7710
15:44
05 Yanvar 2020

Üşüyürsünüzsə, səbəb bu xəstəliklər ola bilər - AÇIQLAMA

Soyuq aylarda havanın temperaturunun aşağı düşməsi bir çox problemlərlə yanaşı, üşüməyə də səbəb olur. Adətən insanlar soyuq havada üşüməyi normal saysalar da məlum olur ki, üşümək bəzən hansısa xəstəliyin göstəricisi də ola bilər.

Mövzu ilə bağlı Lent.az -a danışan terapevt Ramil Həsənli bildirib ki, soyuq aylarda üşümək adətən normal dəyərləndirilir:

“Havanın temperaturunun aşağı enməsi üşüməyə səbəb ola bilir. Lakin üşümək bəzən xəstəliklərlə də bağlı ola bilər. Belə ki, anemiya, infeksion xəstəliklər, qanda şəkərin aşağı düşməsi, ürək-damar sisteminin problemləri, dəri xəstəlikləri və s. üşüməyə səbəb ol bilir. Buna görə də həddindən artıq və davamlı üşüyən insan mütləq həkimə müraciət etməlidir. Üşümənin əsas səbəbi araşdırılmalı, xəstəliklə bağlı olarsa, müalicə aparılmalıdır.

Üşüməyə daha çox səbəb olan qan azlığı özü bir çox problemdən yarandığı üçün səbəbi axtarılmalıdır. Çünki qan azlığı vaxtında müalicə olunmazsa, kardioloji problemlərlə yanaşı, digər fəsadlara da gətirib çıxara bilər”.

Həkim onu da qeyd edib ki, soyuq aylarda hava şəraitinə uyğun geyim seçilməli, qidaya diqqət edilməlidir.

“İmmun sistemini möhkəmləndirən, tərkibi vitamin və minerallarla bol olan qidalardan istifadə etmək lazımdır”.