzərində ərəb dilində “Həzrət Nəsimi təkkəsi” yazılmış lövhə vurulub və həmin küçə Nəsiminin adını (Əl-Nəsimi) daşıyır.

Fotoqrafın sözlərinə görə, məqbərə və onu əhatə edən divarlarda müharibədən öncə başlanmış təmir işləri yarımçıq qalıb: “Abidənin yaxınlığındakı dağıntılar müharibənin dəhşətlərini gözlər önünə sərir. Məqbərənin yerləşdiyi ərazidə şairin nəslinin nümayəndələrinin və ideya davamçılarının da məzarları var. Məqbərədə və ətrafdakı məzarlarda çatlar var ki, bu da yaxın ərazilərə düşən mərmilərin fəsadlarıdır”.

Fotoqraf səfər müddətində Yaxın Şərqin qədim mədəniyyət mərkəzlərindən biri kimi tanınan, son illərdə isə müharibə zamanı tar-mar olmuş Hələb şəhərinin görüntülərini də çəkib. Şəhərin yeddi giriş qapısından 5-i salamat qalıb, 13 kilometr uzunluğunda tarixi Hələb bazarı tamamilə dağıdılıb. 1986-cı ildən UNESCO-nun Dünya irs siyahısında yer alan Hələb qalası da ciddi zərər görüb. Muzeylər, kitabxanalar talan edilib. Hərbi əməliyyatlar dayandırılandan sonra bəzi ərazilərdə bərpa işləri başlanıb, mehmanxanalar, bazarlar istifadəyə verilib. Böyük məhrumiyyətlər görən, müharibənin od-alovundan keçən insanlar gələcəyə ümidlidir.

Qeyd edək ki, “Mədəniyyət” qəzetinin fotomüxbirinin Hələb şəhərinə səfəri zamanı “Nəsimi ili”nə töhfə olaraq ərsəyə gətirdiyi fotoşəkillərin Mədəniyyət Nazirliyi tərəfindən yaxın günlərdə sərgisi təşkil ediləcək.