Hökümə Qurbanovanın sevdiyi, Adil İsgəndərovun qibtə etdiyi böyük adam – <span style="color:red;">PORTRET
14 avqust 2019 13:30 (UTC +04:00)

Hökümə Qurbanovanın sevdiyi, Adil İsgəndərovun qibtə etdiyi böyük adam – PORTRET

 
Bəzən xarakter insanın taleyinə yansıyır, bəlkə də elə taleyi müəyyən edən insanın xarakteridir. Xarakter də genetik olur, xəstəliklər kimi.
 
Şəhərin imkanlılar yaşayan hissəsində çox mülk var idi. Hamısı da bir-birindən cazibədar, dəbdəbəli. Onların sırasında  daha çox diqqəti cəlb edən mülkün kübar bir ailəyə məxsus olduğu görünüşündən anlaşılırdı. Keçmiş 1 may küçəsi 69 ünvanında yerləşən bu gözəl mülkdə Bakı milyonçularından sayılan Hacı Salman bəyin (Hazırda Bilgəhdə yerləşən qocalar evini o tikdirib) qızı  Zibeydə xanım ailəsi ilə birgə yaşayırdı. Bu ziyalı, kübar və varlı ailədə 6 uşaq böyüyürdü – 4 bacı, 2 qardaş. Hər biri ayrı-ayrı musiqi alətində peşəkarlıqla ifa etməyi bacarırdı. Onlara musiqi, rəqs təhsili vermək üçün evə xüsusi müəllimə – madam Roza gəlirdi. O, altı uşağın içində bir oğlan uşağı digərlərindən öz istedadı və musiqiyə, sənətə daha çox meyli ilə fərqlənirdi. O, danışanda elə bil boğazına qoyulmuş hansısa alət səsini tənzimləyirdi, qəlboxşayan musiqi kimi səslənirdi danışığı. Uşaqların hamısının incəsənətə olan meyli, həvəsi zamanla ötüb keçdi, hobbiyə döndü, amma onun həvəsi daha da artdı, meyli gücləndi və günlərin birində Azərbaycan teatr və kino tarixinə bir ad daxil oldu - Ələsgər Ələkbərov.
 
 Ələsgər Hacıağa oğlu Ələkbərov 1910-cu il martın 26-da Bakıda tacir ailəsində dünyaya gəlib. Səkkiz yaşında, yəni 1918-ci ildə Bakı Realnı Məktəbinin birinci sinfinə gedib. Elə ilk siniflərdən şeirə, ədəbiyyata, sənətə böyük marağı olduğundan həmyaşıdları onu “aktyor” deyə çağırıblar. 1920-ci ildə Ələsgərin on yaşı vardı ki, Azərbaycanda Sovet hakimiyyəti quruldu və  yeni hökumətin müflis etdiyi keçmiş tacir atası bu dərdə dözməyib rəhmətə getdi. Ailənin sevincli günləri o vaxtdan  sona yetir,  mülkləri əllərindən alınır, onlara ikicə kiçik otaq verirlər. Bu itkidən sonra ailənin bütün ağırlığı Ələsgərin anası Zübeydə xanımın çiyinlərinə düşdüyü üçün qadın ailəni paltar tikməklə dolandırmağa başlayır. Dünən bir mülkün xanımı olan, əlini ağdan –qaraya vurmayan xanım başqalarına paltar tikib, tikdiyi paltarlardan pul qazanır, balalarını saxlayırdı. 
 
 Ələsgər Ələkbərov atası rəhmətə gedəndən sonra təhsilini doqquz saylı məktəbdə davam etdirir.  13 yaşı olandan sonra artıq işləməyə başladığına görə, 23 saylı məktəbdə gecə dərslərinə getməklə təhsilini başa vurub. 
 
14 yaşından Ələsgər Ələkbərov Əbilov adına klubun  dram dərnəyində arzu və istəyinin arxasınca getməyə başladı. Hərçənd, dram dərnəyinə yazılmaq arzusunu anasına deyəndə, anası onun bu istəyinə qətiyyətlə etiraz etmişdi. Ələsgər Ələkbərov bu etirazı içində cəmi bir ay gəzdirdi, götür-qoy etdi, amma bir gün gördü ki, Əbilov klubunun qarşısındadır, ayaqları onu bura ürəyi qalan yerə çəkib gətirib.  
 
Bu minvalla Ələsgər Ələkbərov dərnəkdən-dərnəyə püxtələşə-püxtələşə Teatr Texnikumuna qəbul olunur. 
 
Höküməni teatra Ələsgər Ələkbərov gətirib 
 
1933-ci ildə Ələsgər Ələkbərovu indiki Akademik Milli Dram teatrına dəvət edirlər. Aktyorun həyatında və sənətində dönüş də elə o gündən başlayıb. 
Ələsgər Ələkbərov  Dram Teatrında işə Cəfər Cabbarlının “Od gəlini” (Aqşin) tamaşası ilə işə  başladı. Bir-birinin ardınca sanballı sənət əsərlərində gözəgəlimli obrazlar yaradan gənc, yaraşıqlı aktyoru teatr binasının kün-bucağında busub onun teatrdan çıxmasını gözləyənlər çox idi. Ələsgər Ələkbərov binadan çıxıb evinə gedəndə xanımlar onu baxışları ilə müşayiət edib köks ötürürdülər. 
 
Teatrın qüdrətli aktyoru Ələsgər Ələkbərov isə teatr sənətimizin  daha bir qüdrətli aktrisası Hökümə Qurbanova ilə tanış olanda onların heç biri hələ sənətdə tanınmamışdılar. 
 
Hökümə xanımı  görəndə Ələsgərin 18-19 yaşı olardı. Qonşuluqda  yaşayırdılar.  Görən kimi də vurulmuşdu, sevmişdi onu. Bəlkə elə ömrünün sonuna qədər də sevəcəkdi. Bəlkə elə sevmişdi də, kim bilir?!
 
Eyni yaşda idilər. Böyük məhəbbətləri vardı. Ələsgər aktyorluğu öyrənir, Hökümə isə konservatoriyada təhsil alırdı. Çox keçmir ki, evlənmək qərarına gəlirlər. Əvvəl onların ailə qurmalarına razı olmurlar. Amma çətinliklə də olsa, qızın ailəsinin razılığını ala bilirlər, sevdiyi qız - Hökümə Qurbanova bəstəkar Müslüm Maqomayevin bacısı Malikat xanımın qızı idi. Atası da o dövrün adlı-sanlı kişilərindəndi. Nəhayət, nişan taxılır, toy çalınır. Bir ildən sonra qızları Nailə dünyaya gəlir. Ancaq uşağı nənəsi Malikat xanım böyüdür (Gələcəkdə öz nəticəsini, Ələsgər Ələkbərovun isə ilk nəvəsini – Nailənin oğlu Nazimi də o böyüdəcəkdi). Çünki artıq Hökümə Qurbanovanın vaxtı olmurdu. Artıq həyat yoldaşı onu da aktrisalığa cəlb etmişdi. Amma bir neçə ildən sonra məhz bu aktrisalığa görə, məhəbbətindən ayrılacağını əvvəlcədən bilmiş olsaydı, yəqin ki, bunu ömrü boyu etməzdi. Bəlkə elə nə vaxtsa bu hərəkətinə görə peşman da olub, kim bilir.
Evləndikdən sonra Ələsgər Ələkbərovu Gəncə teatrına dəvət ediblər. Çox da uzun olmayan bir müddətdə Ələsgər Ələkbərov Gəncə teatrında çalışdığı vaxt Hökumə Qurbanova da onunla birgə olub.
 
Hökümə xanım da Ələsgər Ələkbərov qədər sevilən, məşhur aktrisa olub. Hər ikisi cəmiyyətdə təkcə sənətləri ilə deyil, ictimai mövqeləri, vətəndaşlıqları ilə də  tanınıb, qəbul ediliblər. Ələsgər Ələkbərov Akademik Dram teatrında 1933-cü ildən çalışmağa başlayıb, həmin illər Hökümə Qurbanova onunla birgə bu teatrda çalışıb, amma yalnız xırda obrazlarda, teatrın aktyorluq ştatına Hökümə xanım 1938-ci ildə keçirilib. O vaxt artıq bu iki nəhəng aktyor ayrılmışdı. Sənət yoldaşlarının dediklərindən bəlli olur ki, hər ikisi Otello kimi qısqanc olub və hər ikisinin tamaşaçılar tərəfindən sevilməyi, pərəstişkarlarının bol olması digərinin qısqanclığına səbəb olurmuş. 
 
Ələsgər Ələkbərov çox qısqanc adam olub. Bəlkə, ona görədir ki, dünya ədəbiyyatının qısqanclıq simvolu Otellonu bu qədər istedadla yarada bilib. Dövrünün sevilən və qibtə doğuran cütlüyü beləcə ayrılmalı olub. Bu nikahdan ailənin Nailə adlı qızı qalıb. 
 
Sonradan Hökümə Qurbanova Nüsrət Fətullayevlə evlənib. Ələsgər Ələkbərov isə bir neçə ildən sonra ikinci evliliyə imza atır. Getdiyi şəhərlərin birində Zoya adlı qadına vurulur, qadın da ona. Nəticədə Ələsgər Ələkbərov bu qadınla evlənib onu  Bakıya gətirir. Beləcə, ikinci dəfə ailə həyatı qurur. Bu evlilikdən isə oğlu Ramiz dünyaya gəlir.  Az vaxtdan sonra ondan da ayrılır. Axı çox çətin xasiyyəti vardı Ələsgər Ələkbərovun. Qısqanc, tələbkar, şıltaq idi. Onun bütün “kaprizlərinə” dözmək üçün gərək həddən artıq çox sevəydi onu həyat yoldaşı. Düzdür, onu sevən qadınlar çox idi. Hələ indi də onun gözəl gözlərindən, uca boyundan, gur səsindən, şux qamətindən heyranlıqla danışanlar var... Qohum-əqrəbada da onunla ailə qurmaq istəyən o qədər qadın vardı ki. Ailə qurmaq bir tərəfə onunla bir yerdə olmaq, söhbətləşmək üçün nədən keçməzdilər?! 
 
Ələsgər Ələkbərov üçüncü dəfə də bəxtini sınayır və ailə qurur. Bu dəfə artıq ömürlük. Üçüncü həyat yoldaşı Janna uşaq kimi qulluğunda dururdu. Nə desəydi, hamısı canla-başla bir dəqiqəyə hazır olurdu. Onun bütün xasiyyətini, bütün şıltaqlıqlarını səbrlə, dözümlə qəbul edirdi. Yəqin elə buna görə də bu evlilik uzun ömürlülüyü ilə digərlərindən fərqləndi, lakin bu evlilikdən Ələsgər Ələkbərovun övladı olmadı. Çünki o zaman artıq baba olmağın şirinliyini duymuşdu. İlk nəvəsi dünyaya gəlmişdi. (Qızı Nailə akademik Spartak Əliyevlə ailə həyatı qurmuşdu). O qədər çox sevinirdi ki, göylərdə uçurdu sanki. Baba adı ilə bütün dünyanı ona vermişdilər. Elə o böyük sevgidən də dostu Nazim Hikmətin şərəfinə nəvəsinin adını Nazim qoyur. 
 
Ayrılandan sonra hər ikisi böyük sənətkar olan Ələsgər Ələkbərovla Hökümə Qurbanova uzun illər bir-biriylə küsülü qalıb danışmayıblar. Yalnız birinci dəfə “Qış nağılı” tamaşasında Hökümə Qurbanovanın bir neçə dəqiqə tərpənmədən buza donmuş heykəl kimi dayandığı o məşhur və gözəl obrazını görəndə Ələsgər Ələkbərov tamaşadan sonra ona – keçmiş həyat yoldaşına yaxınlaşıb “sənətkarlığın, aktyorluğun qarşısında baş əyirəm” - deyir. Beləcə neçə illik küsülülüyə son qoyulur və iki sənətkar barışır. Hətta nə vaxtsa eyni tamaşada tərəf müqabili olaraq çıxış etməyə də qərar verirlər. Ancaq ömür vəfa etmir. 
 Beləliklə,   Ələsgər Ələkbərov o vaxtkı Azərbaycan Akademik Dram Teatrına gələndə teatrda çox böyük aktyorlar çalışırdı. Teatrın həyatı çox zəngin və qaynar idi. Mərziyə Davudova, Abbas Mİrzə Şərifzadə, Kazım Ziya, Ülvi Rəcəb, İsmayıl Hidayətzadə, Sidqi Ruhulla, Mirzəağa Əliyev, Rza Təhmasib kimi sənətkarlar, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi güclü dramaturqlar çalışırdı. İlk baxışdan Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb işləyən teatrda yeni nə demək olardı ki... Bir müddət onları səhnədə görən, tamaşalarına baxan Ələsgər Ələkbərov, görünür onlardan nə isə öyrənməyə gecikmədi, əksinə tələsdi və çalışdı ki, bu sənətkarlardan teatrın “sirlərini” öyrənsin. Bəlkə, elə ona görə də Abbas Mirzə Şərifzadə və Ülvi Rəcəb 1937-ci il in mənfur repressiyalarının qurbanı olduqdan sonra Dram Teatrında onların yeri göründü, amma boş qalmadı. 
 
1938-ci ildə “Vaqif” tamaşasından sonra Dram Teatrının səhnəsində adını çəkdiyim sənətkarlar səviyyəsində daha bir aktyor vardı - Ələsgər Ələkbərov.
“Azərbaycanfilm”də bu böyük sənətkar elə də çox çəkilməyib. Cəmi beş filmdə əsas rollarda olub. Hər biri tamaşaçının yaddaşında qalan obrazlardır. İlk film “Kəndlilər” filmidir. Onun ardınca yaddaşımın küncündən “Fətəli Xan” gəlir. “Ögey ana”, “Uzaq sahillərdə” və nəhayət, “Böyük dayaq”. 
 
Nəhənglərin dostluğu da nəhəng olur, umu-küsüsü də 
 
Tuqanovdan sonra Dram Teatrına Adil İsgəndərov rejissor gəlmişdi. Moskva Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsini bitirib gələn ilk milli kadr idi. Ona teatra milli kadrlar toplamaq göstərişi verilmişdi. Adil İsgəndərovun görüb bəyənib, rol verdiyi ilk milli kadrlardan biri Ələsgər Ələkbərov olub.
 
Ələsgər Ələkbərovun bu teatrda oynadığı rollar, sənət uğurları rejissor Adil İsgəndərovun fəaliyyəti ilə sıx bağlıdır. Milli Dram Teatrının səhnəsində Ədil İsgəndərovun quruluşunda Ələsgər Ələkbərov Mirzə İbrahimovun “Həyat” (Akif və Süleyman), Səməd Vurğunun “Vaqif” (Vaqif), “Xanlar” (Xanlar), Fərhad və Şirin” (Fərhad), Mehdi Hüseynin “Nizami” (Əbdək), “Cavanşir” (Cavanşir), Cəfər Cabbarlının “Aydın” (Aydın), “1905-ci ildə” (Salamov), İlyas Əfəndiyevin “Bahar suları” (Alxan), Rəsul Rzanın “Vəfa” (Minnətov), Cabbar Məcnunbəyovun “Yanar dərə” (Sultanov), Şirvanzadənin “Namus” (Barxudar), Nazim Hikmətin “Türiyədə” (aparıcı-müəllif), Ənvər Məmmədxanlının “Şərqin səhəri” (Orcenikidze), Şeksprin “Otello” (Otello) əsərlərinin tamaşalarında əsasən baş rollarda çıxış edib. 
 
1949-cu ilə qədər Ələsgər Ələkbərov əslində sənət yolunda böyük uğuruna və perfomansına yol gəlib. Onun keçdiyi yaradıcılıq yoluna nəzər salanda adam elə gəlir ki, Ələsgər Ələkbərovun Otelloya qədər oynadığı bütün rollar, hətta çox böyük uğur qazandığı Vaqif obrazı belə Otelloya  doğru cığırlar, yaxud məşq prosesi imiş. Ələsgər Ələkbərov indiyə, yəni Otello obrazını oynayana qədər demək istədiklərinin hamısını toplum şəklində elə  bir obrazla deyib, öz tamaşaçısına çatdırıb. Bu “söz” həm də Ələsgər Ələkbərovun sənətinə vurduğu möhürdür. 
 
1949-cu ilin may ayının 6-da Adil İsgəndərov Cəfər Cabbarlının tərcüməsində V. Şeksprin dünyamiqyaslı “Otello” faciəsinə quruluş verib.   
Ələsgər Ələkbərov Otello rolu ilə ilk dəfə Gəncə teatrında tanış olmuşdu. Məşqə başlamışdı, ancaq Bakıya böyük tetra  gəldiyindən iş yarımçıq qalmışdı.  
Gənc aktyorun Otello yanğısı o vaxtdan içində qalmışdı. Otello arzusu onu rahat buraxmayıb, daim bu obraz haqqında düşünür, onun üzərində məşq edirmiş. Dram Teatrının səhnəsində Şeksprin digər əsərlərində oynadığı  - Maqduf   “Maqbet”, Tibalt “Romeo və Cülyetta”, Lir “Kral Lir” kimi obrazlar onun Otelloya olan məhəbbətini bir az da alovlandırıb. 
 
Nəhayət, Otello obrazını Adil İsgəndərov Ələsgər Ələkbərova tapşırıb.  
1949-cu ildə ilk tamaşada Ələsgər Ələkbərov sonradan Otello ilə qazandığı uğuru, fəth etdiyi zirvəni tapa bilməmişdi. Zaman keçdikcə, aktyor rolun üzərində işlədikcə öz obrazını püxtələşdirib və yüksəkliyi çatıb. Resenziyalardan birində yazılıb: “Onun Otellosu mərdanə, xeyirxah, cazibədar və sadəqəlbli idi. İnsana hədsiz məhəbbət: onun əsas cəhəti bu idi”. 
 
1959-cu il aprel ayının 25-də Adil İsgəndərov “Otello” tamaşasını yeni quruluşda tamaşaya hazırlayıb. Yenə Otellonu Ələsgər Ələkbərov oynayıb. 
1959-cu ildə Moskvada keçirilən ongünlükdən sonra qəribə bir hadisə baş verib. Bu barədə mənbələrdə müxtəlif fikirlər söylənilir. Yəni fikrilər haçalanır. Moskvada keçirilən ongünlük sona çatandan sonra  Azərbaycandan gəlmiş incəsənət xadimlərinə ittifaq səviyyəli fəxri adlar verilir. Rəşid Behbudov, Qəmər Almaszadə,  Leyla Vəkilova SSRİ Xalq artisti fəxri adını alırlar. Gözlənildiyinə görə, Akademik Dram Teatrının payına düşən fəxri ada isə Ələsgər Ələkbərov layiq görülməli idi, ancaq həmin ad ona deyil, dostu və rejissoru Adil İsgəndərova verilir. Bu hadisə Ələsgər Ələkbərova bərk toxunur və o, qəlbindəki incikliyi dəf edə bilmir. Bakıya qayıdandan sonra teatrdan çıxmaq barədə mədəniyyət naziri Məmməd Qurbanova ərizə yazır. Nazir ərizəyə etiraz cavabı versə də, o, teatra qayıtmır. 
 
Adil İsgəndərovla Ələsgər Ələkbərovun arasına düşən bu soyuqluqdan onların yaradıcılıq dostluğundan şəxsi dostluğa çevrilən və 24 il idi ki, davam edən dostluqlarını gözü götürməyənlər istifadə etməyə başlayırlar.  İki dostun birindən  o birinə söz gəzdirib ara qarışdıranların çırağına neft tökən onların küsülü olması olur. Azərbaycan Dövlət Filarmoniyasında müxtəlif konsertlərin, gecələrin aparıcısı kimi çalışan Ələsgər Ələkbərov teatrsız və Adil İsgəndərov kimi dostsuz ağır günlər keçirirdi, amma geri qayıtmırdı. Adil İsgəndərov da güvəndiyi dostunun ondan bədgüman olmasını ona keçib geri dəvət etmirdi. Əslində, Adil İsgəndərovun özünün də teatrdakı vəziyyəti ürək açan deyildi. Hələ dünən SSRİ Xalq artisti fəxri adını ona verən, onu bu ada layiq bilən  hökümətdəki aidiyyatı olan qurumlar Adil İsgəndərovun teatrdan uzaqlaşdırlması ilə bağlı hökm vermişdilər. Dram teatrının yeni binaya köçürülməsinə, o binanın teatr üçün əlverişsiz olduğunu, akustik olmadığını deyən baş rejissorun sözünü dinləmək əvəzinə, onu uzun illər idi ki, qurub – yaratdığı teatrdan uzaqlaşdırmağa üstünlük vermişdilər. 
 
Ələsgər Ələkbərov isə yaradıcılığının elə bir dövründə idi ki, daim inkişafda olmaq istəyirdi, yaradıcılıqda tənəzzül onu məhv edə bilərdi.  Teatrdan sakitcə getməyə qərar verəndə düşünmürdü ki, kənarda onun depressiyası bir az da artacaq. Aktyor sudan çıxarılmış balıq kimi çapaladığını hiss edirdi. 
Ələsgər Ələkbərov fəxri ad almamasının günahkarı Adil İsgəndərovu hesab edirmiş. İsgəndərov - Ələkbərov umu-küsüsü Azərbaycan teatrına baha başa gəlib. Bunu sonralar onların hər ikisi etiraf edib. 
 
Ələsgər Ələkbərovun teatrı tərk etmə səbəbi ilə bağlı fərziyyələrdən biri də onun çalışdığı illər ərzində həmişə rol üzərində işləməyə adətkarda olduğuna, ancaq son vaxtlar istədiyi obrazı tapmadığına və bu səbəbdən sarsıntı yaşaması olub. Aktyor müsahibələrindən birində deyir: “Bəziləri əsəri lazımi qədər başa düşmədən, onun nə demək istədiyini fikirləşmədən onu xarici hərəkətlərlə, mimika ilə, yersiz olaraq əl – qol atmaqla, süniliklə gözəlləşdirmək istəyir. Bu, nəinki müvəffəqiyyət qazanmır, həm də oyuncaq olur. Tamaşaçıya heç bir təsir bağışlamır”.
 
Bu açıqlamasından bəlli olur ki, aktyoru daha teatrdakı mühit, yaradıcılıqda baş verən aşınmalar qane etmir. Tərəf-müqabillərinin obraza, əsərə, öz işlərinə soyuq münasibəti ona təsir edir, belə mühitdə qalıb işləmək istəmir. 
 
Aktyor həyatın dinamikasını teatra gətirmək istəyir, amma ətrafda onu anlayan mühit, rejissor, teatr rəhbəri tapılmır. Hər halda, Ələsgər Ələkbərov bu düşüncələrlə depressiv vəziyyətə düşür. 
 
Vaqifi, Otellonu, Xanları, Fətəli xanı, Elxanı, Fərhadı, Alxanı yaradan sənətkar sonrakı repertuarındakı dramaturji materialdan, obrazlarından razı qala bilmirdi, ona bu materiallar zəif gəlirdi. Otellodan sonra ondan daha yüksək bir obraz oynamaq yanğısı ilə yanırdı, amma ona təklif olunan rollar Otellodan qat-qat aşağı səviyyəli olurdu. 
 
Sənət dostlarının söhbətlərinə görə, onların arasında inciklik hələ “Vaqif” tamaşasından əvvəl də varmış Hətta Adil İsgəndərov küsülü olsalar da Vaqif rolunu Ələsgər Ələkbərova verəndə teatrda hamı bunu təəccüblə qarşılayıb. Onların təəccüb dolu baxışlarına Adil İsgəndərov bir kəlmə ilə - qada, mən ondan başqa Vaqif görmürəm – deyə cavab verib.
 
Bu tamaşadan sonra məşhurlaşan Ələsgər Ələkbərov düşmən olduğu Adil İsgəndərov haqqında “On sozdal menya” deyirmiş.
Azərbaycan teatrına onlarla rejissor və aktyor nəsli bəxş edən sənətkar Adil İsgəndərov milli teatrın yeni binaya köçürülməsinə razı olmur, yeni bina akustikasız olduğundan böyük teatr üçün yaramır-deyir. Eşitmirlər onu. Sənətkar həqiqəti izhar etdiyi üçün incidilir və nəticədə sözünü geri götürmədən teatrı tərk etməli olur. 1966-cı ildən başlayaraq “Azərbaycanfilm” kinostudiyasına rəhbərlik etməyə başlayır. Həmin illərdə ondan soruşurlar ki, bu illər ərzində teatrsız necə qala bilirsiniz? Cavabında “Dişimi-dişimə sıxıb dözürəm” deyir.
 
1960-cı ilin sonunda Ələsgər Ələkbərov teatra qayıdıb və o, sonralar  “İsgəndərovsuz teatr həmin teatr deyil”  deyərək öz fikrini və təəssüfünü hər yerdə bildirib.
Ələsgər Ələkbərov teatra qayıtdıqdan sonra üç ilə qədər, yəni ömrünün son günlərinədək burada çalışır. Aktyorun bu qayıdışını “Tamamlanmış əsərə əlavə son söz”, bəzən də “Son nöqtəsi qoyulmuş məktubun P.S. əlavəsi” də adlandırırlar.
 
Bu son üç ildə onun həyatında mühüm hadisələr baş verir. Doğrudur, həmin müddətdə yalnız bir tamaşada oynayır. Bu, Mehdi Məmmədovun hazırladığı “Alov” tamaşası idi. Aktyor ənənəsinə sadiq qalaraq buradakı müstəntiq Kamalovun rolunu da böyük məharətlə yaradır.
 
1962-ci ilin sonlarında  Hüseyn Cavidin “Səyavuş” əsəri Dram Teatrında tamaşaya qoyulanda Ələsgər Ələkbərov o rolu oynamaqdan imtina etmişdi. Bu obraz üçün yaşlı olduğunu demişdi: “Qoy, onu gənclər oynasın”. Görünür, rejissor aktyora təkidlə bu obrazı oynamağı xahiş edib. “Səyavuş”un məşqlərində aktyor paralel olaraq həm də “Böyük dayaq” filminin son çəkilişlərinə gedirdi. Üstəlik başındakı və ürəyindəki ağrılar, sancmalar onu çox narahat edirmiş. 
 
Sənət yoldaşı Leyla Bədirbəyli öz xatirələrində Ələsgər Ələkbərov haqqında yazır: “Bir qüdrətli sənətkar kimi ona qarşı çox haqsızlıqlar olmuşdu. Son vaxtlar xəstələnmişdi, tez –tez ürəyindən şikayət edirdi. Təəssüf ki, buna inanan çox az idi.  Axşam “Alov” tamaşası olmalı idi. Tamaşaya iki saat qalmış xəbər gəldi ki, Ələsgər xəstələnib, həkimlər yataqdan qalxmağa icazə vermirlər. Teatra getdim, hamı həyəcan keçirirdi. Əlbəttə, hamıdan çox rejissor Mehdi Məmmədov narahat idi. Biletlər satılmışdı, tamaşanı təxirə salmaq olmazdı. Tamaşa başlandı. Kamalov rolunu Mehdi Məmmədov özü ifa etdi. Tamaşa normal getdi, amma məni narahat edən sevimli adamın xəstəliyi idi. Xüsusilə xəbis, dar düşüncəli, nankor adamların onun haqqında söz-söhbəti ki, guya qəsdən tamaşanı iflas etmək istəyir – fikirləri məni əsəbiləşdirirdi. 
 
Evə çatan kimi ona zəng vurdum. “Xəstədir, yataqdadır” –cavabını verdilər. Görünür, mənim zəng vurduğumu eşidib, dəstəyi aldı, ani sükutdan sonra zəif səsini eşitdim. 
 
- Olmasın azar, sənə nə oldu, gözə gəldin? – deyə zarafat elədim. 
 
- Az qala, getmişdim – dedi. 
 
- Bəsdi sən Allah, maşallah, şir kimisən – dedim.
 
Tamaşanın getməyindən xəbəri vardı. 
 
- Necə oldu? Tamaşaçı narazı qalmadı? –deyə soruşdu.
 
Aktyor təbiətinə bələd olduğum üçün – pis getmədi, amma sənin yerin görünürdü – deməli oldum. Birdən məndən – düzünü de, yəqin deyiblər naz eləyib gəlməmişəm, tamaşa dəyişsin, eləmi? – soruşanda bütün  eşitdiklərimin, gördüklərimin əksinə olaraq 
 
- Sən nə danışırsan? – dedim, bilirsən hamı necə məyus oldu? Bir səslə dedilər – tamaşamı yola vermək lazımdır, təki Ələsgər salamat olsun. Mehdi tamaşanı vəziyyətdən çıxartdı, amma hamımız dedik ki, Ələsgərin Kamalovu başqadır.  
 
Birdən səsi elə dəyişdi: “Leyla, deyirəm nə olaydı, həkimlər xəstələrə dava-dərman əvəzinə, bir dərman da yazaydılar. Saf duyğular, xoş diləklər, xeyirxahlıq və ən başlıcası, səmimiyyət insan qəlbinə ən yaxşı məlhəmdir. Allah insanların ürəyini mərhəmətlə, məhəbbətlə doldursun”. 
 
Ondan sonra heç bir söz deyə bilmədim. Vidalaşıb, xoş gecələr, cansağlığı arzuladım. İki gün sonra “Kirpi” jurnalında onun ünvanına layiq olmadığı yazını oxuyanda başıma od töküldü. “Ələkbərovun nazına görə minlərlə tamaşaçı narazı getdi” – yazılmışdı.
Az sonra Ələsgər Ələkbərov həyatından çox sevdiyi səhnəyə son dəfə görüşə - vida görüşünə gəlmişdi. Cənazə səhnəyə qoyulmuş, onun Vaqifi, Cavanşiri, Otellosu böyük sənətkarı son mənzilə yola salırdı. Allah, heç belə müsibət görməmişdim. Öz –zövqünə ağı deyən, lay-lay çalanların səsi bütün salonu titrədirdi. Beləcə səhnəmizin qartalı həyat səhnəsindən əbədi uçub getdi”. 
1963-cü il yanvarın 31-i səhər saat 6 radələrində böyük sənətkar  Ələsgər Ələkbərov dünyasını dəyişdi. 
 
Bəziləri kinoda oynadığı son obrazda -  “Böyük dayaq” filmindəki Rüstəm kişi obrazında onu başından vurub Kürə atdıqları zaman, həqiqətən zərbənin ağırlığından başından zədə aldığını deyirdilər, amma araşdırmalarımızdan məlum oldu ki, həmin kadrda onun başına vurulan ağac olmayıb, yumşaq material olub, ondan zədə alması mümkün deyil. 
 
Aktyor Rafiq Əzimovun dediklərinə görə, 1961-ci ildə SSRİ Xalq artisti adı alandan sonra həmin axşam Ələsgər Ələkbərov “Otello”nu oynayıb. Tamaşanın sonunda Otello yerə yıxılan zaman aktyor oyuna qapılıb özünü yerə möhkəm çırpıb və başı səhnənin döşəməsinə elə bir zərbə ilə dəyib ki, amfiteatrda əyləşənlər onun əks –sədasını eşidib: “Hamı özündən asılı olmayaraq heyrətlə ayağa qalxdı, elə bildik Ələsgərə nə isə oldu, pərdə dərhal bağlandı, sonra  baş əyməyə gələndə gördük gülümsəyir, amma o zaman başı zədə almışdı”.
 
Əslində Ələsgər Ələkbərova əziyyət verən ürəyi olub, həssas, ədalətsizliyə qarşı üsyankar ürəyi. Ələsgər Ələkbərovun tacir oğlu olması ona çox əziyyət verib.  Sovet vaxtı, xüsusən 30-cu illərdə və təkrar 50-ci illərdə onun da həyatında bu baxımdan çox  keşməkeşlər olub. Çətinliklər, qorxulu günlər, yuxusuz gecələr. Hər yeni tamaşanın premyerası olan gecə aktyorun gözünə yuxu getmirdi. Elə bu dəqiqə onu isti yatağından çıxarıb həbs edəcəkləri qorxusu ilə yaşayırdı. Qorxurdu ki, bəlkə hansısa hərəkəti, sözü Mircəfər Bağırovun xoşuna gəlməz, başına oyun açarlar. Repressiya havası ondan da yan keçməmişdi. Hər an onu apara bilərlər təhlükəsi vardı qəlbində.  O dövrlər hamı bu qorxu ilə yaşayırdı, günahı olan da, olmayan da. Əlbəttə bütün bu çətinliklər, qorxular, bəzən hətta haqsızlıqlar  ürəyə təsirsiz ötmür.
 
Ələsgər Ələkbərov 53 yaşında dünyasını vaxtsız dəyişəndə onu son mənzilə yola salmağa köhnə dostu Adil İsgəndərov da gəlir. Dərin kədər və düşüncələr içində.
 
Ələsgər Ələkbərov sənətində olduğu kimi dostluğunda, sevgisində də sədaqətli olub, xəyanətə barışmaz, soyuqluğa qarşı tez qırılan. Bütün varlığı ilə sevdiyi sənətindən ömrü boyu ayrılmayıb, son nəfəsinə qədər Dram teatrının səhnəsində tamaşalarda, məşqlərdə olub. Çox sevdiyi dostunu, yarını da bağışlamayıb (onların bir günahı olmasa belə), bütün qəlbi ilə bağlı olduqlarından tez qırılırsan və bağışlamaq çətin olur. Möhkəm xarakterli insanların və romantiklərin düşüncəsidir. Ələsgər Ələkbərov möhkəm xarakterli, romantik və qətiyyətli insan idi. 
 
Bəzən xarakter insanın taleyinə yansıyır, bəlkə də elə taleyi müəyyən edən insanın xarakteridir. Xarakter də genetik olur, xəstəliklər kimi. Məsələn, Ələsgər Ələkbərovun həyatdan cavan yaşlarında köç etməsi onun övladlarının da taleyində yaşanıb. Onlar da hər ikisi həyatdan tez və ürək xəstəliyi ilə köçüblər. Aktyorun İqtisad Universitetində işləyən qızı Nailə xanım da 62 yaşında ürək tutmasından vəfat edib. Hipertoniyadan əziyyət çəkən oğlu Ramiz isə 54 yaşında beyninə qansızma nəticəsində həyatdan köçür. İndi onun ailəsi İsraildə yaşayır. 
# 5248
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar