354
17:54
02 Avqust 2019

Naxçıvan hava limanında ikinci uçuş-enmə zolağı istifadəyə veriləcək

Naxçıvan Hava Limanının ikinci zolağının istismara verilməsi 2019-cu ilin sentyabr ayına planlaşdırılıb.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (AZAL) “ APA -Economics”ə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” QSC-nin Prezidenti Cahangir Əsgərov Naxçıvan Hava Limanında ikinci uçuş-enmə zolağının (UEZ) tikintisinin gedişi ilə tanış olublar.
AZAL Prezidenti Cahangir Əsgərovun sözlərinə görə, yeni zolaq beynəlxalq tələblərə uyğundur və Naxçıvanın Beynəlxalq Hava Limanında UEZ-lərdən biri təmir və texniki xidmət üçün bağlandığı təqdirdə aeroportun fasiləsiz işini təmin etməyə imkan verəcək.
Hava limanında aparılan işlər çərçivəsində uzunluğu 3300 metr, eni isə 60 metr təşkil edəcək asfalt-beton UEZ-in tikintisi nəzərdə tutulub. İkinci zolaq da mövcud uçuş-enmə zolağı kimi geniş füzelyajlı hava gəmilərini qəbul etməyə imkan verəcək.
Layihənin ümumi dəyəri 50 mln. manat təşkil edir.
Qeyd edək ki, sonuncu yenidənqurma zamanı Naxçıvan Beynəlxalq Hava Limanında iki yeni terminal – qərb və şərq terminalları işə salınmışdır. Aerovağzal ərazisində biznes zal, kafe və restoranlar, ana və uşaq otaqları, ilk tibbi yardım məntəqəsi və sərnişinlər üçün digər zəruri xidmətlər mövcuddur.