11:07
05 Dekabr 2019

Vəzifəli şəxsin əmlakına həbs qoyuldu - SƏBƏB

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə “UNİMARK SYSTEMS” Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi və direktoru Rövşən Əhmədov və həmin cəmiyyətin baş mühasibi Rauf Xəlilovun qanunsuz əməlləri aşkar edilib.

Baş Prokurorluqdan Lent.az -a verilən məlumata görə, Rövşən Əhmədov öz qulluq səlahiyyətlərindən sui-istifadə etməklə baş mühasiblə qabaqcadan əlbir olaraq adıçəkilən cəmiyyətin 2012-ci il üçün fəaliyyəti ilə bağlı Vergilər Nazirliyinə təqdim etdiyi mənfəət vergisinə dair bəyannamənin məzmununa bilə-bilə şişirdilmiş yalan məlumatlar daxil edib. Həmin məlumatlarla kredit sifarişini öz imzası və cəmiyyətin möhürü ilə təsdiq edib 2013-cü ildə hazırda ləğvetmə prosesində olan “Texnikabank” Açıq Səhmdar Cəmiyyətinin “Muğan” filialına təqdim edərək bankla aralarında bağlanan kredit müqaviləsi əsasında 447 min manat kredit götürüb. Bununla da “Texnikabank”a külli miqdarda ziyan vurub qanunsuz kredit almasına, həmin kredit vəsaiti üzrə 266 min manatı qəsdən ödəməyərək “Texnikabank”ın bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib. Onların bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmalarına əsaslı şübhələr müəyyən edilib.

R.Əhmədov və R.Xəlilov Cinayət Məcəlləsinin 195.2 (qanunsuz kredit alma külli miqdarda ziyan vurduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə R.Əhmədovun 808 min manatlıq əmlakı üzərinə həbs qoyulub və cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.

Dİgər xəbərlər