5580
18:06
26 Noyabr 2019

Suriyada cəhənnəm vadisi: düşərgədən qaçış, minada partlayan Aygün, dəhşət saçan rəqəmlər - SON

Suriyada Azərbaycanlı qadın və uşaqlara təkcə Əl-Hool düşərgəsində deyil, həm də Roj və Ayn-İssadakı düşərgələrdə rast gəlmək olur.

Hər üç düşərgədə aclıq, xəstəlik, stress və qorxudan hər gün təxminən 15-20 nəfər dünyasını dəyişir. Onlara yardım etməli olan Beynəlxalq Qırmızı Xaç təşkilatı isə düşərgələrə gec-gec baş çəkir. Nəticədə ciddi qida və su çatışmazlıq yaranır. Xəstələr lazımi dərman preparatları ilə təmin olunmadığından vəfat edirlər.

Məsələn, düşərgədə əsir olan 1986-cı il təvəllüdlü Musayeva Məlahət Məhəmməd qızı bir qədər əvvəl xəstəlikdən dünyasını dəyişib.

Noyabrın 19-da isə 1982-ci il təvəllüdlü Məmmədova Nina İqorevna uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Onun iki azyaşlı övladı yetim qaldı.

Ötən yazımızda deyildiyi kimi, Əl Hool Suriyada ən böyük əsir düşərgəsidir və kürd qiyamçılarının nəzarətində olan bölgədir. 25 min nəfər üçün nəzərdə tutulmuş bu düşərgədə indi 70 minə yaxın adam yerləşdirilib.

Son 2 ayda Əl-Hoolda bir qrup əsirlə kürd silahlı mühafizəçilər arasında mübahisə olub. Mübahisə böyük faciə ilə nəticələnib. Bir neçə qadın və uşaq öldürülüb. Xeyli sayda adam isə yaralanıb. Yaralılara tibbi yardım göstərilməyib.

Düzdür, bu hadisədə Azərbaycandan olan əsirlər iştirak etməyib. Amma baş verən qanlı olaylardan, aldıqları psixoloji zərbədən, qorxudan indiyədək əziyyət çəkirlər.

Oktyabrın 13-də isə Ayn-İssa düşərgəsində kürd silahlı qüvvələri yanğın törədiblər. Nəticədə onlarla çadır yanıb. Necə deyərlər, yaşayış yerlərini itirənlər Türkiyə sərhədinə üz tutublar. Onların arasında Azərbaycan vətəndaşları Məmmədova Dilbər Elşən qızı (2000-ci il təvəllüdlü) Məmmədova Rəfiqə Elşən qızı (2004), Məmmədov Abdullah Elşən oğlu (2007) İbrahim Səməd Mayda oğlu (2015) Aşurova Zarina Teymurovna (1996) təxminən 30 km-dən çox yol qət edərək, ölümdən qurtula biliblər. Şanlı Urfaya bağlı Akçakala kəndiylə sərhəddə yerləşən və Türkiyənin müttəfiqi olan Azad Suriya ordusunun nəzarətindəki Kuramazah yaşayış məntəqəsinə gəlib çıxdıqları dəqiqdir. Ehtimal olunur ki, bu şəxslər Türkiyə sərhədini keçərək, ora sığınıblar.


Təkcə aclıq və səfalət yox, bəzən təsadüfi mina partlayışları da bu düşərgələrdə insan həyatına son qoyur.

Aldadılaraq Suriyaya aparılanlardan biri də 1974-cü il təvəllüdlü Səfərova Aygündür. Onun həyat yoldaşı Faiq Səfərov da xəbər tutar-tutmaz, ailəsini xilas etmək üçün düşünmədən onların ardı ilə Əl-Hoola gəldi... Artıq o, həyatda deyil! Faiq ağır vəziyyətdə dünyasını dəyişdi, dəhşətli qanqren üzündən...

Aygün xanım Qurani-Kərim kitabını, yarıuçmuş məsciddən götürməyə cəhd edərkən, bir anda minaya düşdü, bir ayağını itirdi. Zərbənin gücündən düşdüyü yerdə növbəti mina partladı və ikinci ayağını itirdi...

Üç gün sonra Aygündə daxili qan axmanın olduğunu zənn edən həkimlər onu dərhal əməliyyat masasına uzadır, lakin gec idi... Aldığı xəsarətlər onu çox yaşatmadı...

Hazırda üç uşağı həbs düşərgəsindədir.

Artıq ABŞ, Albaniya, Mərakeş, Malayziya, Maldiv, Qazaxıstan, Özbəkistan, Kosovo, , Rusiya, Nigeriya və digər ölkələr bu və ya digər yollarla öz vətəndaşlarını Əl-Hool və digər həbs düşərgəsindən çıxarırlar.

Suriyada olan Azərbaycan vətəndaşlarının adları, onların dəqiq yeri, sayı, sağlamlıq durumu, onları axtaran və qəyyumluğa götürmək istəyənlər barədə isə aşağıdakı məlumatlar var.

Hazırda çox sayda Azərbaycan vətəndaşı Suriyadakı əsir düşərgələrində öz övladlarını və yaxınlarını axtarır. Axtarılanların hamısı qadın və uşaqlardır. Uşaqlar arasında itkinlərin də olduğu bildirilir.

Əl-Hoolda saxlanılanlardan 331 nəfərinin sağ olduğu bildirilir. Onlardan təqribən 250-si uşaqdır. Bu uşaqlardan 37 nəfəri isə hər iki valideynlərini itirmişlərdir.

Rojdakı həbs düşərgəsində isə 21 Azərbaycan vətəndaşı saxlanılır. Onların hamısı sağdır.