Əhali zibil qutularından şikayət etdi - BŞİH-dən <span style="color:red;">CAVAB
19 iyul 2019 16:31 (UTC +04:00)

Əhali zibil qutularından şikayət etdi - BŞİH-dən CAVAB

Bakı şəhəri Xətai rayonu Araz Novruzov küçəsi 8/2 ünvanının sakinləri ərazilərində qoyulan zibil qutularından şikayətçidirlər.
 
Bu barədə Lent.az-a sakinlərdən biri Cavid Qədirov məlumat verib. O bildirib ki, zibil qabları sözügedən ərazidə deyilənə görə, 30 il əvvəldən olub:
 
“Ancaq o vaxtdan davamlı işlər gedib, binalar ucalıb. İndi isə demək olar ki, 2 maşın yan-yana bu yoldan keçə bilmir, amma zibil qutularını burada saxlayırlar. Biz sakinlər olaraq təxminən 14 gün qabaq qutuları götürdük və başqa yerə apardıq. Sonra şikayət elədilər və dünən gördük ki, yenidən zibil qutuları qaytarılıb.
 
Burada 2 ərazi üzrə (66 və 102) sahə var. Şikayəti isə 66-dan ediblər. Gedib həmin qadınla da danışdıq, o isə dedi ki, sözügedən qutuların yerindən şikayət etməyib, sadəcə, yaşadığı yerə də zibil qutularının qoyulmasını bildirib.
 
Düşünün ki, bu qədər ərazidə zibil qutuları bir bizim yerdədir. Həmçinin qoyulan yer marketin yanıdır. Fotolardan da görünür ki, vəziyyət nə yerdədir. Burada antisanitar vəziyyət baş alıb gedir. Zibillər gec yığılanda isə iy, qoxudan pəncərələri belə aça bilmirik”.
 
C.Qədirov əlavə edib ki, bununla bağlı həm özü və ailəsi, həm də yerli sakinlər tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi olaraq müraciət ediblər.
 
Mövzu ilə əlaqədar Lent.az-a açıqlama verən Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat katibi İsrafil Kərimov bildirib ki, bu, tullantıları yığan qurumlar qarşısında duran ən ciddi problemdir:
 
 
“Xüsusilə mərkəzdən kənarda, qəsəbədə olan sakinlərin heç biri razı deyil ki, zibil qutuları onun hasarının kənarında olsun. Bəs bu zibil qutuları harada olmalıdır? Ona görə də müəyyən olunmuş yerlər var və sakinlərin həmin yerlərdən qutuları götürüb dəyişdirməyə icazələri yoxdur. 
 
Bu məsələ bizə daxil olub və bu barədə Xətai Rayon İcra Hakimiyyətinə məlumat göndərmişik. Bunu Xətai Rayon İcra Hakimiyyəti öz Kommunal Departamenti ilə müzakirə edərək, qərar qəbul edəcəklər”.
 
İ.Kərimov əlavə edib ki, sözügedən əraziyə ağzı bağlı konteynerlərdən qoyulacaq, ancaq həmin yeri sakinlər yox, dövlət qurumları müəyyən edirlər, bu səbəbdən də bunu nəzərə almaq lazımdır.
# 544
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar